Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Qüsl alarkən hədəsin çıxması [Qüsl əsnasında dəstəmazı pozan işin baş verməsi]

Sual : Əgər qüsl alan zaman kiçik hədəs baş versə qüslün hökmü necədir?
Cavab: Əgər qüsl zamanı “hədəsi-əsğər”, yəni dəstəmazı pozan bir iş baş verərsə bunun qüslə təsiri olmaz. Amma namaz və bu kimi işlər üçün dəstəmaz almaq lazımdır. .

Diyənin bölünmə üsulu [İrsə aid müxtəlif məsələlər]

Sual : Qətlə yetirilmiş şəxsin diyəsi onun əmlakı və irsinin bir hissəsi sayılırmı? Onun varislər arasında bölünməsi irs qanunlarına tabedirmi?
Cavab: Vəfat edənin nəsəbi və səbəbi varislərinin hamısına – ananın qohumları, məsələn, ana tərəfdən qardaş və bacı istisna olunmaqla – diyədən irs düşür.

Podratçı tərəfindən verilən diyə [Diyə ödəməyin metodu]

Sual : Fars körfəzi ətrafı ölkələrində fəaliyyət göstərən bəzi şirkətlərdə belə bir qanun mövcuddur ki, bu şirkətlərdə çalışan işçi və yaxud fəhlələr iş başında ikən qəza hadisəsi nəticəsində, məsələn, binadan yıxılaraq ölərsə, 30 milyon tümən məbləğində pul diyə olaraq vəfat etmiş şəxsin varislərinə ödənilir. Bu məbləğin hökmü nədir?
Cavab: Əgər sözü gedən diyənin ödənilməsi, fəhlə işə götürülən zaman şərt kimi qeydə alınmışdırsa, eybi yoxdur. Bu şərt işçi ilə bağlanan müqavilədə qeyd oluna, habelə oranın fəhlələrinin ürfündə ümumi qanun kimi işə götürülmənin ümumi şərtlərindən biri olaraq qəbul oluna bilər.

Diyə ödənməmişdən cinayətkarın ölümü

Sual : Bir şəxs qəza hadisəsində digər şəxsi öldürmüşdür. Məhkəmə qatilin diyə ödəməsi barədə qərar çıxarmışdır. Lakin qatil diyəni ödəməzdən öncə dünyasını dəyişmişdir. Sual budur ki, bu diyəni ödəmək onun varislərinə vacibdirmi?
Cavab: Diyə sair borclar kimidir və onu vəfat edən şəxsin malının əslindən (üçdə biri çıxılmazdan və vərəsələr arasında bölünməzdən öncə) ödəmək vacibdir.

Azyaşlının qəyyumunun diyə ilə bağlı hüququ [Diyəyə aid müxtəlif məsələlər]

Sual : Azyaşlı uşağın qəhri (qeyri-ixtiyari) qəyyumunun səlahiyyətləri mal-əmlak çərçivəsindədir, yoxsa ümumidir (qeydsiz-şərtsizdir)? Başqa sözlə desək, qəhri qəyyum can və üzv qisası haqqında öz qəyyumluq səlahiyyətindən istifadə edərək qatil və ya canini bağışlaya bilərmi? Yoxsa azyaşlı uşağın məsləhəti diyənin alınmasını tələb edir və qəyyumun onu almadan əvf etməyə haqqı yoxdur? Əgər can və üzv diyəsini almaq uşağın məsləhətinə müvafiqdirsə, qəyyum onu canidən alarkən öz hüquqlarından istifadə etməklə uşağın əmlak səhmini hətta öz mənafeyinə sərf edə bilərmi?
Cavab: Uşağın qəyyumunun səlahiyyətləri diyə və bu kimi hallara şamil olur. Amma uşağın məsləhətinə zidd olaraq diyə və sairi bağışlamağa, habelə ondan öz xeyrinə istifadə etməyə haqqı yoxdur.

Öldürülənin qan pulu [Can (ölüm) diyəsi]

Sual : Xahiş edirik, qətlə yetirilmiş şəxsin qan bahasını necə almaq lazım olduğunu izah edəsiniz.
Cavab: Diyə İlahi haqlardan biridir və şəriətin icazə verdiyi hallarda onu almağın heç bir maneəsi yoxdur. Baxmayaraq ki, bəzi hallarda əfv etmək (almamaq) daha yaxşıdır.

Azyaşlı uşağa silah verməklə törədilən qətl [Xəsarəti ödəmək]

Sual : Bizim yaşadığımız məntəqədə belə bir adət var ki, hər məhəllənin əhalisi istirahət və müxtəlif bayram günlərində istirahət etmək və təlim görmək üçün güllə atmaq yarışları təşkil edirlər. Təəssüflər olsun ki, bu yarışların birində bir şəxs başqasının “Kalaşnikov” avtomat silahını həddi-buluğa çatmayan bir (12-13 yaşında) oğlan uşağına tapşırır və ətrafda olanlar “silahdan və oğlandan muğayat ol!” – deyə xəbərdarlıq etsələr də, o, tamamilə gözü uşağın üstündə olduğunu deyib, ona təlim verməyə davam edir və “belə et, belə tut” – deyə göstərişlər verir. Oğlan uşağı da onun göstərişləri üzrə əməl edir. Lakin silah ”avtomat” düyməsinin üstündə olduğuna görə uşağın əlindən çıxaraq təlimçiyə dəyir və onu qətlə yetirir. Bu halda: 1) Uşağın valideyninin icazəsi olmadan qətlə yetirilmiş təlimçinin bu və ya digər şəkildə silahı ona tapşırmağa ixtiyarı var idimi? 2) Qətlə yetirilmiş şəxsin özü öz qətlində köməkçi və yaxud bilavasitə səbəbkar şəxs sayılır, yoxsa həm köməkçi və həm də bilavasitə səbəbkar (və yaxud da heç biri) sayılır? Qətlə yetirilmiş şəxsin diyəsi konkret kimin öhdəsindədir? 3) Əgər diyə ”aqilə”nin (oğlanın qohumlarının) üzərinə düşürsə, atanın varlığı ilə digər qohumlara da şamil olurmu? Bundan əlavə diyənin aqilə (qohumlar) arasında hansı formada bölünəcəyini də izah etməyinizi xahiş edirik.
Cavab: 1) Onun belə bir iş görməyə haqqı yox idi. 2) Əgər silahı belə bir uşağa tapşırmaq ürf və cəmiyyət içində təhlükəli iş sayılırsa, təlim edən şəxs bu işi gördüyünə görə məsuliyyət daşıyır və ölən onun özüdürsə, diyəsi yoxdur. Əks halda isə diyə aqilənin öhdəsinə düşür. 3) Ehtiyat budur ki, diyəni ödəməkdə ata da iştirak etsin. Amma digərlərinin iştirak etmələri qəti və şübhəsizdir. Diyə məbləğinin onlar arasında bölünməsi onların imkanları əsasındadır. Diyə məbləğini özləri ödəməlidir, ixtilaflı hallarda isə şəri hakimin köməyi ilə öz aralarında bölməlidirlər.

Qan sahiblərinin qisas və diyədə payı [Qisasın müxtəlif məsələləri]

Sual : Qəsdən adam öldürmə hallarında ata razılıq verib diyə tələb edirkən, babası bununla razılaşmasa və qisas alınmasını tələb etsə, onların hansının tələbinə üstünlük verilməlidir?
Cavab: Ata varkən növbə babaya çatmır.

Diyə növünün təyini [Diyə ödəməyin metodu]

Sual : Cinayətkar diyəni ödəyərkən, onun növünü müəyyən etmək diyə verənin öhdəsinədir, yoxsa diyə alanın?
Cavab: Hökmün qisasa əsaslandığı hallarda diyənin növünü müəyyən etmək iki tərəfin razılığı ilə olmalıdır.

Diyə bütün insanlar üçün eynidir [Can (ölüm) diyəsi]

Sual : Əgər qətlə yetirilən şəxsin ölümü, onun evdə və ictimaiyyət içində olmaması ailəsindən əlavə, hansısa qrupa və ya sualda fərz olunduğu kimi bir cəmiyyətə həm maddi, həm də mənəvi ziyan vurarsa, təkcə ailəsinin yanında olmadığına görə dəyən maddi zərəri ödəmək üçün öncədən təyin olunmuş diyənin miqdarına əlavə etmək olarmı? Çünki, ailəsindən başqa bir qrup insan və ya cəmiyyət də onun ölümündən zərər çəkmişdir.
Cavab: Fərdlər arasında fərqlərin mövcud olmasına baxmayaraq müqəddəs şəriət hamı üçün eyni məbləğdə diyə nəzərdə tutmuşdur (qadın – kişi və bu kimi halları istisna etməklə). Səbəbi də bu ola bilər ki, aydın meyarlar olmadan, onların arasındakı fərqi qəbul etmək ictimaiyyət içində saysız-hesabsız çəkişmə və mübahisələrə səbəb ola bilər ki, bunun da ziyanı faydasından artıq olacaqdır.

Qadağan olunmuş güclü elektrik cərəyanından ölüm [Xəsarəti ödəmək]

Sual : Peşəsi qaynaqçılıq olan şəxs binanın qaynaq işlərini əvvəldən axıra kimi öz üzərinə götürərək sahibkarla müqavilə imzalasa və podratçı qaynaq işləri üçün istifadəsi işıq idarəsi tərəfindən qadağan olunmuş, küçədən keçən yüksək gərginlik naqilindən istifadə edərsə və bu da elektrik qəzası ilə nəticələnərək qaynaqçının ölümünə səbəb olarsa, bu halda sahibkar müqəssirdir, yoxsa eyni zamanda podratçı olan qaynaqçının özü?
Cavab: Burada qaynaqçı təqsirkardır.

Diyənin hüquqi mahiyyəti [Diyəyə aid müxtəlif məsələlər]

Sual : Diyənin hüquqi mahiyyəti nədən ibarətdir? Diyə şəriətdə zərərçəkən şəxsə dəyən ziyanı ödəmək və ya canini cəzalandırmaq deməkdir? Dəyən xəsarət diyənin miqdarından artıq olarsa, onu cinayətkardan tələb etmək olarmı?
Cavab: Diyə dəymiş maddi ziyanı bərpa etmək mənası daşıyır. Dəymiş ziyanı ödəyərkən müalicə üçün diyənin məbləğindən artıq xərcləməli olsa, yuxarıda deyildiyi kimi, ehtiyat vacib budur ki, cinayətkar şəxs əlavə xərci ödəsin. (Zərəri ödəmək üçün minimum məbləğdən artıq ödəməməlidir.)

Məhkəmə və müalicə xərclərinin cinayətkardan alınması [Diyəyə aid müxtəlif məsələlər]

Sual : Cinayətkar şəxsin diyədən başqa zərərçəkənə – vurulan xəsarətlər nəticəsində – dəyən sair zərərləri də ödəməsi lazımdırmı? Məsələn, məhkəmə xərcləri və iş-gücündən qalmağına görə dəyən ziyanlar və s.
Cavab: Cinayətkar şəxs (şəriətdə) nəzərdə tutulan diyədən artığına şəriət baxımından zamin deyil, lakin müalicə xərcləri diyədən artıq olarsa, ehtiyat vacib artıq xərci ödəməkdir.

Diyəni bağışlamaq [Diyəni bağışlamaq]

Sual : Diyəni almaq İlahi göstərişdir, yoxsa onun bir miqdarını bağışlamaq da olar?
Cavab: Diyəni alan şəxs öz haqqının hamısını və ya onun bir hissəsini bağışlayıb güzəştə gedə bilər. Lakin şəri hakimin onda heç bir dəyişiklik etməyə haqqı yoxdur, habelə cani də belə bir haqqa malik deyil.

Zərərçəkmiş şəxsin diyəni bağışlaması [Diyəni bağışlamaq]

Sual : Zərər çəkən şəxs öz ölümündən qabaq diyəni tamamilə caniyə bağışlaya bilərmi?
Cavab: Əfvin caiz olması istisna olunmur, lakin ehtiyat budur ki, müsalihə edib razılığa gəlsinlər.

Dirhəm və dinar əvəzinə mal-qara [Diyə növləri]

Sual : Ekspertlərə, habelə qızıl-gümüş alğı-satqısı ilə məşğul olanlara şəri dirhəm və dinar haqda müraciət etməklə onun qiyməti və dəyəri barəsində araşdırmalar heç bir nəticə vermədi. Sual budur ki, 1000 dinarı və ya 10000 dirhəmi 1000 baş qoyun və ya 200 baş qaramal, yaxud da 100 baş dəvə ilə müqayisəli şəkildə dəyərləndirib, onu mövcud vahidlə, məsələn, qoyun və ya dəvə ilə ödəmək caizdirmi?
Cavab: Adi və orta səviyyəli 200 dəst paltarın qiymətini hesablayıb vermək olar. Çünki “hullə” libas mənasındadır və onun Yəmən malı olması da şərt deyil. Habelə, dirhəm və dinarın əvəzinə qoyun, inək və dəvədən də istifadə etmək olar.

İnflyasiya zamanı diyə formaları [Diyə növləri]

Sual : Həzrət ustadın diyənin altı növü barəsində olan rəyini soruşmaq istəyirik. Birincisi budur ki, onların dəyərləri arasında uyğunluğa riayət etmək lazımdırmı? İkincisi, bu növlərdən birini qiymətinin ən aşağı həddinə düşdüyü təqdirdə onu seçmək olarmı? Hal-hazırda məhkəmələrdə adətən (diyə kimi) gümüş təyin olunur və “ödəniş günü“nün qiyməti bazar məzənnəsi ilə müəyyən olunaraq ödənilir ki, bunun da diyənin digər növlərinin dəyəri ilə heç bir uyğunluğu yoxdur. Onun dəyərinin gələcəkdə aşağı düşməsi ehtimalı da mövcuddur. Sualımız budur ki, dəyərinin tamamilə aşağı düşdüyü təqdirdə gümüş növünün təyin olunması və on min dirhəm gümüş ödənilməsi səhihdirmi? Qiymətin aşağı düşməsi hansı dərəcəyə kimi qəbul oluna bilər?
Cavab: 1) Hal-hazırda gümüşün qiyməti həddindən artıq aşağı düşdüyünə görə ehtiyat vacib budur ki, gümüş təyin olunmasın. Qızıl təyin olunarsa, 750 adi misqala bərabər olan 1000 şəri misqal kifayətdir və qızılın mütləq 18 əyarlı qızılla hesablanması vacib deyil. Belə ki, dövriyyədə olan bundan aşağı əyarlarla da hesablaya bilərsiniz. 2) Gümüşün dəyəri çox aşağı düşsə, şübhəsiz ki, diyə ödəmək üçün kifayət (səhih) deyil.

Qeyri-qanuni aborta görə diyə [Salınmış uşağın diyəsi]

Sual : Qadın şəri baxımdan qeyri-qanuni yolla hamilə olmuş, sonra bətnindəki uşağı saldırmışdır: 1) Uşağın diyəsi varmı? 2) Diyəsi varsa, kimə çatmalıdır?
Cavab: Ehtiyat vacib, 800 dirhəm miqdarında diyə ödəməlidir. Uşaq kamil olsa, (sözü gedən uşağın böyüyüb həddi-buluğa çatdığı və İslam dinini qəbul etdiyi təqdirdə, kamil diyəsi olacaqdı) onun diyəsi yalnız imama və ya imamın naibi olan cameüş-şərait müctəhidə çatacaqdır ki, müsəlmanların məsləhəti üçün sərf edilsin. Bu uşaq yaşasaydı, evlənib uşaq sahibi olsaydı, diyəsi onun həyat yoldaşına və övladlarına çatacaqdı.

Aborta görə qisas yoxdur [Qisasın şərtləri]

Sual : Hamilə qadın uşağını saldırmaq üçün həkimə və ya mama həkiminə müraciət etsə, o da (bu işin haram olması haqda) məlumatı ola-ola, qəsdən uşağı abort etsə, uşağa ruh verildiyi təqdirdə ondan qisas alınmalıdır, yoxsa onun boynuna kamil diyə düşür?
Cavab: Bətndəki uşaq kamil olsa belə onun qəsdən öldürülməsinə görə diyə düşür, qisas alınmır. Çünki əvvəla, qisasın ümumi dəlilləri bətndəki uşağa şamil olmur. İkincisi, bətndəki uşaq diyəsinə aid fəsildə nəql olunan müxtəlif hədislərdə elə ifadələr mövcuddur ki, ya birmənalı şəkildə qəsdən adam öldürməni və yaxud istər qəsdən, istər səhvən və ehtiyatsızlıq üzündən adam öldürməni çatdırır. Sözü gedən halların hamısında açıq-aydın diyə düşdüyü qeyd olunmuşdur. Üçüncüsü, əgər bunun hansı qisimdən olmasında şübhə olduğunu fərz etsək, “hədd (cəza) və qisas tudrəu biş-şübəhat” (mövzuda şübhə olan zaman cəza tətbiq olunmur). (Burada “Dər” qaydası nəzərdə tutulur). Xüsusilə də bətndəki uşağa aid olan fəsildə görkəmli fəqihlərin arasında nadir hallardan savayı, qisasın caiz olmasına dair fitva görünməmişdir.

Abortun diyəsi [Salınmış uşağın diyəsi]

Sual : Bağlanan (mayalanan) nütfəni (spermanı) tələf etməyin, habelə uşağı saldırmağın diyəsi nə qədərdir?
Cavab: Yalnız (mayalanmış) nütfə olsa, 20 şəri misqal qızıl (20 dinar), bağlanmış (laxta) qan şəklində olsa 40 misqal (40 dinar), müzğə (ət) şəklində olsa 60 misqal (60 dinar), ətsiz sümük şəklində olsa 80 misqal (80 dinar), əgər kamil uşaq olsa, amma ruhu və hərəkəti olmasa 100 misqal qızıl (100 dinar) və ona ruh verildiyi təqdirdə isə 1000 misqal (1000 dinar) oğlan uşağı üçün və 500 misqal (500 dinar) qız uşağı üçün diyə verilməlidir. (Şəri misqal dedikdə 18 noxud nəzərdə tutulur ki, bu da dövriyyədə olan misqalın dörddə üçü deməkdir.)

Cinsiyyəti aydın olmayan rüşeym [Salınmış uşağın diyəsi]

Sual : Ana bətnində olan uşaq (rüşeym) salınmışdır. Amma uşağın oğlan və ya qız olması məlum deyil. Onun diyəsi nə qədərdir?
Cavab: Uşaq kamil olmuş, amma hələ ona ruh verilməmişdirsə, diyəsi 100 dinardır. Cinsiyyətinin qız və ya oğlan olmasının fərqi yoxdur. Ruh verildiyi təqdirdə isə oğlan uşağı üçün 1000 dinar, qız uşağı üçün 500 dinar və (cinsiyyəti) şübhəli olan hallarda isə 750 dinar verilməlidir.

Çanaq sümüyünün sınması [Bədən üzvlərinin diyəsi]

Sual : Avtomobil başqa maşınla toqquşmuş və sürücünün çanaq sümüyü sınmışdır. Müalicədən sonra sınan yer sağalsa da, sol ayağı 3 sm qısalmışdır. Habelə, zərərçəkən hadisə nəticəsində öz nəcisinin qarşısını ala bilmir. Bu xəsarətlərin diyəsi müqəddəs İslam hökmlərinə uyğun olaraq nə qədərdir?
Cavab: Əgər nəcisi saxlamaq qüvvəsi tamamilə aradan getmişdirsə, buna görə bütöv diyə ödənilməlidir. Sınmış çanağın diyəsində isə ekspertlərə müraciət etməklə onun naqisliyinin faizi müəyyən olunmalı və tamam diyə ilə müqayisədə həmin miqdar ödənməlidir. (Onun neçə faizi aradan getmişdirsə, ona mütənasib şəkildə ödənməlidir.)

Uşağın fiziki tənbeh olunması [Övlad]

Sual : Ata və yaxud ana öz uşağını tərbiyələndirmək üçün və yaxud hirslənib vursa və vurduğu yer qaralsa, göyərsə və ya qızarsa, diyəsi varmı?
Cavab: Diyəsi var.

Qəza nəticəsində dalağın parçalanması [Bədən üzvlərinin diyəsi]

Sual : Avtomobil qəzasında xəsarət almış vətəndaş, zahiri cəhətdən heç bir zədə almasa da daxildə dalağı partlamış, operativ müdaxilə ilə dalağı çıxarılmışdır. Sözü gedən bu xəsarət caifə xəsarətinin nümunəsi sayılır? Ona diyənin üçdə biri düşür?
Cavab: Ehtiyat budur ki, öz aralarında müsalihə (razılaşma) etsinlər.

İnsan ölümündə bir neçə amilin müdaxiləsi [Can (ölüm) diyəsi]

Sual : Dava-dalaş zamanı tərəflərdən birinin qəsdən vurduğu zərbə nəticəsində zərərçəkənin kəllə sümüyü sınmış və beyninə qan sızmışdır. Xəstəxanada onun başında cərrahiyyə əməliyyatı aparılmış və təxminən iki həftədən sonra həzm sistemində qanaxma baş vermişdir. Buna görə də yenidən (on iki barmaq bağırsaqda qanaxmanın qarşısını almaq üçün) cərrahiyyə əməliyyatı aparılmış və bu əməliyyatdan sonra xəstə müalicə həkiminin icazəsi olmadan – öz yaxınlarının razılığı ilə xəstəxanadan çıxarılmış və digər xəstəxanaya köçürülmüşdür. İki gündən sonra o, həmin xəstəxanada dünyasını dəyişmişdir. Həkimlərdən ibarət komissiya ölümün səbəbinin qarın boşluğunda baş verən iltihabdan qana keçən irinin olduğunu müəyyən etmişlər. Onlar həm də qeyd etmişlər ki, sözü gedən iltihabın yaranmasında müxtəlif amillərin təsiri olmuşdur, o cümlədən 1) kəllə sümüyünə vurulan və qanaxmaya səbəb olan zərbə - 70%, 2) xəstənin orqanizmində öncədən mövcud olmuş problemlər - 15%, 3) xəstənin ehtiyac duyulmadan təkrar şəkildə digər xəstəxanaya köçürülməsi 15%. Xahiş edirik ki, qəsdən və yaxud ehtiyatsızlıq üzündən adam öldürmə hallarını nəzərə almaqla cinayətkarın törətdiyi cinayət barəsində, habelə, can diyəsi və ya üzv diyəsinin ödənilməsi barəsində öz mübarək rəyinizi bəyan edəsiniz.
Cavab: Əgər etibarlı ekspertlərin qənaətinə görə xəstənin yerini dəyişməsəydilər, dünyasını dəyişməz, əksinə sağalardısa, bu halda onun başına zərbə vuran şəxs yalnız kəllə sümüyünün sınması üçün diyə ödəməlidir. Ehtiyatsızlıq üzündən adam öldürmənin diyəsini isə xəstənin yerini dəyişənlər ödəməlidir. Əgər onun ölümündə hər iki işin təsiri olmuşdursa, hər biri insan diyəsindən bir hissəsini yuxarıdakı tənasübə uyğun ödəməlidir. Amma bu ikisinin arasındakı fərq çox da böyük olmasa, diyəni bərabər şəkildə ödəyə bilərlər.

İki növ xəsarətə səbəb olan zərbənin diyəsi [Bədən üzvlərinin diyəsi]

Sual : Əgər cani bir nəfərin gözünə zərbə endirsə və bu bir zərbə qaralmaya (qanın dəri altında qaralıb bərkiməsi), və yaxud göyərməyə və s. səbəb olsa, bu iki xəsarətin diyəsi iki növdür, yoxsa diyə yalnız qaraqançır xəsarətinə düşür?
Cavab: Hər ikisinin diyəsini ödəməlidir.

Üzə vurulan müxtəlif yaraların diyəsi [Qəsdən adam öldürmənin kəffarəsi]

Sual : Üzü bir yerdən cırmaqlamaq və cızmağa görə bir dəvə dəyərində diyə düşürsə, eyni hücumda üzün bir neçə yeri eyni şəkildə cırmaqlanarsa, diyədə bir fərq olacaq, yoxsa yox? Bu yerlər təkrar cızılarsa, hökmü necədir?
Cavab: : Hər cızığın bir diyəsi var, istər onların hamısı bir hücumda olsun, istərsə də müxtəlif hücumlarda.

Boyun nahiyəsində xəsarət [Qəsdən adam öldürmənin kəffarəsi]

Sual : Boyun nahiyəsinə vurulan xəsarətə diyə düşür, yoxsa ərş? Sınıqlar qəsamə yolu ilə sübuta yetirmi?
Cavab: Bəzi hallarda diyə düşür, bəzi hallarda isə ərş. Sınıqlar qəsamə (and içmə) yolu ilə də sübut oluna bilər.
Səhifə sayı : 51