7-Biz inanırıq ki, Qur’anın təhrif olunmamasını çoxlu əqli və nəqli dəlillər isbat edir. Çünki bir tərəfdən Qur’anın özü buyurur:
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
“Həqiqətən Qur’anı Biz nazil etdik və onun qorunub-hifz olunması da Bizim öhdəmizdədir.”[1]
Başqa bir ayədə isə buyurulur:
وَإِنَّهُ لَکِتَابٌ عَزِیزٌ لَا یَأْتِیهِ الْبَاطِلُ مِن بَیْنِ یَدَیْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِیلٌ مِّنْ حَکِیمٍ حَمِیدٍ
«Bu, şübhəsiz izzətli və məğlubedilməz bir kitabdır, heç növ batil – nə arxadan, nə də öndən ona yol tapa bilməz. Çünki o, hikmətli və tə’rifə layiq olan Allah tərəfindən nazil edilmişdir.»[2]
Görəsən, qorunub, hifz olunması Allah-Taalanın Öz öhdəsinə olan belə bir kitaba təhrif əlləri uzadıla bilərmi?!
Digər tərəfdən, Qur’an ümmət arasında tərk olunmuş bir kitab deyildi ki, bir kəs onu azalda və yaxud ona bir şey artıra bilsin.
Sayı 14 nəfərdən 400 nəfərə qədər qeyd olunan Qur’an katibləri (kuttabi vəhy) hər bir ayə nazil olan kimi dərhal onu qeyd edib əzbərləyirdilər.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əsrində yüzlərlə Qur’an hafizi var idi ki, ayələrin nazil olması ilə eyni zamanda dərhal onları əzbərləyirdilər.
O dövrdə Qur’an qiraəti ən böyük ibadətlərdən hesab olunurdu, müsəlmanlar gecə-gündüz onu qiraət və tilavət edirdilər.
Bundan əlavə, Qur’an İslamın Əsas Qanunu və müsəlmanların həyat ayini olmaqla, onların həyatının bütün dövrlərinə nəzarət edirdi.
Əql qəti şəkildə hökm edərək deyir ki, belə bir kitabın təhrif edilməsi, ona bir şeyin artırılıb-azaldılması qeyri-mümkündür.
İslam rəvayətlərində və mə’sum imamlar (əleyhimus-salam)-dan nəql olunan hədislərdə Qur’anın əsalət, tamamlıq və təhrif olunmamasına dair tə’kidlər edilmişdir
Əli (əleyhis-salam) aşkar şəkildə buyurmuşdur:
اَنْزَلَ عَلَیْکُمُ الْکِتَابَ تِبْیانً لِکُلِّ شَیْءٍ وَ عَمَّرَ فَیکُمْ نَبِیَّهُ اَزْمانًا حَتَّی اَکْمَلَ لَهُ وَ لَکُمْ فِیمَا اَنْزَلَ مِنْ کِتَابٍ دِینَهُ الَّذِی رَضِیَ لِنَفْسِهِ
«Allah-Taala hər bir şeyi bəyan edən Qur’anı nazil etdi və Peyğəmbərə siz ümmət arasında o qədər ömür verdi ki, Qur’anın vasitəsi ilə Öz dinini sizin üçün kamil etmiş olsun.»[3]
«Nəhcül-bəlağə»nin xütbələrinin çoxunda Qur’andan söhbət açılmışdır, amma heç bir yerdə onun təhrif olunmasına azacıq belə, işarə yoxdur; üstəlik Qur’anın kamil və tamam olması aşkar şəkildə bəyan olunmuşdur.
Doqquzuncu imam həzrəti Məhəmməd Təqi (əleyhis-salam) bir hədisdə öz dostlarından birinə, camaatın haqq yolundan çıxması ilə əlaqədar xitab edərək buyurur:
وَ کَانَ مِنْ نَبْذِهِمُ الْکِتَابَ اَنْ اَقَامُوا حُرُوفَهُ وَ حَرَّفُوا حُدُودَهُ
«Camaatın bir qrupu Qur’ani-məcidi boşlamış, sözlərini düzgün oxuduqları halda onların məfhumlarını təhrif etmişlər.»[4]
Bu və bu kimi digər hədislər göstərir ki, Qur’anın sözləri toxunulmaz qalmış və yalnız mə’na baxımından onda təhrifə yol verilmişdir. Yə’ni bə’zi qruplar öz nəfsani istək və şəxsi mənafelərinə görə onun ayələrinin gerçəkliyini, həqiqətin əksinə olaraq izah etmişlər.
Buradan mühüm bir məsələ aydınlaşır: əgər bə’zi rəvayətlərdə təhrifdən söz açılmışsa da, məqsəd onun mə’na baxımından təhrif olunması, şəxsi rə’y əsasında təfsir edilməsidir, amma ibarə və kəlmələrində olan təhrif deyildir.
Digər tərəfdən, mə’sum imamlar (əleyhimus-salam)-dan nəql olunan bir çox mö’təbər rəvayətlərdə oxuyuruq:
اَعْرِضُوهُمَا عَلَی کِتَابِ اللهِ فَمَا وَافَقَ کِتَابَ اللهِ فَخُذُوهُ وَ مَا خَالَفَ کِتَابَ اللهِ فَرُدُّوهُ
«Bizim sözlərimizin, rəvayətlərimizin düz olub-olmamasını bilmək üçün, xüsusilə onların arasında təzad göründüyü zaman onları Qur’anla tutuşdurun: Qur’anla uyğun gələnlər düzgündür, ona əməl edin. Qur’anla müxalif olanları isə boşlayın!»[5]
Bu da Qur’ani-Kərimin təhrif olunmamağına dair aşkar bir dəlildir, çünki, əks halda, haqq ilə batilin ayırd edilmə me’yarı ola bilməzdi.
Bunlardan əlavə, sünnü və şiə mənbələrinin çoxlu yerlərində nəql olunan «Səqəleyn» hədisinə əsasən, Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur:
اِنِّی تَارِکٌ فِیکُمُ الثَّقَلَیْنِ کِتَابَ اللهِ وَ عِتْرَتِی اَهْلَ بَیْتِی مَا اِنْ تَمَسَّکْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا
«Mən sizin aranızda iki ağır, qiyimətli əmanət qoyub gedirəm: Allahın Kitabı və mənim itrətim. Əgər onlara sarılsanız, məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız.»[6]
Bu dolğun mə’nalı hədis gözəl şəkildə çatdırır ki, Qur’an və Əhli-beyt (əleyhimus-salam) insanların qiyamət gününə qədər hidayət olunması üçün çox mö’təbər bir sığınacaq yeridir. Əgər Qur’anda təhrifə yol verilmiş olsaydı, onda camaat üçün necə sığınacaq yeri ola bilərdi?! Camaat zəlalətdən necə xilas ola bilərdi.?![7]
[1] «Hicr» surəsi, 9-cu ayə.
[2] «Fussilət» surəsi, 41 və 42-ci ayələr.
[3] «Nəhcül-bəlağə», 86-cı xütbə
[4] «Kafi», 8-ci cild, səh.53.
[5] «Vəsailuş-şiə», 18-ci cild, səh.80
[6] «Biharul-ənvar», 36-cı cild, səh.331
[7] Əlavə mə’lumat almaq üçün «Ənvarul-üsul» kitabına (2-ci cild) müraciət edə bilərsiniz.