“Mübahilə” hadisəsinin həqiqəti Ayətullah Məkarim Şirazinin dərin baxışında
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

“Mübahilə” hadisəsinin həqiqəti Ayətullah Məkarim Şirazinin dərin baxışında

makarem news

Xülasə:
Açar sözlər:

Qəbul etməliyik ki, İslam digər ilahi dinlərə həmişə dostluq və ehtiramla yanaşmış və yanaşmaqdadır. İslamın müqəddəs kitabı Quran bu barədə belə buyurur:
وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ…

Qaynaq:
undefined
Peinevesht:


 “Mübahilə” hadisəsinin həqiqəti Ayətullah Məkarim Şirazinin dərin baxışında
 Qəbul etməliyik ki, İslam digər ilahi dinlərə həmişə dostluq və ehtiramla yanaşmış və yanaşmaqdadır. İslamın müqəddəs kitabı Quran bu barədə belə buyurur:
وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ…
“Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin!...” (“Ənkəbut” surəsi, ayə 46)
Mübahilə hadisəsini Nəcran xristianlarının azğınlıq və iddiaları qarşısında Peyğəmbərin (s) möcüzəsi, İslam dini və Peyğəmbərinin (s) peyğəmbərliyinin digər dinlər müqabilində aşkar və bənzərsiz sənəd olaraq qəbul etməliyik. Elə bir möcüzə ki, İslamın digər təkallahlı dinlər qarşısında haqq olmasını çatdırır və bütün ilahi dinlərin alimləri tərəfindən qəbul olunur, eyni zamanda da İslam dininin kamil bir din kimi digər dinlərdən üstünlüyünü göstərir. Buna əsasən, Ayətullah Məkarim Şirazinin dəyərli açıqlamaları sayəsində bu böyük hadisənin həqiqətinin, xüsusilə də onun incə məqam və təlimlərinin araşdırılması, eyni zamanda “mübahilə” ayəsinin şərhi Əhli-beyt (ə) məktəbinin davamçılarına daha dəqiq şəkildə təqdim olunur:
Məkarim Şirazi cənablarının baxışında “Mübahilə” hadisəsi
Ayətullah Məkarim Şirazi Mübahilə hadisəsinin mahiyyəti haqqında buyurur:
Tarixdə qeyd olunanlara əsasən, Nəcran xristianları 60 nəfərdən ibarət bir qrupla İslam Peyğəmbəri (s) ilə mübahisə etmək üçün Mədinəyə daxil oldu. Görüşdə müzakirə olunan məsələlərdən biri də bundan ibarət idi:
“Onlar Peyğəmbərdən (s) “Bizi nəyə dəvət edirsən?” – deyə soruşduqda, Həzrət (s) buyurdu: “Tək olan Allaha və İsa Məsihin (ə) onun bəndələrindən biri olmasına, (eyni zamanda da) onun bir insan olmasına!”.
Onlar isə bunu qəbul etməyib həzrət İsanın (ə) atasız dünyaya gəlməsini onun allahlığına sübut gətirdilər. Bu zaman bir neçə ayə (1) onların cavabında nazil oldu. Quran verdiyi cavabı qəbul etmədiklərinə görə onları “mübahilə”yə çağırdı. (2)
Bundan sonra həzrət Peyğəmbər (s) “mübahilə” və onun keyfiyyəti barədə Nəcran xristianları ilə müzakirə edib gününü müəyyənləşdirdi.
Xristianların baş yepiskopu onlara dedi: “Mübahilə üçün təyin olunan günə hazırlaşın! Əgər İslam Peyğəmbəri mübahilə günü böyük səhabələr və müsəlmanların məşhur şəxsiyyətləri ilə gəlsə, onunla mübahilə edin, yox, əgər qadın və uşaqla gəlsə, onunla mübahilə etməkdən çəkinin! Çünki, birinci halda məlum olacaq ki, o, öz peyğəmbərliyində doğru deyil və belə olduqda məğlubiyyətə uğrayacaq. İkinci halda isə Allah-taala ilə əlaqəsi olduğu və ona təvəkkül edərək meydana gəldiyi məlum olacaq (3).
Təyin olunan gün gəlib çatdı. Xristianlar gördülər ki, Peyğəmbər (s) iki oğlan uşağının – Həsən (ə) və Hüseynin (ə) əlindən tutub gəlir. Əli (ə) və Fatimə (ə) də onlarla birlikdədir. Xristianların baş yepiskopu bu səhnəni görən kimi dedi: “Mən elə çöhrələr görürəm ki, əgər onlar dua etsə, mütləq hədəflərinə çatacaqlar və sizin hamınız həlak olacaqsız (4). Mübahilə etməkdən çəkinin və onlara deyin ki, biz sizin kənarınızda azlıq təşkil edən bir cəmiyyət halında yaşamağa, lazım olan vergini də verməyə hazırıq.” (5)
Həzrət Peyğəmbər (s) onların istəyini qəbul edib mübahilə etməkdən yayındı. İxtisarla qeyd olunan “Mübahilə” hadisəsi islami qaynaqlarda bütün təfərrüatı ilə qeydə alınıb. (6)
“Mübahilə” sözünün leksik və terminoloji mənası
Ayətullah Məkarim Şirazi “mübahilə” sözünün lehsik və terminoloji mənası haqqında deyir: “Mübahilə” sözü – “بهل” – “bəhl” kəlməsindən alınıb, “tərk etmək” mənasında istifadə olunur. Təfsirlərdə “mübahilə” iki qrupun dini bir məsələ üzərində qarşı-qarşıya dayanaraq bir-birinə qarğış və lənət etməsi mənasındadır. Belə ki, hansı birinin qarğışı həyata keçərsə, bu onun haqq və doğru olmasına sübutdur (7). Beləliklə, iki nəfər məntiqli və əqli müzakirələrdən sonra bir-birini qane edə bilməzsə, bu zaman onların hər biri digərinə qarğış edir və belə deyir: “Əgər mən doğru və sən səhvsənsə, Allahın əzabına düçar olasan!”. Digəri də eynilə bu sözü təkrarlayır və Allah dərgahına üz tutaraq ondan istəyir ki, yalançını rüsvay edib cəzalandırsın. Necə ki, həzrət Peyğəmbər (s) Nəcran xristianları ilə belə etdi (8). Belə bir əmələ şərtləri ilə birlikdə “mübahilə” deyilir. (9)
“Mübahilə”nin leksik və terminoloji mənalarının bir-biri ilə əlaqəsi aydındır, çünki mübahilədə haqq olduğunu iddia edən tərəf o biri tərəfi tərk edir və onun taleyini Allaha tapşırır. (10)
Mübahilə hadisəsinin əhəmiyyəti – İslam Peyğəmbərinin (s) peyğəmbərlik iddiasında haqq olması
Məkarim Şirazi cənabları Mübahilə hadisəsinin əhəmiyyətini açıqlayarkən həzrət Məhəmmədin (s) peyğəmbərliyini diqqət mərkəzinə alaraq buyurdu: “Mübahilə” ayəsində ilk nəzərə çarpan (11) onun həzrət Peyğəmbərin (s) haqq və doğruluğuna bir nişanə olmasıdır, çünki birinin Allahla əlaqəsinin varlığına tam yəqini olmasa, belə bir işə qol qoya bilməz. Yəni, belə bir şəxs öz müxaliflərini onlarla birlikdə Allah dərgahına gedərək ondan yalançını rüsvay etmələri üçün meydana çağırmaz (12), “Mən söz verirəm ki, mənim qarğış və lənətim həyata keçəcək və onun nəticəsini görəcəklər!” – deyə bilməz. (13)
Aydındır ki, belə bir meydana daxil olmaq çox təhlükəlidir, çünki əgər qarğış və lənət gerçəkləşməsə, bunun dəvət edən tərəfin rüsvayçılığından başqa bir nəticəsi olmayacaq. Heç bir ağıllı şəxs nəticəyə yəqini olmadan bu işi qəbul etməz. (14)
İslami qaynaqlarda belə oxuyuruq: “Elə buna görə də, mübahilədən başqa yolları qalmayan Nəcran xristianları sözügedən məsələ barədə düşünmək üçün həzrət Peyğəmbərdən (s) möhlət istədilər və Peyğəmbərin (s) mübahiləyə özü ilə yalnız duaları qəbul olacaq şəxsləri gətirdiyini və bunun da Peyğəmbərin (s) haqq olmasına başqa bir dəlil olacağını müşahidə etdikdə “mübahilə”dən çəkindilər, çünki ilahi əzaba düçar olacaqlarını düşündülər. Onlar Peyğəmbərin (s) təyin olunmuş yerə öz yaxınlarından seçilmiş şəxslərlə gəldiyini görəndə qorxuya düşdülər və sülhə razı oldular. (15)
Mübahilə hadisəsi Quranda
Allah-taala Quranda buyurur:
"فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ ما جاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعالَوْا نَدْعُ أَبْناءَنا وَ أَبْناءَكُمْ وَ نِساءَنا وَ نِساءَكُمْ وَ أَنْفُسَنا وَ أَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكاذِبِينَ" (16)
“(İsa Məsih (ə) haqqında) Sənə gələn elmdən sonra, kimsə (yenə də) səninlə mübahisə etsə, onlara de ki, gəlin biz öz övladlarımızı, siz də öz övladlarınızı, biz qadınlarımızı, siz də qadınlarınızı, biz öz nəfsimizi (özümüzü), siz də öz nəfsinizi (özünüzü) çağıraq və mübahilə edək, Allahın lənətinin yalançılara nazil olmasını istəyək!”

Mübahilə – İsa Məsihin (ə) allahlığının inkarı
Ayətullah Məkarim Şirazi, “Ali-İmran” surəsinin 61-ci ayəsinin təfsirində xristianlıqda etiqadi və fikri azğınlıqların yayılmasına işarə edərək mübahilə hadisəsinin nə üçün baş veməsi haqqında açıqlama verir:
Yuxarıdakı ayəni, ondan əvvəl və sonra gələn ayələrə əlavə etsək, məlum olar ki, xristianların öz yanlış etiqadlarınln, o cümlədən həzrət Məsihin (ə) ilahilik iddiası və onların inadkarlığına qarşı məntiq və sübutun yetərsizliyinin müqabilində Peyğəmbər (s) mübahilə üslubuna əl atmaqla vəzifələndirilir. Belə ki, öz sözünün düzlüyünü bu xüsusi mənəvi yolla isbata yetirsin, yəni onlarla mübahilə etsin və nəticədə doğru danışan yalançıdan fərqlənsin. (17)
“Nümunə” təfsirinin müəllifi Ayətullah Məkarim Şirazi “mübahilə” ayəsinin təfsirində, həmçinin onun yaranma amilləri haqqında buyurur:
فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ ما جاءَكَ مِنَ الْعِلْمِ
İzah: Ey Peyğəmbər (s), İsa ibn Məryəmlə (ə) bağlı bu qədər mübahisədən və möhkəm dəlillərdən sonra xristianlardan hər hansı biri yenə də inadkarlıq etsə, onları haqqa dəvət etmək üçün başqa yol seç və onlarla mübahilə et. (18)
فَقُلْ تَعالَوْا نَدْعُ أَبْناءَنا وَ أَبْناءَكُمْ وَ نِساءَنا وَ نِساءَكُمْ وَ أَنْفُسَنا وَ أَنْفُسَكُمْ
Ayənin bu hissəsində “Mübahilə”də iştirak edəcək şəxslər müəyyən olunur.
İzah: Ey Peyğəmbər, onlara de ki, bu hadisədə hər iki tərəfdən dörd dəstənin nümayəndəsi iştirak etməlidir:
1.    Müsəlmanların rəhbəri, yəni həzrət Peyğəmbər (s) və xristianların rəhbəri.
2.    Bizim övladlarımız və sizin övladlarınız.
3.    Bizim qadınlarımız və sizin qadınlarınız.
4.    Bizim özümüz – nəfsimiz və sizin özünüz.
ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكاذِبِينَ
Sonra hər iki tərəf mübahilə etmək üçün hazır oldu. Mübahilə bu şəkildə həyata keçməli idi: Hər iki tərəf “Kim yalan desə – yəni kim öz iddiasında yalançı olsa, Allahın lənət və əzabı ona olsun!” – deyir və bununla da həqiqət camaat üçün aydınlaşır. (19)
Övladlarımız (ابنائنا), qadınlarımız (نسائنا) və özümüz (انفسنا) kimlərdir?
Ayətullah Məkarim Şirazi “mübahilə” ayəsində istifadə olunan – “övladlarımız”, “qadınlarımız” və “özümüz” kəlmələrinin təfsiri barədə buyurdu:
Ayədə “övladlarımız” sözündə məqsəd Həsən (ə) və Hüseyn (ə), cəm halında gələn “qadınlarımız” sözündə məqsəd Fatimə (ə) və yenə də cəm şəklində gələn “özümüz” sözündə məqsəd isə Əli ibn Əbutalibdir (ə). (20)
Beləliklə, bu ayədə cəm halında işlədilən “qadınlarımız” və “özümüz” sözləri tək şəxsə, yəni Fatimə (ə) və Əliyə (ə) aiddir. (21)
Məkarim Şirazi cənabları sözünə davam edərək buyurur: “Qadınlarımız” sözündə məqsədin yalnız Peyğəmbərin (s) qızı Fatimə (ə) olmasında bizimlə sünni qardaşlar arasında heç bir fikir ayrılığı yoxdur. Eləcə də, şiə və sünni alimləri “övladlarımız” sözündə məqsədin Həsən (ə) və Hüseyn (ə) olduğunu yekdilliklə qəbul edirlər (22).
Beləliklə, fikir ayrılığı yalnız “özümüz” sözünün təfsirindədir. (23)
Məkarim Şirazi cənabları “özümüz” sözünün həzrət Əliyə (ə) aid olması haqqında buyurur: Qazi Nurullah Şüştəri özünün “İhqaqul-həqq” kitabında yazır: “Şiə və sünni təfsirçiləri “özümüz – nəfsimiz” sözündə məqsədin Əli (ə) olduğuna dair eyni fikirdə olublar. (24)
Ayətullah Mərəşi Nəcəfi də bunu əhli-sünnənin 60-a yaxın kitabından nəql edir (25). Deməli, məsələ o qədər aşkardır ki, bu məsələ, hətta bütün əhli-sünnə kitablarında da əks olunub.
Buna görə də, “mübahilə” ayəsi həzrət Əlini (ə) Peyğəmbərin (s) özü, pak nəfsi və canı olaraq tanıtdırır. Duaları Allahın dərgahında qəbul olan Fatiməni (ə) (26), İmam Həsən (ə) və İmam Hüseyni (ə) o həzrət və Allah dərgahına ən yaxın olan şəxsiyyətlər sayır. (27), (28)
Məkarim Şirazi cənablarının Alusiyə cavabı
Məkarim Şirazi həzrətləri “övladlarımız”, “qadınlarımız” və “özümüz”ün kim olduğunu izah etdikdən sonra Alusinin ““Özümüz” – nəfsimiz ibarəsi Peyğəmbərin (s) özünə aiddir” sözünü tənqid edərək deyir:
Alusi “Ruhul-məani” təfsirində mübahilə hadisəsində Peyğəmbərlə (s) birlikdə Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyndən (ə) başqa heç kimin olmadığını etiraf edir və hər bir mömin şəxsin bu məsələdə şübhə etməməli olduğunu vurğuladıqdan sonra şiə alimlərinin dəlillərini bəyan etməyə başlayır. O, iddia edir ki, “nəfsimiz” ibarəsində məqsəd Peyğəmbərin (s) özüdür, Əli (ə) isə “övladlarımız”ın nümunələrindən biridir, çünki ərəb dilində “kürəkən”ə də övlad deyilir. (29)
Bu iddianın cavabı çox aydındır, çünki sözügedən ayəyə əsasən Peyğəmbər (s) “övladlarımız”, “qadınlarımız” və “nəfsimiz”i dəvət etmişdi. Əgər “nəfsimiz” sözündə məqsəd Peyğəmbərin (s) özü olsaydı, özünü dəvət etməyin nə mənası vardı? Quranın ən fəsahətli kəlam olduğunu nəzərə alsaq, məlum olur ki, Quran belə bir fəsahətsiz söz işlətməz və Peyğəmbərə (s) özünü dəvət etməsinə göstəriş etməz. Deməli, “nəfsimiz” dedikdə Peyğəmbərin (s) özü nəzərdə tutulmur. Bundan əlavə, biz ərəb ədəbiyyatında kürəkənə “oğul” deyə müraciət olunduğunu heç bir yerdə görməmişik. Belə bir müraciət münasib müraciət deyil və məcazi mənada işlədilmişdir. (30)
Peyğəmbərin (s) adından yalan danışmaq Allahın lənətinə səbəb olur
Mübahilə hadisəsi Peyğəmbərə (s) yalan nisbət verməyin nəticələrindən bəzilərini açıqlaya bilər, belə ki, Ayətullah Məkarim Şirazinin sözlərində Allahın lənətinin belə yalançılara şamil olması bu pis əxlaqi və etiqadi xüsusiyyətin acı nəticələrindən sayılır. O, bu haqda buyurur: “Mübahilə ayəsində yalanın başqa bir qismindən, yəni Peyğəmbərə (ə) yalan nisbət verməkdən danışılır ki, bu da yalançılara Allahın lənətinin şamil olduğunu deyir. Belə ki, Allah-taala “mübahilə” ayəsinin sonunda buyurur:
 “فَنَجْعَلْ لَعْنَةَ اللَّهِ عَلَى الْكاذِبِينَ”
 “...Beləliklə, Allahın lənətini yalançılara yağdıraq.”
Ayənin bu hissəsi yalanın günah olmasının böyüklüyünü fövqəladə şəkildə ifadə edir.” (31)
Mübahilə hadisəsi – Peyğəmbərdə (s) möhkəm imanın həqiqətinə işarə edir
O cümlədən, Peyğəmbərin (ə) qəlbində möhkəm imanın varlığı da “mübahilə” ayəsində işıqlandırılmış məsələlərdəndir. Ayətullah Məkarim Şirazi bu mühüm məsələ haqqında deyir:
Mübahilə məsələsi, ərəb cəmiyyətində bəlkə də o zamana qədər bu formada olmamışdır. Mübahilə Peyğəmbərin (s) iman və dəvətinin haqq olmasından xəbər verir (32). Buna görə də sözügedən hadisə Peyğəmbərin (s) öz dediklərinə hansı həddə imanı olmasını göstərir. (33)
Çünki həqiqət budur ki, İslam Peyğəmbəri (s) başqa bir yerə ürək bağlamışdı və oraya arxalanırdı. Əks təqdirdə, heç kimin adi vaxt və şərtlər çərçivəsində belə bir şeyə gücü və cürəti çatmazdı. (34) Xüsusilə də Peyğəmbərin (s) həyat və xüsusiyyətlərini araşdırdıqda, onun düşünmədən addım atmadığının şahidi oluruq. Belə bir şəxs haqqında bu iddianı etmək onun fövqəltəbii bir aləm, ilahi vəhy və Allahın sonsuz elminə arxalandığını göstərir. (35)
Buna əsasən, mübahilə hadisəsi və Peyğəmbərin (s) öz düşmənlərini mübahiləyə dəvət etməsi onun öz əqidə və yoluna imanının möhkəmliyinin digər nişanəsidir, çünki Peyğəmbər (s) mübahiləyə tam hazır olduğunu elan etdi, düşmənlərsə öz dinlərinin əsaslarının möhkəmliyinə əmin olmadıqları üçün ondan boyun qaçırdılar. (36)
Mübahilə hadisəsi sayəsində vilayət məqamının isbatı
Ayətullah Məkarim İmam Əlinin (ə) vilayətinin əhəmiyyəti haqqında “mübahilə” ayəsinə istinad edərək bir sıra şübhələrin cavabında buyurur: “Mübahilə ayəsi həzrət Əli (ə) və onun övladlarının imamət və vilayətinə dəlalət edən ən möhkəm və aşkar ayələrdəndir.”
Məkarim Şirazi cənabları “mübahilə” ayəsində vilayətin isbatı haqqında sözlərinə belə davam edir: “Belə bir sual verilə bilər ki, doğrudur, “mübahilə” ayəsi həzrət Əlinin (ə) fəzilət və iftixarı hesab olunur, amma bunun o həzrətin vilayət və rəhbərliyi ilə nə əlaqəsi var? Bu ayəyə nə üçün vilayətə işarə edən bir ayə kimi baxmalıyıq? (37)
Məkarim Şirazi cənabları bu şübhənin cavabında buyurur: “Mübahilə ayəsində “أنفسنا” – “nəfsimiz” dedikdə məqsədin şəxsən İmam Əlinin (ə) özünün olduğunda şübhə yoxdur. Amma görəsən, Peyğəmbərin (s) həzrət Əlini (ə) öz canı adlandırması və ona “nəsfim” deyə xitab etməsində məqsəd həqiqi mənadır, yoxsa onun “məqamına malik olması” mənasındadır?
Şübhəsiz, həqiqi məna qəsd olunmamışdır. Yəni, İmam Əli (ə) Peyğəmbər (s) deyil, əksinə məqsəd həzrət Əlinin (ə) fəzilət, təqva, şücaət, kamillik və məqam baxımından Peyğəmbər (s) kimi olmasıdır. Nəticə alırıq ki, həzrət Əli (ə) məqam və kamillikdə Peyğəmbər (s) məqamının bir cilvəsi və onun ardıcılıdır. (38)
Qeyd olunanlara diqqət etdikdə məlum olur ki, əgər Peyğəmbərdən (s) sonra Allah tərəfindən xəlifə və canişin təyin olunmalıdırsa, yaxud da İslam ümməti tərəfindən xəlifə və canişin seçilməlidirsə, bu məqama elə bir şəxs seçilməlidir ki, Peyğəmbərlə (ə) eyni məqamda, yaxud da o həzrətdən sonrakı mərhələdə olsun.
Camaatın seçdiyi, yaxud Allahın təyin etdiyi şəxs fəzilət və kamillikdə, xüsusilə də təqva və məsumluqda Peyğəmbər (s) kimi olmamalıdırmı?
Belə bir şəxs var ola-ola başqa bir adamın seçilməsini ağıl yanlış hesab etməzmi?
Buradan da, “انفسنا” sözünün İmam Əliyə (ə) aid olmasından vilayət və imaməti isbat etmək olar. (39)
Mübahilə hadisəsi – Əhli-beytin (ə) yüksək məqamının aynasıdır
Ayətullah Məkarim Şirazi “Ali-İmran” surəsinin 61-ci ayəsinə əsaslanaraq mübahilə hadisəsində Əhli-beytin (ə) yüksək məqamının ən mühüm məsələlərdən biri olduğunu vurğulayır və deyir: “Mübahilə ayəsi Peyğəmbər (s) Əhli-beytinin (ə) – İmam Əli (ə), həzrət Fatimə (ə), Həsən (ə) və Hüseynin (ə) yüksək məqamına açıq-aydın sənəddir, çünki ayədə 3 söz var: övladlarımız, qadınlarımız və nəfsimiz. Şübhəsiz, “övladlarımız”da məqsəd İmam Həsən (ə) və İmam Hüseyndir (ə) və bunda heç bir münaqişə yoxdur. “Qadınlarımız” sözü də Fatimeyi-Zəhradan (ə) başqasına aid deyil. Amma ”nəfsimiz” sözünə gəldikdə, yəqinliklə deyə bilərik ki, bu sözdə məqsəd Peyğəmbərin (s) özü deyil. (40)
Çünki ayədə buyurulur: “نَدْعُ ... وَانْفُسَنا” – yəni öz nəfslərimizi dəvət edək. İnsanın özünü dəvət etməsinin mənası olmadığına görə, deməli, məqsəd Peyğəmbər (s) deyil. Buna görə də məqsədin yalnızca İmam Əli (ə) olmasını qəbul etməkdən başqa yolumuz qalmır. (41)
Mübahilə ayəsinin Əhli-beyt (ə) haqqında nazil olması əhli-sünnə kitablarında
Məkarim Şirazi cənabları şiənin etibarlı və çoxsaylı mənbələrinə əlavə olaraq əhli-sünnənin məşhur alimlərinin ümumi qəti rəyinə əsasən “mübahilə” ayəsinin Əhli-beyt (ə) haqqında nazil olmasına işarə edərək buyurur: “Əhli-sünnənin ən tanınmış və birinci dərəcəli, eyni zamanda Əhli-beytin (ə) də etibarlı mənbələrində bir çox hədislər müzakirə olunur ki, onlarda aşıq-aydın deyilir: “Mübahilə ayəsi həzrət Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olmuşdur”. (42)
O cümlədən, “mübahilə” ayəsinin Əhli-beyt (ə) haqqında nazil olmasını əhli-sünnənin 20-dən çox birinci dərəcəli alimi, hədisçi və təfsirçiləri təsdiqləyir:
İmam Fəxri Razi öz təfsirində (c. 8, səh. 85);
Əhli-sünnənin tanınmış təfsirçisi Təbəri “Təbəri tarixi”ndə (c. 3, səh. 407);
Süyuti “Durrul-mənsur”da (c. 2, səh. 39);
Vahidi “Əsbabun-nuzul”da (səh. 68);
Beyzavi öz təfsirində (c. 2, səh. 47) və s...  (43)
“Hənbəli” məzhəbinin imamı Əhməd ibn Hənbəl “Müsnəd” kitabında (c. 1, səh. 185);
“Səhihi-Müslim”də (c. 7, səh. 120);
Hakim “Mustədrək” kitabında (c. 3, səh. 150);
İbn Həcər Əsqəlani “əl-İsabə”də (c. 2, səh. 503) və s...  (44)
Nümunə olaraq, Müslimin “Səhih” kitabını göstərmək olar. Bu kitabda “Səhabələrin fəzilətləri” bölməsində Əli ibn Əbutalibin (ə) fəzilətləri haqqında Səd ibn Əbi Vəqqasdan nəql olunur ki, Müaviyə ona dedi: “Nə üçün Əbu Turaba (İmam Əliyə (ə)-red.) nalayiq sözlər demirsən (onu söymürsən)?”
O dedi: “Peyğəmbərdən (s) üç söz eşitmişəm, buna görə Əlini (ə) söyə bilmərəm!” (45)... O cümlədən, “mübahilə” ayəsi nazil olanda Allah Rəsulu (s) Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyni (ə) çağırıb dedi: “İlahi, bunlar mənim Əhli-beytimdir!” (Onlar bu ayənin nümunələridir.) (46). (47)
Həmçinin, əhli-sünnənin etibarlı mənbələrindən başqa birində belə nəql olunur: “(Mübahilə hadisəsində) “Ali-İmran” surəsinin 61-ci ayəsi nazil olanda Allah Rəsulu (s) Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyni (ə) çağırdı və buyurdu:
اللَّهُمَّ هؤُلاءِ أَهْلِي
“İlahi, bunlar mənim ailəmdir!” (belə ki, “mübahilə” ayəsi onlara şamil olur, onları əhatə edir) (48), (49) və...
Hər halda, yuxarıdakı hədislər əhli-sünnə böyüklərinin şəhadətinə əsasən o qədər çox və məşhurdur ki, təvatür həddinə çatmışdır. (50)

Son söz
Mübahilə sonuncu silah
Qəbul etməliyik ki, İslam digər ilahi dinlərə həmişə dostluq və ehtiramla yanaşmış və yanaşmaqdadır. İslamın müqəddəs kitabı Quran bu barədə belə buyurur:
وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ…(51)
“Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin!...”
Şübhəsiz ki, peyğəmbərlər son ana qədər insanların hidayət olacaqları ümidi ilə onları Allaha doğru dəvət etmiş, onlar üçün Allahdan bağışlanmaq diləmişlər. Məhz bu səbəbə görə İslam Peyğəmbəri (s) də heç vaxt lənət və qarğış etmədi (52). Əksinə, o həzrət (s) yalnız mübahilə hadisəsində bir qrup xristianla bir yerdə bu işə qərar verdi, amma baş tutmadı (53). Buna görə də mübahilə hadisəsində Quran “Ali-İmran” surəsinin 35-ci ayəsindən 61-ci ayəsinə qədər həzrət İsa Məsih (ə) haqqında danışır; həzrət İsanın (ə) dünyaya gəlməsi, məqamı, anası Məryəmin (ə) şəxsiyyəti, fəzilətləri, onun mələklərlə danışması, səmavi süfrə və digər məsələlər haqqında söhbət açır. Allah-taala həzrət İsa (ə) haqqında bu uzun bəhsdən sonra Peyğəmbərə (s) buyurur ki, əgər xristianlar deyilən bu qədər sözlərdən, məntiqi və əqli dəlillərdən sonra İslamı yenə də qəbul etməsələr, bu zaman onlara qarşı başqa yol seç, haqqın ortaya çıxması üçün onlarla mübahilə et! (54)

Araşdırma, hazırlanma və tərtibat mərkəzi: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1.    “Ali-İmran” surəsi, 59-61-ci ayələr.
2.    “Nümunə” təfsirindən seçmələr, c. 1, səh. 289.
3.    Yenə orada.
4.    Mübahilə edənin iki xüsusiyyəti olmalıdır: Birincisi, öz dediyinə imanı olmalıdır, çünki yalançı adam heç vaxt mübahiləyə əl atmaz. İkincisi isə belə bir adamın Allahla yaxın əlaqəsi olmalıdır ki, əllərini yuxarı qaldırıb lənət və nifrin edəndə istəyi qəbul olunsun. 3 yaxud 10 nəfər olan Nəcran xristianları bu iki xüsusiyyəti Peyğəmbər (s) və onunla gələn şəxslərdə müşahidə etdikdə, “mübahilə” etməkdən çəkindilər.
5.    “Quranda vilayət ayələri”, səh. 204.
6.    Yenə orada.
7.    “Quranda əxlaq”, c. 3, səh. 226.
8.    “Quranın mesajları”, c. 9, səh. 229.
9.    “Quranda vilayət ayələri”, səh. 203.
10.    Yenə orada.
11.    “Ali-İmran” surəsi, ayə 61.
12.    “Quranın mesajları”, c. 9, səh. 237.
13.    Yenə orada.
14.    “Quranın mesajları”, c. 9, səh. 238.
15.    Yenə orada.
16.    “Ali-İmran” surəsi, ayə 61.
17.    “Quranın mesajları”, c. 9, səh. 230.
18.    “Quranda vilayət ayələri”, səh. 203.
19.    Yenə orada.
20.    “Kəşşaf” təfsiri, c. 1, səh. 96.
21.    “Quranda vilayət ayələri”, səh. 96.
22.    “Quranda vilayət ayələri”, səh. 207.
23.    Yenə orada.
24.    Yenə orada.
25.    “İhqaqul-həqq”, c. 3, səh. 46.
26.    “Əmirəl-möminin Əlinin (ə) mesajları”, c. 1, səh. 311.
27.    “Ali-İmran” surəsi, ayə 61.
28.    “Əmirəl-möminin Əlinin (ə) mesajları”, c. 1, səh. 312.
29.    “Ruhul-məani”, c. 3, səh. 189.
30.    “Quranda vilayət ayələri”, səh. 208.
31.    “Quranda əxlaq”, c. 3, səh. 226.
32.    “Nümunə” təfsiri, c-2, səh. 581.
33.    “Quranın mesajları”, c. 8, səh. 399.
34.    “Nümunə” təfsiri, c. 16, səh. 366.
35.    Yenə orada.
36.     “Quranın mesajları”, c. 8, səh. 399.
37.    “Quranda vilayət ayələri”, səh. 209.
38.    Yenə orada.
39.     “Quranda vilayət ayələri”, səh. 210.
40.    “Quranın mesajları”, c. 9, səh. 238.
41.    Yenə orada.
42.     “Quranın mesajları”, c. 9, səh. 232.
43.    “Bizim ayinimiz” (“Əsluş-şiə” kitabının tərcüməsi), səh. 52.
44.    Yenə orada.
45.     “Quranın mesajları”, c. 9, səh. 232.
46.    “Səhihi-Müslim”, c. 4, səh. 1871, 4-cü fəsil, hədis: 32.
47.    “Quranın mesajları”, c. 9, səh. 233.
48.    “Səhihi-Müslim”, səhabələrin fəziləti bölməsi, Əli ibn Əbutalibin (ə) fəzilətləri fəsli, hədis: 3, (ixtisarla).
49.    Aşura – köklər, maraqlar, hadisələr, nəticələr. səh. 184.
50.    “Quranın mesajları”, c. 9, səh. 236.
51.    “Ənkəbut” surəsi, ayə 46.
52.    Ayətullah Məkarim Şirazi, Quranın təfsir dərslərində, 20/08/2011
53.    Yenə orada.
54.     “Quranda vilayət ayələri”, səh. 202.

 

Nəşr tarixi: « 9/23/2016 8:20:52 PM »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazinin görüşündə imperializm polemikasında strateji nümunələr

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

Ayətullah Məkarim Şirazinin görüşündə Əhli-beytin (ə) səxavətlisi İmam Həsənin (ə) yaşam tərzində yardım və xeyirxahlığın əlamətləri

“Mübahilə” hadisəsinin həqiqəti Ayətullah Məkarim Şirazinin dərin baxışında

Təvəssül tövhiddir, yoxsa, şirk?

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 190