Dünyadan gedənlərin, xüsusilə böyük şəxsiyyətli insanların qəbirlərinə ehtiram qoymağın çox dərin keçmişi vardır. Min illər öncədən e’tibarən insanlar öz ölülərini əziz tutur, xüsusilə də böyük şəxsiyyətlərinin qəbirlərinə ehtiram qoyurdular. Bu işin müsbət tə’sir və fəlsəfəsi də olduqca çoxdur.
Keçmiş insanları yad elməyin ilk faydası bu əzizlərin ehtiramlarının saxlanmasıdır, onların qədir-qiymətinin bilinməsi də insani şərafət və izzətin nişanələrindən ibarətdir. Bu iş cavanları onların yolunu davam etdirməyə təşviq edir.
İkinci tə’siri – sükuta daldığı halda sanki dillə danışan qəbirlərdən ibrət dərsi almaq, qəflət paslarını qəlb güzgüsündən silmək, dünyanın ötəri, aldadıcı bər-bəzəkləri müqabilində ayılıb huşyar olmaq, həva-həvəslərin tə’sir dairəsini azaltmaqdır. Əli (əleyhis-salam)-ın tə’biri ilə desək, “ölülər ən yaxşı moizəçilərdir.”
Üçüncü tə’siri – ölən şəxsin yadigarlarına təsəlli verməkdir. Çünki insanlar öz əzizlərinin qəbirlərinin yanında dayananda daha artıq ruhi aramlıq hiss edirlər, sanki onların qəm-qüssə, kədərlərinin şiddətindən bir qədər azalır. Məhz həmin dəlilə görə, hətta cənazələri tapılmayan şəxslər üçün belə, qəbrə oxşar bir şey düzəldib, onun yanında dayanır və beləliklə də öz əzizlərini yad edirlər.
Dördüncü tə’sir budur ki, böyük şəxsiyyətli insanların qəbirlərinə ehtiram göstərmək bir millət və xalqın mədəni-mirasının qorunub-saxlanmasıdır, ruzigarın qövmləri öz keçmiş mədəniyyətləri ilə yaşayırlar. Dünya müsəlmanlarının çox böyük və zəngin mədəniyyətləri vardır ki, onun ən mühüm hissəsi şəhidlərin, böyük alimlərin, elm və mədəniyyət xadimlərinin, xüsusilə böyük din rəhbərlərinin qəbirlərindən ibarətdir. Onların qorunub-saxlanması və əzəmətlə yad edilməsi əslində islamın və Peyğəmbər sünnəsinin qorunub-saxlanmasıdır.
İslamın böyük şəxsiyyətlərinin iftixarlı əsərlərini Məkkədə, Mədinədə və digər məntəqələrdə məhv edib aradan aparan, islam cəmiyyətini bərpaolunmaz xəsarətlərə düçar edənlər nə qədər də mədəniyyətsizdirlər! Təəssüflər olsun ki, nadan və geridə qalmış sələfilər puç xəyal və bəhanələrlə islamın zəngin mədəni-mirasının köksünə ağır, öldürücü zərbələr endirmişlər. Görəsən, bu əzəmətli və tarixi əsərlər yalnız bu kiçik qrupa aiddirmi ki, onları belə rəhmsizcəsinə məhv edir?! Yoxsa onların qorunub-saxlanması hər bir ölkədəki agah islam alimlərinin öhdəsinə tapşırılmalıdır?!
Beşincisi budur ki, böyük din rəhbərlərinin qəbirlərini ziyarət etmək və onların vasitəsi ilə Allahdan şəfaət istəmək (insanlar bu işlə tövbə edərək Allah dərgahına qayıdırlar) insan nəfsinin pərvəriş tapması, düzgün tərbiyə olunması və imanın güclənməsində son dərəcə mə’nəvi tə’sir qoyur. Günaha aludə olan çoxlu insanlar onların müqəddəs məzarları önündə tövbə edir, həmişəlik olaraq islah olunur, salehlər də ruhun paklaşdırılmasının daha yüksək məqamlarına çatırlar.