İSLAM RƏVAYƏTLƏRİNDƏ “QURBA” AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
FƏZİLƏT AYƏLƏRİ 5-“QURBA” AYƏSİ

Həm şiə, həm də əhli-sünnə mənbələrində “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (risalət və peyğəmbərliyimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm” ayəsinin mə’na və təfsirini tam açıqlayan xeyli rəvayət nəql olunmuşdur. O cümlədən:
1. 5-ci əsrin məşhur əhli-sünnə alimi Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Səid ibn Cübeyrdən, o da İbn Abbasdan belə nəql edir: “Qurba” ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: “Ey Allahın Peyğəmbəri! Sevilməsi Allah tərəfindən vacib edilən kəslər kimlərdir?” O həzrət belə buyurdu: “Əli, Fatimə və onların iki oğlu!”[1]
Həmin kitabda müxtəlif sənədlərlə İbn Abbasdan həmin məzmunda digər rəvayətlər də nəql olunmuşdur.[2]
2. Yenə həmin kitabda Əbu Əmamə Bahilidən nəql olunur ki, Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur:
اِنَّ اللهَ خَلَقَ الْاَنْبِیاءَ مِنْ اَشَجارٍ شَتّى، وَخُلِقْتُ وَعَلِىّ مِنْ شَجَرَةٍ واحِدَة، فَاَنَا اَصْلُها وَعَلِىٌّ فَرْعُها، (وَفاطِمَةُ لُقاحُها) وَالْحَسَنُ وَالْحُسَیْنُ ثِمارُها، وَ اََشْیاعُنا اَوْراقُها، فَمَنْ تَعَلَّقَ بِغُصْنٍ مِنْ اَغْصانِها نَجى وَمَنْ زاغَ هَوى، وَلَوْ اَنَّ عَبْداً عَبَدَاللهَ بَیْنَ الصَّفا وَالْمَرْوَةِ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، حَتّى یَصِیرَ کالشَّنِّ الْبالِس، ثُمَّ لَمْ یُدْرِکْ مَحَبَّتَنااَکَبَّهُ اللهُ عَلَى مِنْخَرَیْهِ فِى النّارِ ثُمَّ قَرَءَ قُلْ لا اَسئَلُکُمْ عَلَیْهِ اَجْراً اِلاَّ الْمَوَدَّةَ فِى الْقُرْبى:
“Allah-taala peyğəmbərləri müxtəlif ağaclardan, mənimlə Əlini isə eyni bir ağacdan yaratdı. Mən həmin ağacın köküyəm, Əli budaqlarıdır, (Fatimə o ağacın bar verməsi üçün bir vasitə,) Həsən və Hüseyn meyvələridir, şiələrimiz isə yarpaqlarıdır. Onun hər bir budağından yapışan kəs nicat tapar, ayrı düşən kəs zəlalətə uğrayar. Allaha Səfa və Mərvə (dağları) arasında min il sonra daha min il sonra başqa bir min il ibadət edib, nəticədə tuluq kimi köhnəlib quruyan, lakin bizi sevməyən bəndəni Allah-taala üzü üstə oda (cəhənnəmə) atar.” Sonra o həzrət bu ayəni (şahid və sübut olaraq) tilavət edir: “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.”[3]
3. Əhli-sünnənin məşhur təfsir alimi Süyuti “Əd-durrul-mənsur” kitabında bəhs etdiyimiz ayənin təfsiri ilə bağlı Mücahiddən, o da İbn Abbasdan nəql edirlər ki, Peyğəmbəri-əkrəm (s) “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm” ayəsinin təfsirində buyurdu: “Məqsəd budur ki, Əhli-beytimə münasibətdə haqqımı qoruyun və onları mənə xatir sevin!”[4]
4. Əhməd ibn Hənbəl “Fəzailul-xəmsə” kitabında Səid ibn Cübeyrdən, o da Amirdən belə nəql edir: “Qurba” ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: “Ey Allahın Rəsulu! Məhəbbət bəslənilməsi vacib olan yaxın adamların kimlərdir?” O həzrət buyurdu: “Əli, Fatimə və onların iki oğlu!” Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar etdi.”[5]
Bu rəvayəti Qurtubi həmin ayənin təfsirində azacıq fərqlə Səid ibn Cübeyrdən, o da İbn Abbasdan nəql etmişlər.
5. Hafiz Əbu Nəim İsfahani “Hilyətül-övliya” kitabında Cabirdən belə nəql edir: “Bir ərəb kişi Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib dedi: “Ey Məhəmməd! İslamı mənə öyrət.” Peyğəmbər (s) buyurdu: “Şəhadət verirsən ki, Allahdan başqa bir mə’bud yoxdur, O təkdir, şəriksizdir, Məhəmməd Onun bəndəsi və peyğəmbəridir?” Dedi: “Bunun müqabilində məndən bir muzd istəyəcəksənmi?” Peyğəmbər (s) buyurdu: “Xeyr, yalnız qohumları sevməyini istəyirəm!” Dedi: “Öz qohumlarımı, yoxsa sənin qohumlarını?” Peyğəmbər (s) buyurdu: “Mənim qohumlarımı!” Dedi: “Əlini uzat, sənə bey’ət edim! Hər kəs səni və yaxınlarını sevməsə, Allah ona lə’nət etsin!” Peyğəmbər (ə) buyurdu: “Amin!”[6]
6. Məşhur təfsir alimi İbn Cərir Təbəri də “qurba” ayəsinin təfsirində İbn Cübeyrdən belə nəql edir: “Məqsəd Peyğəmbəri-əkrəmin (s) yaxın adamlarıdır!”
7. Hakim “Müstədrəküs-səhiheyn” kitabında imam Zeynəlabidindən (ə) belə nəql edir: “Əlinin (ə) şəhadətindən sonra Həsən ibn Əli (ə) camaata xütbə oxudu və xütbəsində özünü tanıtdıraraq buyurdu: “Mən elə bir ailədənəm ki, Allah-taala onları sevməyi hər bir müsəlmana vacib etmiş və Peyğəmbərinə (s) buyurmuşdur: “De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir muzd istəmirəm.”
Əhli-sünnənin digər alimləri də bu hədisi nəql etmişlər. O cümlədən, Muhibbuddin Təbəri “Zəxair”də səh. 138; İbn Həcər “Əs-səvaiq”də səh. 101; Süyuti “Əd-durrul-mənsur”da, “qurba” ayəsinin təfsirində.
8. Əbu Cə’fər Məhəmməd ibn Cərir Təbəri “Camiul-bəyan” kitabında Əbud-Deyləmdən belə nəql edir: ”Zeynəlabidini (ə) Şama əsir aparıb Dəməşqin (darvazasının) pillələrində saxladılar. Şam əhalisindən bir nəfər ayağa qalxıb dedi: “Allaha şükür olsun ki, sizi öldürüb, kökünüzü kəsdi!” Zeynəlabidin (ə) ona buyurdu: “Heç Qur’an oxuyubsanmı?” Dedi: “Bəli!” Buyurdu: “Qur’anda “Ha-mim” övladlarını oxuyubsanmı?” Dedi: “Qur’anı oxumuşam, amma “Ha-mim” övladlarını görməmişəm!” Buyurdu: “Qul la əs’əlukə ələyhi əcrən illəl-məvəddətə fil-qurba! (Ya Peyğəmbər) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir şey istəmirəm.)” Dedi: “Peyğəmbərin yaxınları sizmisiniz?” Buyurdu: “Bəli!”[7]
9. İbn Həcər “Əs-səvaiqul-muhriqə” kitabında imam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Biz “Ha-mim” övladları haqda bir ayə nazil olmuşdur və o budur ki, bizim dostluq və məhəbbətimizi mö’minlərdən başqa kimsə (qəlbində) saxlamaz.” Sonra bu ayəni tilavət etdi: “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir şey istəmirəm.”[8]
Bu rəvayət azacıq fərqlə “Kənzül-ümmal” kitabında da nəql olunmuşdur.[9] Bu rəvayətdən açıq-aşkar başa düşülür ki, bəhs etdiyimiz ayədəki “qurba”da məqsəd Peyğəmbərin (s) yaxın adamlarıdır. “Ha-mim övladları”ndan məqsəd, əvvəli “Ha-mim”lə başlayan surələrdir. Bunlar yeddi surədir: “Mu’min”, “Fussilət”, “Şura”, “Zuxruf”, “Duxan”, “Casiyə” və “Əhqaf”. Qeyd etdiyimiz ayə isə “Şura” surəsindədir.[10]
10. Zəməxşəri, Fəxri-Razi və Qurtubi öz təfsir kitablarında “qurba” ayəsinin təfsirində Peyğəmbəri-əkrəmdən (s) bir hədis nəql edirlər. Bu hədisdə Əhli-beyt (ə) sevgisi yüksək qiymətləndirilir. Zəməxşərinin “Kəşşaf” təfsirindəki hədisi olduğu kimi yazırıq. Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: “Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə ölsə, dünyadan şəhid olaraq getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, bağışlanmışdır.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, tövbə ilə dünyadan getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, kamil imanla dünyadan getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, ölüm mələyi ona behişt müjdəsi verər, sonra Nəkir və Münkər (adlı sorğu-sual mələkləri) onu müjdələyərlər.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, gəlin bəy evinə aparılan kimi, ehtirmla behiştə aparılar.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, onun qəbrindən behiştə doğru iki qapı açılar.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, qəbri rəhmət mələklərinə ziyarətgah olar.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, sünnə ilə dünyadan getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavətlə dünyadan getsə, qiyamət günü alnına “Allahın rəhmətindən mə’yusdur” yazıldığı halda məhşərə çıxar!
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavət və kin-küdurətlə dünyadan getsə, kafir halda dünyadan getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavət və kin-küdurətlə dünyadan getsə, behişt qoxusu duymaz!”[11]
Maraqlıdır ki, bə’zi təəssübkeş sünni alimləri “Kəşşaf” təfsirinə yazdıqları haşiyədə bu hədisin nəqlindən sonra belə qeyd etmişlər: “Bu hədisin saxtalığı əsər-əlamətindən bəllidir!”
Amma onlar hədisin saxta olmasına dəlil göstərməmiş, yaxud saxtalığının necə bəlli olmasını açıqlamamışlar. Səbəb budur ki, hədisdə Peyğəmbəri-əkrəmin (s) Əhli-beytinin məqam və dərəcəsi əzəmətlə bəyan olunmuşdur. Bu isə onların əqidəsinə uyğun deyil. Bəlkə də, onlar ilk dəfə bu şərif hədisdə Peyğəmbər (s) Əhli-beytinin əzəmətli məqamını müşahidə edirdilər. Bu hədisi eyni əqidəli üç böyük təfsir alimi nəql etsə də, onlara irad tutmamışlar. Fəxri-Razi bu hədisi nəql etdikdən sonra belə yazır: “Hədisdəki “ali” sözü haqda fikir ayrılığı olsa da, mənim nəzərimcə “ali-Məhəmməd” (Məhəmmədin (s) Əhli-beyti) Peyğəmbərlə (s) rabitə və əlaqələri daha sıx olan şəxslərdir. Bu rabitə nə qədər güclü və kamil olarsa, yaxınlıq da bir o qədər güclənər. Şübhəsiz, Əli, Fatimə, Həsən və Hüseynin (ə) həzrət Peyğəmbərlə (s) rabitəsi hamıdan artıqdır. Bunun inkaredilməz həqiqət olduğu hamı tərəfindən söylənilmiş və mütəvatir hədislərə sübuta yetirilmişdir. Buna əsasən, (hamının əqidəsinə görə) onlar Peyğəmbərin (s) övladları, Əhli-beytidir. Amma onlardan başqalarının “ali-Məhəmməd”ə aid olması ilə bağlı ixtilaf var. Həqiqətən də, ayrı-ayrı şəxsləri “ali” sözünün əhatəsinə daxil etmək ağıl və məntiqə, nəql olunmuş rəvayətlərə qarşı çıxmaqdır.” Fəxri-Razi əlavə dəlil və sübutlar da göstərir ki, bu ayə Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynə (ə) aiddir.[12]
Mə’lum olur ki, “qurba” ayəsini təfsir edən “Ayədə Qüreyş kafirlərinə xitabda məqsəd budur ki, mənim onlarla yaxınlığımı unutmayın, bu yaxınlıq və qohumluğa görə onlara əziyyət verməyin” kimi rəvayətlər düzgün deyil. Çox ehtimal ki, bu saxta hədisləri düzəldənlər Əhli-beytin (ə) məqamını uca göstərən hədisləri əhəmiyyətsiz qələmə vermək istəmişlər. Çünki Qüreyş kafirlərinə belə bir xitab ayənin məfhumuna tam ziddir və Peyğəmbərin (s) kafirlərə “Mən sizdən heç bir muzd istəmirəm, lakin mənimlə qohumluq əlaqələri olanları unutmayın və onlara əziyyət verməyin” buyurması qeyri-mümkündür. Onlar Peyğəmbərin (s) risalət və peyğəmbərliyini əsla qəbul etməmişlər.
Bu bəhsimizi Fəxri-Razinin “Kəbir” və Alusinin “Ruhul-məani” kitablarında “qurba” ayəsinin təfsiri ilə bağlı qeyd etdikləri misralarla sona çatdırırıq. Bu misralar sünni təriqətlərindən birinin banisi Şafeinindir. O, belə deyir:
 
Ya rakibən, qif bil-muhəssəbi min Məna,
Vəhtif bi-sakini xifiha vən-nahizi,
Səhərən, iza qazəl-həcicu ila Mina,
Fəyzən kə-multətəmil-furatil-faizi.
İn kanə rəfzən hubbu ali-Muhəmməd,
Fəl-yəşhidis-səqəlanu: inni rafiziyyun!
 
“Ey (Allah evinin ziyarəti üçün) süvar olan, Minanın yaxınlığında şeytana daş atılan yerdə (Allah evinin zəvvarlarının toplaşdıqları böyük mərkəzdə) dayan. Xif məscidində (ibadətlə məşğul olan), yaxud Kə’bəyə doğru hərəkət edən bütün kəsləri çağır; səhər vaxtı hacıların sel kimi Mina məntəqəsinə çatdığını gördükdə, fəryad edərək söylə: “Əgər Məhəmmədin Əhli-beytini sevmək dini tərk etmək hesab edilərsə, onda bütün insanlar və cinlər şahid olsunlar ki, mən rafiziyəm (dindən çıxmışam)!”[13]
İlahi! Bizi namazda salam və salavat göndərdiyimiz Əhli-beyti (ə) sevənlərdən qərar ver!
İlahi! Bu sevgini vilayət məqamını tanımaq üçün vasitəyə, bu tanışlığı Əhli-beyt (ə) məktəbinə tabeçiliyə çevir. Bu, İslamın ən mühüm məqsədidir!


[1] “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 130.
[2] Yenə orada, səh. 131-135.
[3] Yenə orada, səh. 141.
[4] “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 7.
[5] “Ehqaqul-həqq”, 3-cü cild, səh. 2.
[6] “Hilyətül-övliya”, 3-cü cild, səh. 201.
[7] “Camiul-bəyan”, 25-ci cild, səh. 16.
[8] “Əs-səvaiqul-muhriqə”, səh. 101.
[9] “Kənzül-ümmal”, 1-ci cild, səh. 118.
[10] Bax: “Məcməül-bəyan” təfsiri, “Mu’min” surəsinin başlanğıcı, vərəqaltı haşiyə, 7-8-ci cild, səh. 512.
[11] “Kəşşaf” təfsiri, 4-cü cild, səh. 220-221; “Kəbir” təfsiri, 27-ci cild, səh. 165-166 və “Təfsiri-Qurtubi” səh. 5843.
[12] Bax: “Kəbir” təfsiri, 27-ci cild, səh. 166-167.
[13] “Kəbir” təfsiri, 27-ci cild, səh. 166 və “Ruhul-məani”, 25-ci cild, səh. 32.

FƏZİLƏT AYƏLƏRİ 5-“QURBA” AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma