Uşaqlar üçün namazın cazibədarlığı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Uşaqlar üçün namazın cazibədarlığı

Höccətul-İslam Hüseyn əl-Ədri makarem news

Xülasə:
Açar sözlər:

Valideynlərin əksəriyyətinin nigarançılığı övladlarının dini təlim və tərbiyəsi məsələsidir. Bu səbəbdən, valideynlər övladlarının dini təlimlərə maraq göstərməsi və buna cəlb olunması üçün, daha təsirli metodlar axtarmaqdadırlar. Eyni zamanda, hər bir valideyn dinin ən önəmli təlimlərindən biri olan namazın yeniyetmələrin tərbiyəsində daha təsirli olduğunu bilir və bu sahədə övladlarını namaz və ibadətə cəlb edəcək praktiki üsullar axtarırlar. Hər hansı bir tərbiyə üsulunu həyata keçirərkən orta həddi qoruyub saxlamaq və tərbiyəvi məsələlərə riayət etməyin zəruri olduğuna da diqqət yetirmək lazımdır. Bununla əlaqədar Əhli-beytdən (ə) bir sıra örnəklər, məsləhətlər qələmə alınmışdır. Həmin örnək və istiqamətləndirmələr övladlarının tərbiyəsi yolunda qədəm götürmüş valideynlər üçün daha faydalı və əhəmiyyətli ola bilər.
Valideynlərin öz övladlarının tərbiyəsi barədə nigarançılığı Peyğəmbərin (s) mübarək kəlamlarındakı sifarişlərindən irəli gəlir:
«ادّبوا اولادکم فانکم مسئولون». (1)
"Öz övladlarınıza ədəbli olmağı öyrədin, çünki siz bunun üçün məsuliyyət daşıyırsınız."
Həmçinin, həzrət Əli (ə) buyurur:
«اکرموا اولادکم و احسنوا آدابهم». (2)
"Övladlarınızı əzizləyərək onlara şəxsiyyət verin və onları yaxşı tərbiyələndirin."
Əziz valideynlər həmişə öz övladları qarşısında məsuliyyət daşıdıqlarını bilir və onları düzgün tərbiyə etməyə çalışırlar. Valideynlərin bir çoxu öz övladlarına hətta kiçik yaşlarından namaz qılmağı öyrədirlər. Buna görə ki, namaz İslam dininin ən önəmli təlimlərindən biridir və yeniyetmələrin təlim-tərbiyə məsələsində daha təsirlidir.

 

Namazın əhəmiyyəti
Quran ayələrinin 122-dən çoxu namazla əlaqədar nazil olmuşdur ki, bu da namazın əhəmiyyətinə aşkar sübutdur. Həmçinin, məsum imamların (ə) namazla əlaqədar buyurduqları da bu məsələni təsdiqləyir. Bəzən namazın əhəmiyyətini izah etmək məqsədilə onu bir bədənin üzərindəki başa bənzətmiş və bəzən də İslam dininin beş sütun üzərində qurulduğunu və onlardan birinin namaz olduğunu qeyd etmişlər.
Peyğəmbər (s) namazı gözünün nuru hesab edir (3) və namazı onunla həmsöhbət olmağın hər bir çətinliyi insan üçün şirinləşdirən məşuqə kimi vəsf edirdi. (4)
Bəli, həqiqətən də, namaz digər əzaların onun vasitəsilə öz yollarını tapdığı göz nuru və bütün əməllərin onunla ölçüləcəyi bir tərəzidir. (5) Görəsən, özüylə bərabər mizan və tərəzi gətirməyən bir şəxsin əməllərini necə ölçmək olar?! (6)
Bütün peyğəmbərlər namaza dəvət olunmuş və eləcə də, insanları ona doğru səsləmişlər. İlahi rəhbərlər öz bərəkətli həyatları boyunca və hətta ömürlərinin son anınadək namaza rəğbət bəsləmiş və ona önəm vermişlər. (7) Həzrət İbrahimdən (ə) namazın bərpası ilə əlaqədar bir fakta nəzər salaq. O həzrət öz həyat yoldaşı və körpə uşağını susuz və quru bir səhrada tənha qoyur (8) və buna baxmayaraq, Allahdan öz həyat yoldaşı və övladlarını namazı bərpa edənlərin zümrəsinə daxil etməsini istəyir. (9)
Namaz qılmağın necə bir səadət olduğunu bəyan edərək, həzrət İsa (ə) belə buyurur:
«وَ اَوْصانِی بِالصَّلوهِ وَ الزَّکوهِ ما دُمْتُ حَیّاً». (10)
"Mən həyatda olduğum müddətdə namaz qılmaq və zəkat verməyə tövsiyə olunurdum."
Həmçinin, həzrət Musa (ə) da namazı bərpa etməyə əmr olunmuşdu. (11) Hikmət sahibi olan Loğman da öz oğluna namaz qılmağı tövsiyə etmişdir. (12) Nəticədə, bütün möminlərə namaz qılmaq vacib oldu ki, (13) bu coşub-daşan çeşmədən bəhrələnərək (14) meraca və ən yüksək məqama ucalsınlar. (15)
Hətta, Peyğəmbər (s) özünün bu məsələdə ciddi olmasına baxmayaraq, öz ailəsini namaz qılmağa dəvət etməsi haqda Allah tərəfindən əmr almışdı. Allah-taala buyurur:
«وَأْمُرْ أَهْلَکَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَیْهَا». (16)
"Öz ailəni namaza dəvət et və özün də onu yerinə yetirməkdə səbirli ol!"
Belə ki, namaz möminlərin meracıdır və merac və yüksəlişdən geri qalan hər kəs cəhənnəmə giriftar olacaqdır:
«مَا سَلَکَکُمْ فِی سَقَر؟ قَالُوا لَمْ نَکُ مِنَ الْمُصَلِّینَ». (17)
"Siz hansı səbəbdən cəhənnəmdəsiniz? Dedilər: "Biz namaz qılanlardan deyildik.""

 

Övladlarımızın namaz qılmasının təsir və faydaları
1. Bəyənilmiş işlərə doğru yönəlmək
Namaz bütün xeyir və yaxşılıqların qaynağı olan Allah-taala ilə rabitə qurmaqla yanaşı, övladlarınızı da faydalı işlərə doğru dəvət edir. Namaz qılan şəxsin namazda riayət etməli olduğu məsələ və şərtlər elə bir şəkildə tənzimlənmişdir ki, istər-istəməz onu yaxşı işlərə doğru sövq etdirir. Buna misal olaraq, namaz qılan şəxsin namaz qıldığı yer və paltarının qəsbi olmaması, həmişə təyin olunmuş vaxtda namaza hazır olması və camaatla birgə namaz qılması və sairə kimi şərtləri sadalamaq olar. Namazın yalnız bir ibadət deyil, əksinə bəyənilmiş fikir, düşüncə və humanist xüsusiyyətləri insanların qəlbinə hopduran təlim-tərbiyə üsulu olması hər birimizin çox asanlıqla dərk edə biləcəyi bir məsələdir. Müşriklər (Allahın şəriki olduğuna inananlar) həzrət Şüeyblə (ə) mübahisə edərkən məqsədlərinin istehza etmək olmasına baxmayaraq, bu məsələyə işarə edərək o həzrətə deyirdilər:
«یَا شُعَیْبُ أَصَلاَتُکَ تَأْمُرُکَ أَن نَّتْرُکَ مَا یَعْبُدُ آبَاؤُنَا أَن نَّفْعَلَ فِی أَمْوَالِنَا ما نَشاء». (18)
"Ey Şüeyb! Atalarımızın sitayiş etdiklərini tərk etməyimizi sənə əmr edən və ya öz mallarımızdan istədiyimiz kimi istifadə etməyimizə mane olan sənin namazındırmı?!"


2. Günah və pis işlərdən uzaq olmaq
Çirkin və pis adətlərin nümunələrinin çoxluğuna baxmayaraq, namazın önəmli təsirlərindən biri namaz qılan şəxsi bütün günahlardan qorumasıdır. Quranda buyurulur:
«أَقِمِ الصَّلاةَ إِنَّ الصَّلاةَ تَنْهى عَنِ الْفَحْشاءِ وَ الْمُنْکَرِ». (19)
"Namazı bərpa edin! Həqiqətən də, namaz insanı fəhşa (iyrənc və nalayiq işlər) və bəyənilməyən işlərdən qoruyur."
Bu, namazın insanı pisliklərin nümunələri olan hər hansı bir günahdan qoruması deməkdir. Əlbəttə, bunu da qeyd etmək lazımdır ki, bəzi namaz qılanların bir sıra günahlara mürtəkib olması səbəbi onların elə həmin miqdarda namaza laqeyd yanaşaraq ona önəm verməməsidir.
Burada iki incə məqama diqqət yetirməyimiz zəruridir:
Birincisi, namaza nə qədər əhəmiyyət və önəm versək, günahlardan bir o qədər uzaqlaşmış olacağıq. Xanım Fatimə Zəhra (ə) namazı təkəbbürdən uzaq olmağın çarəsi bilirdi. (20)
İkincisi, hər hansı bir səbəb üzündən günahlar çoxalsa və onun miqdarı bizim namaza olan diqqətimizdən artıq olsa, bu zaman namazdan aldığımız mənəvi ləzzətlər də elə həmin miqdarda azalacaqdır. Bu, çox təhlükəli bir vəziyyətdir, ona görə ki, bəziləri günaha bulaşdıqca artıq namaz qılmaq onlar üçün məna daşımır və nəticədə, namazı tərk edir və zaman keçdikcə günah bataqlığında daha da qərq olurlar.


3. Aramlığa qovuşmaq və şücaətli olmaq
Hər bir insan özünün və ətrafındakıların asudə həyat sürməsini istəyir. Eləcə də, hər bir ürəyi yanan valideyn öz övladının stres və narahatlığından qüssələnir və narahat olur. Quranda Allahı yad etməyin aramlığa səbəb olduğu bildirilir:
«أَلا بِذِکْرِ اللهِ تَطْمَئِنُّ الْقُلُوبُ». (21)
"Bilin ki, qəlblər yalnız Allahı yad etməklə aram olar."
Eyni zamanda, Allahı yad etmək üçün məhz namazın daha yaxşı vasitə olduğu vurğulanır:
«أَقِمِ الصَّلاةَ لِذِکْرِی». (22)
"Məni yad etmək üçün namaz qıl!"
Buna əsasən, əgər bizim övladlarımız namaz və razü-niyaz əhli olsalar, qəlbləri aramlığa qərq olmaqla yanaşı, Quranda buyurulduğu kimi, qorxu onların qəlbinə yol tapa bilməyəcəkdir:
«إِنَّ الَّذینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ وَ أَقامُوا الصَّلاةَ ... لا خَوْفٌ عَلَیْهِمْ وَ لا هُمْ یَحْزَنُونَ». (23)
"İman gətirən, saleh əməllər edən və namazı bərpa edən... kəslər üçün heç bir qorxu yoxdurvə onlar qəmgin olmazlar."


4. Müvəffəqiyyət və uğur hissləri.
Quranın "Muminun" surəsində möminlərin səadətə çatacaqları bəyan edildiyi kimi, həqiqi səadətin başqa bir aləmə aid olmasına baxmayaraq, elə bu dünyada da möminlər sanki qabaqcıllığı başqalarının əlindən alaraq mənimsəyiblər, buna görə ki, onlar hər zaman Allahdan yardım istəyirlər:
«یا أَیُّهَا الَّذینَ آمَنُوا اسْتَعینُوا بِالصَّبْرِ وَ الصَّلاةِ». (24)
"Ey iman gətirənlər! Səbir və namazla (Allahdan) yardım istəyin!"
Həmçinin, Allah-taala da namaz qılanları tək qoymayacağını bildirmişdir:
«قالَ اللهُ اِنّی مَعَکُمْ لَئِنْ اَقَمتمُ الصَّلاةَ». (25)
"Allah buyurdu: "Əgər namaz qılsanız, həqiqətən, mən sizinləyəm!""
Belə olduğu halda əgər övladlarımızı namaz və Allah-taala ilə rabitə metodu ilə tanış etsək, əsl həqiqətdə onları etimad və ümidlə dolub-daşan bir iqtidar və qüdrət mənbəyinə yönəltmiş oluruq. Başqaları ruzigarın çətinliklərilə üzləşdikdə fəryad etdiyi zaman, onlar sarsılmaz bir iradə ilə önə doğru hərəkət edəcəklər:
«اِذا مَسَّهُ الشرُّ جَزُوعاً. وَ اِذا مَسهُ الخَیْرٌ مَنوعاً. اِلاّ المُصَلینَ. الَّذینَ هُمْ عَلی صَلاتِهِمْ دائِمُون». (26)
"Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır. Ona bir zərər və ziyan üz verdikdə, dözməz. Ona bir xeyir yetişdikdə, xəsis və simic olar. Namaz qılanlardan savayı."

Yeniyetmələrin dini göstərişlərə cəzb olunması üçün ümumi üsul


1. Məhəbbət və mehribanlıq
Məhəbbət və mehribanlıq İslamın təlim-tərbiyə üsullarından biridir və buna dair çoxlu təkidlər olunmuşdur. Kiminsə məhəbbətini qəlbinə yerləşdirən hər bir kəs istər-istəməz həmin şəxsin rəftar və davranışlarını özü üçün nümunə seçəcək, bütün hallarda özünü ona bənzətməyə çalışacaqdır. Məsələn, onun kimi paltar geyinəcək, onun kimi danışacaqdır. Həmçinin, onun xoşladıqlarını bu da bəyənəcək və onun sevmədiyi hər bir şey bunun da gözündən düşmüş kimi olacaqdır. Bəzən məhəbbət və mehribanlıq elə bir həddə çatır ki, bir şəxsi özünün azarkeşi, gözü və əli-qolu bağlı bir itaətkara çevirir.
Allah-taala itaət etməkdən boyun qaçıran, lakin məhəbbətdən dəm vuran kəslərə xitab edərək buyurur:
«قُلْ إِنْ کُنْتُمْ تُحِبُّونَ اللهَ فَاتَّبِعُونی یُحْبِبْکُمُ اللهُ». (27)
"(Ey Rəsulum!) De: "Əgər Allahı sevirsinizsə, mənə itaət edin ki, Allah da sizi sevsin.""
Övladlarımızın duyğu və məhəbbətə ehtiyaclı olmasının inkaredilməz bir həqiqət olmasına baxmayaraq, məhəbbət və duyğunun tərbiyəvi təsirlərinə göz yuma bilmərik. İslamda öz məhəbbətlərini övladlarından əsirgəməməsi üçün valideynlərə tövsiyə olunmuşdur. Həzrət Əli (ə) buyurur:
«لیتأسّ صغیرکم بکبیرکم و لیرأف کبیرکم بصغیرکم و لا تکونوا  کجفاة الجاهلیة». (28)
"Övladınız öz davranışlarında böyüklərinə itaət etməli və valideynlər də onlarla münasibətdə mehriban olmalıdırlar. Məbada, cahiliyyət dövrünün cahilləri və sitəmkarları kimi rəftar edəsiniz!"
O həzrətin sözlərinə diqqət yetirsək, itaətkarlıqla məhəbbət və mehribanlıq arasında olan əlaqəni rahatlıqla dərk edərik. Uşaqlara böyüklərə itaət etmək və böyüklərə isə kiçiklərlə mehriban davranmaq və onlara məhəbbət göstərmək tövsiyə olunmuşdur. Sanki o həzrət bu ikisinin bir-birindən asılı olmasını bəyan etməklə onları valideyn və övlad arasında qarşılıqlı münasibət və rəftar kimi qələmə verir. Amma uşaqlara məhəbbət göstərməyin necəliyinə gəldikdə isə, deməliyik ki, bu, müəyyən qədər uşaqların fitri xüsusiyyətləri və bəzən də cəmiyyətdəki adət-ənənə ilə əlaqədardır. Şübhəsiz, məsum imamlar (ə) öz övladlarına məhəbbət göstərməklə bağlı nəvaziş etmək, öpmək və sairə kimi vasitələrdən istifadə edirdilər.
Peyğəmbərin (s) barəsində belə nəql olunmuşdur:
«إذا أَصبَحَ مَسَحَ عَلى رُؤُوسِ وُلدِهِ وَ وُلدِ وُلدِهِ». (29)
"O həzrət hər gün səhər açıldığında, məhəbbətlə əlini öz övladı və nəvələrinin başına çəkərdi."
Allahın Rəsulu (s) öz övladlarına olan məhəbbətlərini ifadə etmək və onları öpməklə əlaqədar müsəlmanlara tövsiyə edir və bunun qarşılığında onlara savab (30) və Cənnətdə yüksək məqamlar əldə etmək (31) vədəsi verirdi. Bir nəfər Peyğəmbərin (s) yanına gəlib indiyədək övladlarının heç birini öpmədiyini deyərkən, o həzrət həmin şəxsin cəhənnəm əhlindən olduğunu buyurdu. (32)
Buna əsasən, övladlarımızı sevməli, onlara qayğı göstərməli və onlarla mehriban davranmalıyıq, çünki "Öz övladına məhəbbət göstərən kəsə, Allahın rəhməti şamil olar". (33)


2. Təşviq etmək və rəğbətləndirmək
İslamda təlim və tərbiyə istiqamətində təşviq etmək və rəğbətləndirməyə xüsusi diqqət vardır, eləcə də, Allah-taala öz bəndələrini bunun vasitəsilə yaxşı əməllərə doğru sövq etdirir. Quran təşviqlə bağlı çoxlu nümunələrə işarə etmişdir. Cənnət nemətlərini vəsf edən və müjdə verən mübarək ayələr məhz bu qəbildən olan ayələrdir. Quranda peyğəmbərlərin xüsusiyyət və vəzifələrindən biri kimi onların "Mübəşşir" (34), yəni "bəşarət verən, müjdələyən" olmaları bəyan olunmuşdur. Quranda bəşarət və müjdə ilə əlaqədar nazil olan ayələrə aşağıdakı ayələri misal göstərə bilərik:
«لَهُمْ أَجْرٌ کَرِیمٌ».(35)
"Onlar üçün çox dəyərli hədiyyələr vardır."
«لَهُمْ أَجْرٌ غَیْرُ مَمْنُونٍ». (36)
"Onlar üçün minnətsiz mükafat vardır."
«لَهُم مَّغْفِرَةٌ وَ أَجْرٌ عَظِیمٌ». (37)
"Bağışlanmaq və böyük mükafat məhz onlar üçündür."
«أَجْرٌ کَبِیرٌ». (38)
"Böyük mükafat."
«لَهُمْ عُقْبَى الدَّارِ». (39)
"Gözəl aqibət məhz onlar üçündür."
«سَلاَمٌ عَلَیْکُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ». (40)
"(Deyəcəklər:) "Salam olsun sizə səbr etdiklərinizə görə, axirət evi necə də gözəldir!""
«أُوْلَئِکَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِیهَا خَالِدُونَ». (41) و...
"Onlar cənnət əhlidirlər və orada həmişəlik qalacaqlar."
Bu mübarək ayələr bəndələri yaxşı işləri həyata keçirmək üçün təşviq edən bəşarət ayələrinə nümunədir.
Övladlarımızı namaz və dini təlimlərə cəlb etməyin yollarından biri də təşviq etmək və rəğbətləndirməkdir. Əgər onlar düzgün şəkildə, öz yerində və zamanında təşviq olunarsa, daha çox təsir bağışlayacaqdır. Təşviq etməyin tərbiyəvi təsiri bəzən insanların həyat yolunu belə dəyişdirə bilir. Təşviq etmək əgər bəyənilmiş bir işin icrasından öncə olarsa, bu zaman yüksək şövq və rəğbət hissinə çevriləcək, amma ondan sonra olarsa, həmin şəxsin bundan iftixar hissi keçirməsinə səbəb olacaq və gələcəkdə də bu kimi faydalı işlər həyata keçirtməsinə zəmin yaradacaqdır. Buna görə də, valideynlər öz övladlarını iki mərhələdə namaza dəvət edə bilərlər. İlk öncə onlarda namaz qılmağa rəğbət hissi oyatmaq və daha sonra onlar namaz qılmağa başladıqdan sonra təşviq etməklə bu xeyir əməldə onlara yardım edə bilərlər. Diqqət yetirmək lazımdır ki, övladlarımızı təşviq etmək bir növ onlara şəxsiyyət verməkdir, buna görə də, onlar belə rəftarları təkrar etməklə həmişə valideynlərinin diqqət və məhəbbətini özlərinə cəlb etmək niyyətindədirlər. Nəticədə, bu təkrarlar sayəsində belə bəyənilmiş rəftarlar onlarda bir xüsusiyyət kimi formalaşır.
Uşaqları təşviq etmək maddi və ya mənəvi baxımdan da ola bilər. Maddi təşviq dedikdə, məsələn, bir şokolat və ya oyuncaq almaq və yaxud gəzintiyə çıxarmaq, oyun oynamaq, əylənmək və sair kimi təşviq növlərinə işarə etmək olar. Belə maddi təşviq növləri gözəldir, lakin mənəvi təşviqdən də qəflət etməməliyik. Bəzən bir dəfə "Afərin" demək qat-qat artıq təsir bağışlayır. Nəql olunub ki, balaca bir oğlan uşağı Peyğəmbərin (s) yanında asqırdı və daha sonra isə dedi: "Əlhəmdu lillah". Peyğəmbər (s) ona buyurdu:
«بارَکَ اللهُ فِیکَ». (42)
"Afərin olsun sənə!"
Bu cür məhəbbət göstərmək əgər uşağın öz valideyni tərəfindən olsa, onun üçün ən yaxşı hədiyyə kimi cilvələnə bilər. Allah-taala da öz saleh bəndələrinin bir çoxuna məhəbbət göstərir. Quranda belə buyurulur:
«أَحْسِنُوا إِنَّ اللهَ یُحِبُّ الْمُحْسِنین» ((43
"Yaxşılıq edin, həqiqətən, Allah-taala yaxşılıq edənləri sevir."
«فَتَوَکَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ یُحِبُّ الْمُتَوَکِّلِینَ» (44)
"Allaha təvəkkül et, həqiqətən, Allah ona təvəkkül edənləri sevir."
«اَقْسِطُوَّاْ إِنَّ اللّهَ یُحِبُّ الْمُقْسِطِینَ» (45)
"Ədalətə riayət edin, şübhəsiz, Allah adil olanları sevir."
« بَلی مَنْ أَوْفی بِعَهْدِهِ وَ اتَّقَی فَإِنَّ اللَّهَ یُحِب الْمُتَّقِینَ» (46)
"Kim əhdinə vəfa etsə və təqvalı olsa, (bilsin ki,) həqiqətən, Allah təqvalıları sevir."
Ata və analar təşviq və rəğbətləndirmənin övladların tərbiyəsində çox təsirli rola malik olmasına diqqət yetirməlidirlər. Əlbəttə, övladlarımızı nə üçün təşviq etdiyimizi onlara başa salmalıyıq. Təşviq ifrat və təfritə yol verilməyəcək həddə və övladımızın rəftarı ilə uyğun olmalıdır. Belə ki, orta həddi qoruyub saxlamaq təşviq etməyin zəruri şərtlərindəndir.


3. Nümunə götürmək və örnək almaq
Başqalarının rəftarlarını təqlid etmək və ya örnək götürmək insanlarda olan psixoloji hallardan biridir və hər bir insan öyrənmək və təlim almaqda ondan faydalanmağa məcburdur. Bu halın bütün insanların həyatında baş verməsi bəzilərinin onun insanların fitri bir xüsusiyyəti olmasını düşünməsinə səbəb olmuşdur. (47) Sizin övladlarınz təqribən iki yaşından etibarən, artıq sizin rəftarlarınızdan örnək götürməyə başlayırlar (48) və onların təqlid etmələri və örnək götürmələri üçün hər hansı bir həddi təyin etmək olmaz.
Övladlarınızın örnək almasında nəinki siz, hətta ətrafınızda olan qohumlar, bibi, əmi, xala, dayı kimi digər kəslər də önəmli rol oynayır. Bunların hər birinin sizin övladınızın şəxsiyyətinin formalaşmasında müəyyən qədər təsiri var. Məhz buna görədir ki, həyat yoldaşı seçməklə əlaqədar rəvayətlərdə (49) öz övladınız üçün kimləri xala, dayı etməyinizə diqqət yetirməyiniz tövsiyə olunmuşdur, çünki onlar sizin övladlarınızın örnək götürəcəyi kəslər olacaq və onun tərbiyəsində önəmli təsir qoyacaqlar.
Başqaları ilə səmimi və emosional rabitə qurmağın özü də övladlarımızın tərbiyəsində təsirsiz deyil, bu rabitə və ünsiyyət davam etdiyi müddət ərzində onlar gördükləri və eşitdikləri hər şeyi onların yaxşı və pisliyinə diqqət yetirmədən eynilə qəbul edir və həyata keçirir. Başqalarından bu şəkildə və dəlil-sübutsuz örnək götürmək həddən artıq təhlükəli bir haldır. Həzrət İbrahim (ə) öz qövmünə dedi:
«هَلْ یَسْمَعُونَکُمْ إِذْ تَدْعُونَ أَوْ یَنْفَعُونَکُمْ أَوْ یَضُرُّونَ»
"Bu bütləri çağırdığınızda onlar sizin səsinizi duyurmu və ya onlar sizə hər hansı bir fayda və ya zərər verə bilirlərmi?!"
Bu zaman müşriklər dedilər:
«قالُوا بَلْ وَجَدْنا آباءَنا کَذالِکَ یَفْعَلُونَ» (50)
"Biz öz ata-babalarımızın belə etdiklərini görmüşük (biz də onlardan gördüklərimizi edirik)."
Bəzən övladın heç bir dəlil-sübuta əsaslanmadan öz böyüklərinə itaət və onları təqlid etməsi onu inhiraf və həlakətə sürükləyir. Biz başqaları ilə dostluq və qohumluq münasibətlərində daha diqqətli olmalıyıq. Övladlarımızın kiminlə dostluq etmələrini onlara tövsiyə etməli və ya yeri gəldikdə onlara mane olmalıyıq. Bu üsulu bizə Quran öyrətmişdir. Quranda Əbu Ləhəb kimi pis insanlar mənfur tanıtdırıldığı halda (51), hamıya həzrət İbrahim (ə) və həzrət Məhəmməd (s) kimi şəxsiyyətlərdən örnək almaq tövsiyə olunur.
Övladlarımızın digərlərindən örnək götürməsi və təqlid etməsinin qaçılmaz olmasına baxmayaraq, əziz valideynlər də dahi şəxsiyyətləri tanıtdırmaq və münasib nümunələr təqdim etməkdə səhlənkarlıq etməməlidirlər.
Quranda İslam peyğəmbəri (s) bütün hallarda, həzrət İbrahim (ə) təkallahlılıq, şirk və bütpərəstliklə mübarizədə ən gözəl örnək kimi təqdim olunmuşdur. Biz də öz övladlarımızı məsumların (ə) üslub və həyat tərzi ilə tanış etməli və onların davranış və rəftarlarından örnək götürməyə dəvət etməliyik. Bundan əlavə, onlar üçün real və müşahidəolunası nümunələr təqdim etmək daha çox təsirə malik ola bilər. Bu yolla onlar asanlıqla örnək götürə bilərlər. Unutmamalıyıq ki, yalnız məsumların (ə) həyatı bizim övladlarımız üçün kamil bir örnəkdir. Əgər digərlərini öz övladlarınız üçün nümunə seçmisinizsə, yaxşı olar ki, onların bəyənilmiş rəftarlarına işarə edəsiniz və övladlarınız həmin şəxslərin yalnız yaxşı xüsusiyyətlərindən örnək götürmüş olsunlar.
Uşaqların namaza cəlb olunmaları üçün əsas mərhələlər
Uşaqların dini təlim-tərbiyəsi üçün ümumi qanunların təyin olunması, eləcə də, onların icrasının zəruriliyinə baxmayaraq, uşaqları namazla tanış etməyin özünəməxsus xüsusiyyət və qaydası vardır ki, onları xatırlatmamaq insafdan deyil. Uşaqların təlim və tərbiyəsində valideynlərin əsas problemlərindən biri onların təcrübi və praktiki üsulları önə sürməməsidir. Bu qeyri-müəyyənlik və ümumi yanaşma bəzən valideynin heyrət və çaşqınlığına səbəb olur, həmçinin, qarşılaşdığı ümumi üsullardan yanlış nəticə alması heç də ürəkaçan olmur. Buna görə də, təcrübi və təyin olunmuş zaman çərçivəsində icra olunası üsulların irəli sürülməsi zəruri məsələlərdən biri hesab olunur. Hər bir tərbiyəvi planın nəticə verməsi üçün, müəyyən bir müddətə ehtiyac duyulur. Uşaqların namaza cəlb olunmaları üçün keçməli olduqları tərbiyəvi mərhələlər müəyyən bir zaman çərçivəsində həyata keçirilir ki, onu önümüzdəki bəhslərdə qeyd edəcəyik.


1. Təlim mərhələsi.
Hədislərdə uşaqlar və yeniyetmələrə namazı öyrətmək təkid olunmuş məsələlərdəndir. Həzrət Əli (ə) buyurur:
«عَلِّمُوا صِبْیانَکُمُ الصَّلاةَ» (54)
"Uşaqlarınıza namazı öyrədin!"
Həmçinin, imam Sadiq (ə) buyurur:
«فَإِذا تَعَلَّمَ الوُضوءَ وَالصَّلاةَ غَفَرَ اللّه ُ عزّ و جلّ لَهُ و لِوَالِدَیهِ إن شاءَ اللّهُ» (55)
"Bir uşaq dəstəmaz almaq və namaz qılmağı öyrəndiyi zaman, Allah-taala da onun ata və anasını bağışlayar inşaallah."
Təlim-tərbiyə müddətində bir neçə amilə xüsusi diqqət yetirilir:
1. Yaş həddi.
2. İstedad və öyrənmək qabiliyyəti.
3. Şəxsin öyrənməyə olan meyl və marağı.
4. Təlim keçmək və öyrətmək üsulu.
Günümüzdə qeyd olunmuş amillərə əsasən, hər yaş qurupuna aid ayrıca kitablar müxtəlif üslublarla çap olunur. Namazın təlimi də bu məsələlərdən istisna olunmamışdır. Yaş həddi və istedadların ayrıca şəkildə araşdırılması və dəyərləndirilməsi məqsədə çatmaq üçün çox kömək edir. Eləcə də, dini təlimlərdə və namazın öyrədilməsində də uşaqların yaş həddi və sair kimi amillərə xüsusi diqqət yetirilməlidir.
Övladlarımızı hansı yaşdan etibarən namaz qılmağa təşviq etməliyik? Nə zaman ondan namaz qılmasını tələb edək? Namazı hansı yaşlarda öyrətmək daha münasibdir? Övladımız böyüdükcə təlim üsulları da gücləndirilməlidirmi? Hədislərdə bu mərhələlərlə bağlı hansısa bir zaman çərçivəsinə aşkar şəkildə işarə edilibmi?
İmam Baqirin (ə) valideynlərə tövsiyələrində yuxarıdakı suallara da cavab olacaq çox önəmli məsələlərə işarə olunmuşdur. O həzrət buyurur:
«إذا بَلَغَ الغُلامُ ثَلاثَ سِنینَ، یُقالُ لَهُ : قُل (لا إلهَ إلاَّ اللّه) سَبْعَ مَرّاتٍ . ثُمَّ یُترَکُ حَتّى یَتِمَّ لَهُ ثَلاثُ سِنینَ و سَبعَةُ أشهُرٍ و عِشرونَ یَوما، فَیُقالُ لَهُ : قُل : (مُحَمَّدٌ رَسولُ اللّه) سَبعَ مَرّاتٍ . و یُترَکُ حَتّى یَتِمَّ لَهُ أربَعُ سِنینَ، ثُمَّ یُقالُ لَهُ قُل : سَبعَ مَرّاتٍ : (صَلَّى اللّه ُ عَلى مُحَمَّدٍ و آلِهِ). ثُمَّ یُترَکُ حَتّى یَتِمَّ لَهُ خَمسُ سِنینَ ، ثُمَّ یُقالُ لَهُ : أیُّهُما یَمینُکَ و أیَّهُما شِمالُکَ ؟ فَإِذا عَرَفَ ذلِکَ حُوِّلَ وَجهُهُ إلى القِبلَةِ و یُقالُ لَهُ : أسجُد. ثُمَّ یُترَکُ حَتَّى یَتِمَّ لَهُ سَبعُ سِنینَ، فَإِذا تَمَّ لَهُ سَبعُ سِنینَ قیلَ لَهُ : اغسِل وَجهَکَ و کَفّیکَ، فَإِذا غَسَلَهُما قیلَ لَهُ : صَلِّ . ثُمَّ یُترَکُ حَتّى یَتِمَّ لَهُ تِسعُ سِنینَ ، فَإِذا تَمَّت لَهُ عُلِّمَ الوُضوءَ، و ضُرِبَ عَلَیهِ، و اُمِرَ بِالصَّلاةِ، و ضُرِبَ عَلَیها . فَإِذا تَعَلَّمَ الوُضوءَ وَالصَّلاةَ غَفَرَ اللّه ُ عز و جل لَهُ و لِوَالِدَیهِ إن شاءَ اللّه» (56)
"Oğlan uşağı üç yaşına çatdığında, ona deyilməlidir ki, (La ilahə illəllah) cümləsini yeddi dəfə təkrarlasın, daha sonra isə onun 3 il, 7 ay və 20 günü kamil olanadək azad buraxmaq lazımdır, sonra isə yenə ona demək lazımdır ki, yeddi dəfə desin (Muhəmmədun rəsulullah) və bir daha onun 4 yaşı tamam olanadək gözləsinlər, bu zaman ona deyilməlidir ki, yeddi dəfə (Səlləllahu əla Muhəmmədin və alih) desin, bu dəfə də 5 yaşınadək gözləsinlər və 5 yaşına çatdığında, ondan hansı əlinin sağ əl və hansının sol əl olduğunu soruşsunlar, əgər düzgün cavab versə, üzünü qibləyə tərəf çevirərək ona desinlər ki, səcdə et və bundan sonra onun 7 yaşı tamam olanadək gözləsinlər. 7 yaşı tamam olduğunda, ona desinlər ki, üzünü və iki əlini yu, üzünü və əllərini yuduqdan sonra, ona desinlər ki namaz qıl. Sonra 9 yaşınadək gözləsinlər. Elə ki, 9 yaşı tamam oldu, ona dəstəmaz almağı öyrətsinlər və onu tərk etdiyi hallarda tənbih və namaz qılmağı tələb etsinlər. Əgər namazı tərk edərsə, tənbih etsinlər. Elə ki, dəstəmaz və namazı öyrəndi, Allah-taala onun ata və anasını bağışlayar inşaallah."
Həmçinin, imam Sadiq (ə) də namazın öyrədilməsi üçün müəyyən bir zamana işarə edərək buyurur:
«إنّا نَأمُرُ صِبیانَنا بِالصَّلاةِ إذا کانوا بَنی خَمسِ سِنینَ، فَمُروا صِبیانَکُم بِالصَّلاةِ إذا کانوا بَنی سَبعِ سِنینَ، و نَحنُ نَأمُرُ صِبیانَنا بِالصَّومِ إذا کانوا بَنی سَبعِ سِنینَ بِما أطاقوا مِن صِیامِ الیَومِ إن کانَ إلى نِصفِ النَّهارِ أو أکثَرَ مِن ذلِکَ أو أقَلَّ، فَإِذا غَلَبَهُمُ العَطَشُ و الغَرَثُ أفطَروا، حَتّى یَتَعَوَّدُوا الصَّومَ و یُطیقوهُ، فَمُروا صِبیانَکُم إذا کانوا بَنی تِسعِ سِنینَ بِالصَّومِ مَا استَطاعوا مِن صِیامِ الیَومِ، فَإذا غَلَبَهُمُ العَطَشُ أفطَروا» (57)
"Bizim övladlarımız 5 yaşını tamamladıqda, onları namaza əmr edirik, amma siz övladlarınız 7 yaşını tamamladıqda onları namaza əmr edin. Biz övladlarımız 7 yaşını tamamladığı zaman ohdəsindən gəldikləri həddə bəzən günün yarısını, bəzən də ondan çox və ya az bir miqdar onları oruc tutmağa əmr edirik, aclıq və susuzluq onları əhatə etdiyi zaman iftar edirlər, beləliklə, oruc tutmağa adət edərək ona dözüm əldə edirlər. Sizsə öz övladlarınızı 9 yaşını tamamladığı zaman, onların dözə bildikləri miqdarda onları oruc tutmağa vadar edin və susuzluq və aclıq onlara qalıib gəldikdə isə iftar etsinlər."
Yuxarıdakı hər iki hədisdə elə dəqiq məqamlara işarə olunmuşdur ki, onlara riayət etmək kifayət edər:
1. Namazın təlimi mərhələ ilə başa vurulmalıdır.
2. Namazın təlimi üçün həyata keçirilən mərhələlər "La ilahə illəllah" demək kimi asan mərhələlərdən ibarət olmalıdır.
3. Namazın təlimi, namazın üzü qibləyə dayanmaq kimi şərtlərilə yanaşı həyata keçirilməlidir.
4. Namazın təlimi az yaşlarından etibarən və tədrici olaraq başlanmalıdır.
5. Namaz və onun mərhələlərinin təlimi uşaqların yaş həddi ilə mütənasib və onların bacardığı həddə olmalıdır.
6. Namazın təlimi uşaqların marağı və ixtiyarı ilə olmalıdır.

2. Asanlaşdırıcı mərhələlər.
Allahı tanımaq və onun yeganəliyinə iman gətirməyin fitri məsələlərdən olmasına əsasən (58), uşaqların ruhən Allahı tanımaq və namaz qılmağa olan meyl və rəğbəti təbii görünür. Uşaqların Allaha imanı və pak fitrəti dini təlimləri asanlaşdırır. Həm valideyn öz övladına dini təlimləri asanlıqla öyrədə bilir və həm də uşaqlar həmin təlimlərin onların fitrətlərinə uyğun olduğunu dərk edərək o təlimləri mənimsəyirlər.
Əlbəttə, əziz valideynlər övladları təklif yaşına çatmazdan əvvəl onları elə formada namaza vadar etməlidirlər ki, bu rəğbət və maraq hissi onlarda üns və ülfətə çevrilsin. Namaz qılmaq formalaşıb adət halına düşərək övladlarının munisi olsun. Elə bir munis ki, onunla söhbət etmək asan və onu tərk etmək qat-qat çətin olsun. Həmçinin, imam Sadiq (ə) də uşaqların vaxtından tez namaz və oruca vadar edilməsinin onların adət etmələri üçün olduğunu bəyan etmişdir:  «حتى یتعودوا» (59) Uşaqları buna adət etdirmək üçün təşviqetmədən bəhrələnmək olar.
Uşaqların fitri olaraq Allaha olan imanlarına baxmayaraq, övladların bəziləri artıq yuxarı yaşlarda namaz qılmağa maraq və rəğbət göstərmirlər. Bu məsələnin başlıca səbəbi onların yaşadığı mühit və bir şəxsin fitrətini öz yolundan inhirafa uğradan amillərlə əlaqədardır.
Təlim və tərbiyənin asanlaşdırılması üçün lazım olan vasitələrdən biri də mühitin həmin tərbiyə növü ilə uyğunluğudur. Əgər uşaq tövsiyə olunduğu təlimin nümunələrini yaşadığı mühitdə müşahidə etsə, onu qəbul etmək uşaq üçün daha asan olacaqdır. Bunun üçün valideynin, ətrafdakıların, eləcə də, dostların namaz qılması daha çox kömək edə bilər. Məhz buna görədir ki, böyüklərin namaz qıldığı bir ailədə çox nadir halarda uşaq namaza laqeyd yanaşır.
Mühitin uşaqlarda qoyduğu təsirlər şübhəsiz ki, onları özünə doğru cəzb edəcəkdir. Onlar düşünmədən hansısa bir yaxşı və ya nalayiq rəftarı təkrarlayırlar. Buna əsasən də uşaqlar dini və məzhəbi məkanlarla münasibətdə biganə olmamalıdırlar. Uşaqları arasında bu kimi məclislər vasitəsilə rabitə yaradan valideynlər onların tərbiyəsində az bir miqdarda zəhmətə düşürlər. Həmçinin, onların övladları da dini təlimlərin intizarındadırlar.


3. Baxış və hədəf mərhələsi.
Allah-taala öz bəndələrinə hidayət yolunu göstərmiş və bəndələr öz yollarını seçməkdə ixtiyar sahibidirlər, möminlərin yolunu seçmək istəyən bu yolu seçir və eləcə də, küfr yolunu seçmək istəyən də o yolu seçir (60). İman meyl və maraqla yanaşı olan ruhi bir məsələdir. İkrah hissinin qəlbdə kök salmış və sarsılmaz olan imanın yanında yeri yoxdur. Allah-taala Quranda buyurur:
«أَ فَأَنْتَ تُکْرِهُ النّاسَ حَتّى یَکُونُوا مُؤْمِنینَ» (61)
"İman gətirsinlər deyə, sən camaatı məcbur edəcəksənmi?!"
Valideynlər də uşaqlarının maraq və düçüncə ilə iman və namaza üz gətirmələri üçün zəmin yaratmalıdırlar. Məcbur etmək və zorakılıq istənilən nəticəni verməyəcək. Ola bilsin ki, uşaqlar tənbeh olunmağın qorxusundan namaza dursunlar, lakin bu kimi tərbiyənin davamı olmayacaqdır. Zaman ötdükcə və məcburiyyət ortadan götürüldükcə artıq bu rəftarın davamını gözləmək yersizdir. Buna əsasən də valideynlər öz övladlarının düşüncəli surətdə bu təlimləri mənimsəmələrinə xüsusi diqqət yetirməlidirlər.
Uşaqların kiçik yaşlarda ətrafdakıların diqqətini cəlb etməkdən başqa, digər hədəflərinin olmamasına baxmayaraq, onlar böyüdükcə və düşüncələri artdıqca, elə həmin uşaq diliylə ona Allah, ilahi nemətlər, onların şükrünü etmək və namazın fəlsəfəsi barədə söz açmaq lazımdır. Ola bilsin ki, ibtidai mərhələlərdə təşviq etmək onlarda azacıq da olsa belə namaz qılmağa meyl yaratmış olsun, amma onun düşüncələri inkişaf etdikcə bu təşviq ona kifayət etməyəcəkdir. Bundan əlavə, təşviq müəyyən həddə məhduddur. Təşviq etməkdə ifrata vardığımız zaman uşaqlar onu bir şərt kimi qəbul edir və təşviq olunmadıqda daha namaz qılmağa maraq göstərmirlər.
İlk mərhələdə təşviq etmək, rəğbətləndirmək, hədiyyə almaq, onunla birgə namaza durmaq, başqalarının yanında onun namaz qıldığını deyərək tərif etmək və sair kimi vasitələrlə uşaqlarda namaz qılmağa maraq hissi və məhəbbət yaratmaq mümkündür.


Nəticə
Namaz İslam dinində həddən artıq əhəmiyyətli bir göstərişdir. Namaz insanı çirkinliklərdən uzaqlaşdırır və onun üçün təkamül yolunu asanlaşdırır. Namaz İslamda üstün əhəmiyyətə malik olduğundan, məsumların (ə) həyatında belə tövsiyə olunmuşdur ki, övladlarınızı hətta azyaşlı çağlarından namaza əmr edin. Uşaqları namaz əhli etmək daha çox diqqət tələb edən bir növ tərbiyə üsuludur. Namazın öyrədilməsi təşviq və mehribanlıqla olmalıdır. Uşaqların yaşı ötdükcə və böyüdükcə onların təfəkkürü məhz tərbiyə üsulları üzərində qurulur. O, nə üçün namaz qıldığını bilməlidir. Bu məsələ onun tərbiyəsinin həmişəlik olmasına səbəb olur.
Biz uşaqları namaz əhli etmək üçün, üç məsələni diqqətinizə çatdırırıq:
1. Namazın sözlərini deyərək və həmçinin, onu icra edərək praktiki surətdə namazı öyrətmək.
2. Təkrarlamaq və təşviq etmək və sair kimi vasitələrlə namaz qılmağı asanlaşdırmaq və onu çətinləşdirməmək.
3. Namazla uşağın Allaha iman gətirməsinə fikri dəstək vermək.

 

null

Qaynaq:
undefined
Peinevesht:

1. "Səfinətul-bihar", "ədəb" sözü.
2. "Vəsailuş-şiə", c. 21, səh. 476, hədis. 27629.
3. "Biharul-ənvar", c. 77, səh. 77. قرة عینی فی الصلوة»  «
4. "əl-Kafi, Kuleyni", tərcümə və şərh Seyyid Cavad Mustəfəvi, c. 3, səh. 131, Tehran, Əhli-beyt (ə) adına mədəniyyət və nəşr evi.
Peyğəmbər (s) buyurdu:
«افضل الناس من عشق العباده فعانقها و احبها بقلبه و باشرها بجسده و تفرغ لها، فهولایبالی علی ما اصبح من الدنیا علی عسر ام علی یسر»
"İnsanların ən yaxşısı ibadəti özünün məşuqu hesab edən, ibadətə sarılaraq onu bütün vücudu ilə hiss edən və özünü onun üçün hazırlayan kəsdir. Bu zaman dünyanın ona asan və ya çətin keçməsindən nigaran olmayacaqdır."
5. "Kafi", c. 1, səh. 267. «الصلوه میزان»
6. "Vəsailuş-şiə", c. 3, səh. 23. və "Mən la yəhzuruhul-fəqih", c. 1, bölmə 30, hədis. 5.
İmam Sadiq (ə) buyurdu:
«اول ما یحاسب به العبد، الصلاة فان قبلت قبل سائر عمله و اذا ردت رد علیه سائر عمله»
"Bəndədən sual olunacaq ilk şey namazdır, əgər o, qəbul olmuş olsa, digər əməlləri də qəbul olunacaqdır. Amma əgər namazı qəbul olmasa, digər əməlləri də qəbul olunmayacaqdır."
7. "Mizanul-hikmə", c. 5, səh. 397.
İmam Sadiq (ə) buyurur:
«احب الاعمال الی الله (عز وجل) الصلوة و هی اخر وصایا الأنبیاء»
"Namaz Allahın yanında ən yaxşı əməl və peyğəmbərlərin sonuncu vəsiyyətidir."
8. "İbrahim" surəsi, ayə 37.
9. "İbrahim" surəsi, ayə 40.
10. "Məryəm" surəsi, ayə 31.
11. "Taha" surəsi, ayə 14.
12. "Loğman" surəsi, ayə 17.
13. "Nisa" surəsi, ayə 103.
14. "Kənzul-ummal", c. 7, səh. 291, hədis. 18931.
Peyğəmbər (s) buyurur:
«مثل الصوات الخمس کمثل نهرجار عذب علی باب احدکم یغتسل فیه کل یوم خمس مرات فما یبقی ذالک من الدنس»
"Beş vaxtda qılınan namazlar axan çaylara bənzəyir ki, qapılarınızın önündən axır və hər gün beş dəfə onun pak və saf suyunda özunuzu yuyursunuz və beləliklə, bədəninizdə çirkinliklərdən əsər-əlamət qalmır."
15. "Kəşful-əsrar", c. 2, səh. 676.
Peyğəmbər (s) buyurur:
«الصلوة معراج المؤمن»
"Namaz möminin meracıdır."
16. "Taha" surəsi, ayə 132.
17. "Muddəssir" surəsi, ayə 42-43.
18. "Hud" surəsi, ayə 87.
19. "Ənkəbut" surəsi, ayə 45.
20. "Əyanuş-şiə", c. 1, səh. 316.
Xanım Fatimə (ə) buyurur:
«(جعل الله) الصلاة تنزیها لکم عن الکبر»
"Allah-taala namazı sizin təkəbbür və xudpəsəndlikdən uzaq olmağınız üçün müəyyən etdi."
21. "Rəd" surəsi, ayə 28.
"Bilin ki, qəlblər yalnız Allahı yad etməklə aramlaşar."
22. "Taha" surəsi, ayə 14.
23. "Bəqərə" surəsi, ayə 277.
"İman gətirib saleh əməllər edən, namazı bərpa edən və zəkat verən kəslərin mükafatı öz rəbblərinin yanındadır və onlar üçün qorxu və qəm-qüssə yoxdur."
24. "Bəqərə" surəsi, ayə 153.
"Ey iman gətirən kəslər! Səbr və namazdan kömək alın, Allah səbr edənlərlədir."
25. "Maidə" surəsi, ayə 12.
"Allah Bəni-İsraildən əhd aldı və onlardan on iki rəhbər seçdi və Allah buyurdu: "Əgər namazı qoruyub-saxlasanız, mən sizinləyəm.""
26. "Məaric" surəsi, ayə 19-23.
"İnsan həris və zəif yaradılmışdır, ona çətinlik üz verdikdə, dözümsüz davranır və mənfəətlə qarşılaşdığında isə başqalarına mane olur, namaz əhli istisna olmaqla, o kəslər ki, namazı həmişə əda edirlər".
27. "Ali-İmran" surəsi, ayə 31.
28. "Nəhcul-bəlağə", Feyzul İslam, səh. 531.
29. "Vəsailuş-şiə", c. 5, səh. 126. və "Biharul-ənvar", c. 23, səh. 114.
30. "əl-Kafi", c. 6, səh. 49. və "Uddətud-dai", səh. 88. və "Vəsailuş-şiə", c. 21, səh. 475. və "Kənzul-ummal", c. 16, səh. 445.
Peyğəmbər (s) buyurdu:
"Kim öz övladını öpərsə, Allah onun üçün bir həsənə yazar".
"Övladı öpmək bir həsənədir və hər həsənənin mükafatı isə on bərabərdir".
31. "Rovzətul-vaizin", Fəttal Nişaburi, Muhəmməd ibn Həsən, Qum, Şərif Rəzi, birinci çap, c. 2, səh. 369. və "Vəsailuş-şiə", c. 21, səh. 485.
Peyğəmbər (s) başqa bir hədisdə isə övladı öpməyin axrətdəki mükafatının çoxluğuna işarə edərək buyurdu:
«أَکْثِرُوا مِنْ قُبْلَةِ أَوْلَادِکُمْ فَإِنَّ لَکُمْ بِکُلِّ قُبْلَةٍ دَرَجَةً فِی الْجَنَّةِ مَسِیرَةَ خَمْسِمِائَةِ عَامٍ»
"Öz övladlarınızı çoxlu öpün, buna görə ki, hər öpməyiniz üçün Cənnətdə bir dərəcə vardır və iki dərəcənin arasında 500 il fasilə vardır.
32. "əl-Kafi", c. 6, səh. 50. və "Təhzibul-əhkam", c. 8, səh. 113. və "Vəsailuş-şiə", c. 21, səh. 484.
«جَاءَ رَجُلٌ إِلَى النَّبِی ص فَقَالَ لَهُ مَا قَبَّلْتُ صَبِیاً قَطُّ فَلَمَّا وَلَّى قَالَ رَسُولُ اللَّهِ ص هَذَا رَجُلٌ عِنْدَنَا أَنَّهُ مِنْ أَهْلِ النَّارِ!»
"Bir nəfər Peyğəmbərin (s) yanına gəlib indiyədək övladlarının heç birini öpmədiyini deyərkən, o həzrət həmin şəxsin cəhənnəm əhlindən olduğunu buyurdu."
33. "Məkarimul-əxlaq", səh. 113.
İmam Sadiq (ə) buyurur:
«انّ الله عزّوجل لیرحم الرّجل (العبد) لشدّة حبّه لولده»
"Öz övladına çoxlu məhəbbəti olan kişi, Allahın xüsusi rəhmətinə şamildir."
34. "Nisa" surəsi, ayə 165.
35. "Hədid" surəsi, ayə 18.
36. "İnşiqaq" surəsi, ayə 25.
37. "Maidə" surəsi, ayə 9.
38. "Hədid" surəsi, ayə 7.
39."Rəd" surəsi, ayə 22.
40. "Rəd" surəsi, ayə 24.
41. "Əraf" surəsi, ayə 42.
42. "əl-Kafi", Kuleyni, c. 4, səh. 474.
43. "Bəqərə" surəsi, ayə 125.
44. "Ali-İmran" surəsi, ayə. 159.
45. "Hucurat" surəsi, ayə 9.
46. "Ali-İmran" surəsi, ayə 76.
47. "Uşaqların təlim-tərbiyəsində təqliddən nümunə götürmək və onun təsirli olması" adlı məqalə.
48. "Uşaqlar üçün dini təlim", Zəhra Kərima.
49. "əl-Kafi", Kuleyni, c. 5, səh. 332.
50. "Şuəra" surəsi, ayə 72-74.
51. "Məsəd" surəsi, ayə 1.
52. "Əhzab" surəsi, ayə 21.
53. "Mumtəhinə" surəsi, ayə 4.
54. "Camiu əhadisiş-şiə", c. 4, səh. 46.
55. "Vəsailuş-şiə", c. 3, səh. 13.
56. "Məkarimul-əxlaq", Təbərsi, səh. 222.
57. "Təhzib", c. 20, səh. 380, babus-sibyan məta yəmurunə bis-səlah. və "Mən la yəhzuruhul-fəqih", c. 1, babul-həddilləzi yuxəzu fihis-sibyan bis-səlah, hədis. 861.
58. "Rum" surəsi, ayə 30.
«فَأَقِمْ وَجْهَکَ لِلدِّینِ حَنِیفاً فِطْرَتَ اللَّهِ الَّتِی فَطَرَ النَّاسَ عَلَیْها لا تَبْدِیلَ لِخَلْقِ اللَّهِ ذلِکَ الدِّینُ الْقَیِّمُ وَ لکِنَّ أَکْثَرَ النَّاسِ لا یَعْلَمُون»
"(Ey Peyğəmbər!) haqqa tapınaraq üzünü bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın yaratdıqlarında (fitrətdə) əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin insanların əksəriyyəti (bunu) bilmir".

59. "Təhzib", c. 20, səh. 380, babus-sibyan məta yəmurunə bissəlah. və "Mən layəhzuruhul fəqih", c. 1, babul həddulləzi yuxəzu fihis-sibyan bissəlah, hədis. 861.

60. "İnsan" surəsi, ayə. 3.
61. "Yunis" surəsi, ayə 99.

 

Nəşr tarixi: « 10/14/2014 9:54:33 PM »

Əlaqəli materiallar

Uşaqlar üçün namazın cazibədarlığı

Allahın hüzurunda dua etməyin qaydası

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2137