6-“BƏRAƏT” AYƏLƏRİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
Nəticə:“HƏL-ƏTA” SURƏSİ VƏ İRADLAR


“Tövbə” surəsində də bir neçə ayə vardır ki, onların nazilolma səbəbilə əlaqədar təfsir, hədis və tarix kitablarında nəql olunan rəvayətlərə diqqət yetirdikdə, Əmirəl-mö’minin Əlinin (ə) fəzilətləri aşkar olur.
Bu surənin ilk ayələrində əhd-peymanı pozan müşriklərə müharibə e’lan olunur. Demək olar ki, bütün tarixçi və təfsirçilərin nəzərincə, hicrətin 9-cu ili bu ayələr nazil olanda, İslam peyğəmbəri (s) həmin əmri Məkkədə həcc mərasimində hamıya çatdırmağı Əbu Bəkrə tapşırdı. Lakin Əbu Bəkr yolun bir miqdarını getdikdən sonra bu iş Əliyə (ə) həvalə olundu və Əbu Bəkr geri çağırıldı. Əli (ə) Peyğəmbərin (s) əmrini olduğu kimi icra etdi. Tarix, təfsir və hədis alimləri bu hadisəni azacıq fərqlə nəql etmişlər. İndi həmin rəvayətlərdən bir qismini nəzərdən keçiririk:
1. Əhli-sünnənin hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl “Müsnəd” kitabında yazır: “Peyğəmbəri-əkrəm (s) “Bəraət” ayələrini Əbu Bəkrə verib, Məkkəyə göndərdi ki, onu Məkkə əhlinə çatdırıb desin: “Bu ildən heç bir müşrik Allah evi Kə’bəni ziyarət etmək hüququna malik deyil. Heç kəs çılpaq halda Kə’bəni təvaf edə bilməz...” Sonra Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu ki, özünü (Məkkə ilə Mədinə yolu arasında) Əbu Bəkrə çatdırıb, onu geri qaytarsın və “Bəraət” ayələrini özü aparsın. Əli (ə) belə də etdi. Hədisin axırında deyilir: “Əbu Bəkr Peyğəmbəri-əkrəmdən (s) “Mənim geri qayıtmağımla əlaqədar bir ayəmi nazil olub” soruşduqda Həzrət buyurdu:
اُمِرْتُ اَنْ لا یُبَلِّغَهُ اِلاّ اَنَا اَوْ رَجُلٌ مِنِّى:
“Mənə əmr gəlib ki, bu surəni camaata ya özüm çatdırım, ya da məndən olan bir kəs!”[1]
Əhli-sünnənin mö’təbər mənbələrindən sayılan “Sünəni-Termizi”də bu rəvayət başqa şəkildə Ənəs ibn Malikdən nəql olunur. Peyğəmbəri-əkrəm (s) “Bəraət” ayələrini Əbu Bəkrə verəndən sonra onu geri çağırtdırıb buyurdu:
لا یَنْبَغِى لاَِحَدٍ اَنْ یُبَلِّغَ اِلاّ رَجُلٌ مِنْ اَهْلِى فَدَعا عَلِیّاً فَاَعْطاهُ اِیّاهُ:
“Bu surəni mənim Əhli-beytimdən olan kişidən başqa heç kəs camaata çatdırmağa layiq deyil.” Sonra Əlini çağırıb, bu surəni ona verdi!”[2]
Termizi İbn Abbasdan təfsilatı ilə başqa bir hədis nəql edir.[3] Diqqəti cəlb edən məsələ budur ki, o, hər iki hədisi qeyd etdikdən sonra bu barədə həm özünün, həm də başqalarının nəzərini belə açıqlayır: “Bu hədis “həsən” (yaxşı) və “qərib”dir!” Lakin o, bu sözü nə ondan qabaqkı, nə də sonrakı hədislər barəsində demir. Bu da öz növbəsində qəribə münasibətdir. İmam Əlinin (ə) məqamı və fəziləti haqda nəql olunan bütün hədislər onlara qəribə görünür!
2. Süyuti “Əd-durrul-mənsur” kitabında Abdullah ibn Əhməd Hənbəldən və İbn Mərdəveyhdən, onlar da imam Əlidən (ə) belə nəql edirlər: “Bəraət” surəsinin ilk on ayəsi nazil olanda, Peyğəmbər (s) Əbu Bəkri çağırıb, ayələri ona verdi ki, Məkkə əhalisinə yetirsin. Sonra isə məni çağırıb buyurdu: “Əbu Bəkrə çatıb, məktubu (ayələri) ondan al (və özün e’lan et)! Əbu Bəkr geri qayıdıb dedi: “Ya Peyğəmbər (s)! Mənim haqqımda (bu işə layiq olmadığımı göstərən) bir şeymi nazil olub?!”
Peyğəmbər (s) buyurdu: “Xeyr, lakin Cəbrail gəlib mənə dedi: “Bu xəbəri başqası oxuya bilməz, ya özün, ya da sənin Əhli-beytindən bir kişi oxumalıdır!”[4]
3. Yenə həmin kitabda Əhməddən, Termizidən, eləcə də, İbn Mərdəveyhdən, onlar da Ənəs ibn Malikdən belə nəql edirlər: “Peyğəmbər (s) “Bəraət” ayələrini Əbu Bəkrə verib Məkkəyə göndərdi. Sonra onu geri çağırtdırıb buyurdu:
لا یَنْبَغِى لاَِحَدٍ اَنْ یُبَلِّغَ هذا اِلاّ رَجُلٌ مِنْ اَهْلِى، فَدَعا عَلِیّاً فَاَعْطاهُ اِیّاهُ:
“Bu surəni camaata çatdırmağa mənim Əhli-beytimdən olan kişidən başqa bir kəs layiq deyil.” Sonra Əlini çağırıb, “Bəraət” ayələrini ona verdi!”[5]
4. Yenə orada Sə’d ibn Əbi Vəqqasdan belə nəql edilir: “Peyğəmbər (s) “Bəraət” ayələrini Əbu Bəkrə verib Məkkəyə göndərdi. Sonra Əlini (ə) onun ardınca göndərib tapşırdı ki, ayələri ondan alsın. Əbu Bəkr narahat olub, bunu Peyğəmbərə (s) dedikdə, Həzrət buyurdu:
اِنَّهُ لا یُؤَدِّى عَنِّى اِلّا اَنا اَوْ رَجُلٌ مِنِّى
“Şübhəsiz, məndən, yaxud mənim əhli-beytimdən olan kəsdən başqa birinin onu mənim tərəfimdən camaata çatdıra bilməz!”[6]
5. Yenə orada məşhur səhabə Əbu Səid Xudridən belə nəql edilir: “Peyğəmbəri-əkrəm (s) “Bəraət” ayələrini Məkkə camaatına e’lan etmək üçün əvvəlcə Əbu Bəkri göndərdi. Sonra Əlini çağırıb dedi: “Ya Əli! (Bu ayələri) mənim özümdən, yaxud səndən başqa kimsə camaata çatdıra bilməz.” Sonra onu öz dəvəsinə mindirib Əbu Bəkrin ardınca göndərdi. Əli (ə) yola düşüb, Əbu Bəkrə çatdı və “Bəraət” ayələrini ondan aldı. Əbu Bəkr qorxa-qorxa Peyğəmbərin (s) hüzuruna gəlib “Ya Peyğəmbər (s), mənim haqqımda bir şeymi nazil olub deyə soruşduqda o həzrət Əliyə (ə) dediyi sözləri buyurdu.”[7]
6. Yenə həmin kitabda Peyğəmbərin (s) məşhur səhabəsi Əbu Rafedən belə nəql edilir: “Peyğəmbəri-əkrəm (s) Əbu Bəkri “Bəraət” ayələri ilə birlikdə həccə göndərdi. Cəbrail nazil olub dedi: “Şübhəsiz, onu səndən, yaxud sənin Əhli-beytindən başqa kimsə camaata çatdıra bilməz!” Bundan sonra Peyğəmbər (s) Əlini (ə) Əbu Bəkrin ardınca göndərdi. Əli (ə) Məkkə ilə Mədinə arasında ona çatıb, ayələri ondan aldı və həcc mövsümündə camaata e’lan etdi.”[8]
7. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Ənəs ibn Malik, İbn Abbas, Sə’d, Əbu Səid Xudri, Əbu Hüreyrə və başqalarından bu haqda on iki rəvayət nəql etmişdir. (Əlavə mə’lumat əldə etmək istəyənlər o kitaba müraciət etsinlər.)[9]
Digər alimlər də bu rəvayəti müxtəlif sənədlərlə nəql etmişlər. Onun ravilərinin sayı olduqca çoxdur. Əllamə Əmini bu barədə yazır: “Bu hədis “təvatür” həddinə çatmış, hətta bə’zilərinin nəzərincə “təvatür” həddini keçmişdir.” Sonra bu hədisi öz kitablarında nəql edən 73 əhli-sünnə aliminin qeydlərini təfsilatı – mənbə və sənədləri ilə birlikdə qeyd etmiş[10], sonra yazmışdır: “Bu hədisin raviləri aşağıda adları çəkilən səhabələrdir: Əli (ə), Əbu Bəkr, İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Ənəs ibn Malik, Əbu Səid Xudri, Sə’d ibn Əbi Vəqqas, Əbu Hüreyrə, Abdullah ibn Ömər, Həbəş ibn Cünadə, İmran ibn Həsin və Əbuzər Qifari.”[11]
Bu mövzunu da səkkizinci (h.q) əsrin məşhur şairlərindən olan Şəmsəddin Malikinin şe’rilə sona çatdırırıq:
 
Və ərsələhu ənhur-Rəsulu mubəlliğən,
Və xəssə bihazəl-əmri təxsisə mufrədi,
Və qalə: “həlit-təbliğu ənni yənbəği,
Li-mən ləysə min bəyti minəl-qovmi fəqtəda.”
 
“Peyğəmbər (ə) onu (Əlini) onun (Əbu Bəkrin) əvəzinə öz təbliğatçısı kimi göndərdi və bu əmri yalnız ona tapşırıb buyurdu: “Görəsən, layiqdirmi ki, Əhli-beytimdən kənar bir şəxs bunu mənim tərəfimdən yetirsin ?! Əli də ona tabe oldu!”[12]
***

[1] “Müsnədi-Əhməd”, 1-ci cild, səh. 3, “Darus-sadiq” çapı.
[2] “Sünəni-Termizi”, 5-ci cild, səh. 275, hədis: 3090.
[3] Yenə orada, hədis: 3091.
[4] “Əd-durrul-mənsur”, 3-cü cild, səh. 209.
[5] Yenə orada.
[6] Yenə orada.
[7] “Əd-durrul-mənsur”, səh. 230 (azacıq ixtisarla).
[8] Yenə orada.
[9] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 232-243, hədis: 309, 310, 311, 312, 314, 315, 316, 317, 318, 323, 324 və 325.
[10] Bu alimlərin adlarını bilmək istəyənlər “Əl-qədir” kitabının, 7-ci cildinin 341-388-ci səhifələrinə müraciət etsinlər.
[11] “Əl-qədir”, 6-cı cild, səh. 341-348.
[12] Yenə orada, səh. 338.

 

Nəticə:“HƏL-ƏTA” SURƏSİ VƏ İRADLAR
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma