"SADİQİN" (DOĞRUÇULAR) AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
"ULİL-ƏMR" (ƏMR SAHİBLƏRİ) AYƏSİ"İNZAR VƏ HİDAYƏT" AYƏSİ


یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَکُونُواْ مَعَ الصَّادِقِینَ
Bu ayədə mö’minlər təqvaya, Allahın əmrindən çıxmamağa çağırılır və onlara göstəriş verilir ki, (azğınlığa düşməsinlər deyə,) sadiqlər və doğru danışanlarla birgə olsunlar.
Ayədə qeyd olunan sadiqin sözünün kimlərə işarə olması barədə müxtəlif təfsirlər mövcuddur:
Bə’zi ehtimallara görə, məqsəd Peyğəmbəri-əkrəmdir (s) və bu ayə həzrətin öz dövrünə aiddir. Halbuki Qur’ani-kərimin digər xitabları kimi bu ayənin də ümumiliyi, hər bir dövrə və hər bir məntəqədə yaşayan mö’minlərə aid olması aydındır.
Bə’ziləri isə belə deyir: Ayədə qeyd olunan məə )birgə) min (dan, dən) mə’nasındadır. Yə’ni siz sadiqlərdən və doğru danışlardan olun! Halbuki belə yozumlara heç bir zərurət yoxdur və ərəb ədəbiyyatında, ədiblərin kəlamlarında məənin min mə’nasında işlənməsi görünməmişdir.
Ayənin zahiri mə’nasına əsasən, bütün müsəlmanlar hər bir dövr və əsrdə sadiqlərin sırasında və onlarla birlikdə olmağa çağırılırlar. Mə’lum olur ki, hər dövrdə sadiq, yaxud sadiqlər var və camaat təqva və pərhizkarlıq yolunu tutmaq üçün mütləq onlarla birlikdə olmalıdırlar.
Yaxşı olar ki, sadiqin sözünün mə’nasını və onların hansı xislətlərə malik olduğunu bilmək üçün Qur’ani-kərimin özünə müraciət edək. Qur’ani-kərimin Hücurat surəsində buyurulur:
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِینَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ یَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِی سَبِیلِ اللَّهِ أُوْلَئِکَ هُمُ الصَّادِقُونَ
Mö’minlər yalnız Allaha və Onun peyğəmbərinə iman gətirən, sonra isə heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir. Məhz belələri sadiq olanlardır![1]
Bu ayədə sidq sözü hər növ şəkk-şübhə və tərəddüddən uzaq iman və əməldən ibarətdir.
Bəqərə surəsinin 117-ci ayəsində yaxşılıq və xeyirxahlığın Allaha, qiyamət gününə, mələklərə, səmavi kitablara və peyğəmbərlərə imandan, mal-dövləti Allah yolunda yoxsullar və kölələrə xərcləməkdən, habelə namaz qılmaq, zəkat vermək, əhdə vəfa etmək, çətinliklər və cihad zamanı dözümlü, səbirli olmaqdan ibarət olduğu açıqlandıqdan sonra buyurulur: Belələri sadiq olanlardır! Beləliklə, sadiqlərin əsas nişanə və əlaməti bütün müqəddəs şeylərə kamil iman gətirmək, hər bir halda Allahın əmrinə tabe olmaq, xüsusilə namaz qılmaq, zəkat vermək, infaq etmək və çətinliklərdə səbir edib dözməkdir. Bu mə’na Həşr surəsinin 8-ci ayəsində də gözə dəyir.
Bu ayələrdən, eləcə də, bəhs etdiyimiz ayənin ümumi mə’nasından – sadiqlərlə birgə olmağın qeyd-şərtsiz zəruri sayılmasından nəticə çıxarırıq ki, müsəlmanlar iman və təqva, elm və əməl, səbir və dözüm baxımından ən yüksək dərəcəli kəslərlə birgə olmağa məs’uldurlar. (Diqqət yetirmək lazımdır ki, ayədə sadiqlər zümrəsindən olun yox “onlarla birgə olun” deyilir. Bu da insanların nail ola biləcəyi ən yüksək mərhələni göstərir. (Mə’sumlar isə onlara nümunə və örnəkdirlər.)
Digər tərəfdən, sadiqlərlə birgə olmaq əmrinin ümumi, mütləq və qeyd-şərtsiz sayılması onların (sadiqlərin) mə’sumlığına başqa bir dəlildir. Çünki mə’sum olmayanlara qeyd-şərtsiz tabe olmaq əmri düzgün deyil.
Diqqəti cəlb edən məsələ budur ki, Fəxri-Razi burada bir müqəddimədən sonra ayənin məqsədini belə açıqlayır: Səhv və xətaya yol verən kəsin mə’sum şəxsə itaət etməsi vacibdir. Allah-taala da sadiqləri mə’sum hesab etmişdir. Buna əsasən, səhv və xətaya yol verən kəslərin mə’sumlarla birgə olması vacibdir və mə’sumlar onların xəta və səhvlərinin qarşısını alırlar. Bu əmr hər bir zamana aiddir və danılmazdır. Deməli, hər dövrdə mə’sum insanın varlığı zəruridir.
Sonra əlavə edir: Biz hər dövrdə mə’sum və günahsız şəxsin olmasını qəbul edirik. Lakin biz mə’sum dedikdə bütün ümməti nəzərdə tuturuq. Halbuki siz (şiələr) deyirsiniz ki, mə’sum yalnız bir nəfər olmalıdır.[2]
Fəxri-Razi ayənin məzmunca çox aydın olmasına baxmayaraq, Əhli-beyt (ə) məktəbi ardıcıllarının əqidəsini danmaqla bütün ümmətin mə’sum olmasından, yaxud ümmət icmasından söz açmışdır. Halbuki bütün ümmət az məsələdə yekdildir. Sadiqlərlə birgə olmaq məsələsi isə ümumi bir vəzifəni göstərir. Hətta bu ayə nazil olan zaman heç bir ərəbdilli şəxs sadiqin dedikdə bütün ümməti nəzərdə tutmurdu. Belə isə onu bu mə’naya yozmaq mümkündürmü? E’tiraf etməliyik ki, hər bir dövrdə sözlərində əsla xilaf olmayan, səhv və xətaya yol verməyən sadiq şəxsin olması zəruridir və insanlar ona itaət etməlidirlər.
Sual: Burada belə bir sual yaranır ki, sadiqin (sadiqlər) sözünün cəm formasında olması hər dövrdə mə’sumun hüzurunumu göstərir? Bu, Əhli-beyt (ə) məktəbi ardıcıllarının əqidəsinə uyğun gəlmir. Bu sualın cavabını necə vermək olar?
Cavab: Burada bir incə nöqtəyə diqqət yetirməklə şübhənin cavabı aydınlaşır. O da budur ki, cəm formasını bütün zamanlara aid etmək olar və burada sadiqlər başqa-başqa zamanlarda yaşamış müəyyən bir qrupu təşkil edir. Bu, eynilə belə bir ifadəyə bənzəyir: Hər dövrün camaatı ilahi peyğəmbərlərə tabe olmalıdır. Bu o demək deyil ki, bir zamanda bir neçə peyğəmbər yaşamalıdır. Əksinə, hər dövrün insanları öz zamanının peyğəmbərinə tabe olmalıdır. Yaxud insanlar öz vəzifələrini alim və mərcəi-təqlidlərdən öyrənməlidir cümləsinin mə’nası hər kəsin öz zamanında yaşayan alim və mərcəi-təqlidə itaət etməsindən ibarətdir.
Bunun canlı şahidi Peyğəmbəri-əkrəmin (s) özüdür. Belə ki, onun dövründə itaəti vacib olan başqa bir kəs yox idi və ayədəki hökm qəti şəkildə o həzrətə də aiddir. Mə’lum olur ki, sadiqlər sözünün cəm forması təkcə bir zamana aid deyil, bütün zamanları əhatə edir. Bu təhlil ayənin məzmununa daha çox uyğundur.
***
Bir çox sünni təfsirçi və mühəddisləri İbn Abbasdan nəql etmişlər ki, yuxarıda qeyd olunan ayə Əli ibn Əbi Talibə (ə) aiddir. O cümlədən, Əllamə Sə’ləbi öz təfsirində İbn Abbasın bu ayə barəsində belə dediyini nəql edir:
مَعَ الصّا دِقِینَ یَعْنى مَعَ عَلِىِّ بْنِ اَبِیطالِبٍ وَ اَصْحابِهِ
“(Ayədə buyurulan) Sadiqlərlə birgə olun ifadəsində məqsəd Əli ibn Əbi Talib və onun səhabələrilə birgə olmaqdır![3]
Həmçinin Əllamə Gənci Kifayətut-talib və Əllamə Sibt ibn Cövzi Təzkirə kitabında bir qrup alimdən belə nəql etmişlər: Alimlərin dediklərinə görə, bu ayədə Əli (ə) və onun xanədanı ilə birgə olmaq nəzərdə tutulur. İbn Abbas əlavə edir: Əli (ə) sadiqlərin rəhbəri, sərvəridir.[4]
Əhli-beytdən (ə) bizə gəlib çatan müxtəlif rəvayətlərdə də bu mə’na eynilə təkrarlanır. O cümlədən, Cabir ibn Abdullah Ənsarinin imam Baqirdən (ə) nəql etdiyi bir rəvayətdə deyilir ki, o həzrət “Sadiqlərlə birgə olun” ayəsinin təfsirində belə buyurdu:  (اى آلُ مُحَمَّدٍ)Məqsəd, Məhəmmədin (s) övladlarıdır![5]
Başqa bir rəvayətdə Büreyd ibn Müaviyə həmin ayənin təfsiri ilə əlaqədar o həzrətdən belə nəql edir: Məqsəd bizik![6]
Bürhan təfsirində Nəhcül-bəyan kitabından belə nəql edilir: Rəvayət olunmuşdur ki, Peyğəmbəri-əkrəmdən (s) “sadiqlər” barəsində sual olunduqda, Onlar qiyamətə qədər Əli, Fatimə, Həsən, Hüseyn və onların mə’sum, günahsız övladlarıdır, buyurmuşdur.[7]
Mə’lum olduğu kimi bütün bu rəvayətlər həqiqətdə (sadiqlərin) xaricdəki fərdlərini tanıtdırır və ayənin ümumi məfhumu ilə heç bir ziddiyyət təşkil etmir. Çünki bu qrupa ilk növbədə Peyğəmbəri-əkrəmin (s) özü, sonra isə müxtəlif zamanlarda yaşayan mə’sum imamlar aiddir. Beləliklə, bu ayə həm ümumi, həm də xüsusi imamət və vilayəti sübut etmək üçün aydın dəlildir.


[1] Hücurat” surəsi, ayə: 15.
[2] Kəbir” təfsiri, 16-cı cild, səh. 221.
[3] Ehqaqul-həqq, 3-cü cild, səh. 297.
[4] Yenə orada.
[5] Nurus-səqəleyn, 2-ci cild, səh. 280, hədis: 392-393.
[6] Yenə orada.
[7] Burhan təfsiri, 2-ci cild, səh. 170.

"ULİL-ƏMR" (ƏMR SAHİBLƏRİ) AYƏSİ"İNZAR VƏ HİDAYƏT" AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma