Məcburi hicab?
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Məcburi hicab?

Seyid Məhəmməd Cavad Bəni Səid makarem news

Xülasə:
Açar sözlər:

 

Yanlış bir sual

 

“Məcburi hicabla razısınız, yoxsa yox?”  sualı doğru deyil. “Hicab məcburidir, ya yox və məcburiyyət deyəndə nə nəzərdə tutulur?” sualının mahiyyəti və hüdudları aydın olsa, o zaman yanlış olduğu meydana çıxar.

Bəzən hicab məntiqi və ya dini bir məsələ kimi irəli sürülür. Yəni mən qarşı tərəfə hicab məsələsini yeni və üstün bir fikir, düşüncə tərzi kimi təqdim etmək  istəyirəm ki, o da onu qəbul etsin. Yaxud da ilahi bir məsələ və inanc məsələsi formasında bəyan etmək istəyirəm ki, ona iman gətirsin. Aydındır ki, bu iki çərçivədə məcburiyyət vasitələri (mexanizmi) mənasızdır. Nə düşüncə və fikirdə, nə də iman və etiqadda məcburiyyətin heç bir mənası yoxdur və "siz onunla razısınız, yoxsa razı deyilsiniz?!"  demək mümkün deyil.

Bəzən də hicab ictimai bir qanun kimi müzakirə obyektinə çevrilir – yəni inanc və düşüncə bəhsini kənara qoyub xüsusi qanunlar əsasında idarə olunan bir cəmiyyətdən danışırıq və fərz edirik ki, "hicaba riayət etmək" bu cəmiyyətin ictimai qanunlarından biri olaraq qəbul olunmuşdur və qüvvədədir. Belə bir yerdə bu "məcburi hicabla razısınız, ya yox?" sualı yersiz və mənasızdır. Çünki "icbar" və "məcburiyyət" burada qanunun icra olunması ilə bağlı inad və təkid mənasındadır. Qanunun icrasına etiraz etməyi isə ağıl və düşüncə sahibləri arasında kimsə dəstəkləmir.

"Qanun" hökumət tərəfindən tənzimlənərək təqdim edilən, vətəndaşların tabe olmaq məcburiyyətində olduğu normadır. Qanunu pozan hər hansı bir davranış metodu "cinayət" sayılır. Hökumət qanuna tabe olmayanlara qarşı rəsmi icra təminatlarından istifadə edir.

Mövzu ilə bağlı hamının qəbul edəcəyi adi bir misala – yol hərəkəti qaydalarına nəzər salaq. Məsələn, İranda maşınların küçələrdə sağdan hərəkət etmələri haqqında qanun var. Qanunvericilikdə müəyyən dəlillərə  – istər səhv olsun, istərsə də düz – əsaslanmaqla bu qanun qəbul edilmiş və icraya qoyulmuşdur. Yol polisinin də vəzifəsi bu qanunun icrasını təmin etmək və sözügedən qanunu pozanlara qarşı cəza tətbiq etməkdir. Təsəvvür edək ki, bir qrup insan gəlib deyirlər: "Biz İngiltərədə görmüşük ki, maşınlar küçədə soldan hərəkət edir və bu çox gözəldir. Biz də azad olmaq və azad hərəkət etmək istəyirik. Nə üçün bizi məcburiyyət qarşısında qoyursunuz?” Biz bu ictimai problemi həll etmək, eləcə də bu qrupun vətəndaşlıq hüququna hörməklə yanaşmaq üçün bu sualı ortaya atsaq ki, “sağdan hərəkət etməklə razısınız, ya yox?”, sonra da bu nəticəyə gəlsək ki, hər kəs azad olmalı və kim istəsə sağdan və kim istəsə soldan hərəkət edə bilər, heç vaxt məqbul bir nəticə əldə etməyəcəyik. Ümumiyyətlə, sualı bu formada irəli sürmək yanlışdır. Nə qədər ki, bu ölkənin qanunu "sağdan hərəkət"dir, onun icrasında məcburiyyət doğru üsuldur, ictimai qrupların razılıq və ya narazılıqlarının heç bir faydası yoxdur. Min bir dəlillə sol tərəfdən hərəkət etməyin daha münasib olduğunu sübut edə bilsəm də, onu qəbul edib bəyənsəm də, öz rəyimə əsasən hərəkət edib qanunu pozacağım vaxt qanun qarşısında cavab verməli və bir qanun pozucusu kimi məsuliyyətə cəlb olunub cərimə ödəməliyəm. Bunu qəbul etməsəm, neçə-neçə ictimai məhdudiyyətlər məni gözləyir.

Bəli, qanuna etirazımı bildirmək üçün qanunverici orqanlarla əlaqəyə girib "sağdan hərəkət" qanununun səhv olması ilə əlaqədar öz dəlil-sübutlarımı təqdim edə, onların tərtib etdikləri qanunun ağlabatan və məntiqi dəlillərini sual altına apara bilər və beləliklə onları qanunlarının nöqsanlı olduğuna qane edə bilərəm. Qanun dəyişərsə, mən o zaman öz hədəfimə çata bilərəm. Amma bu dəfə də yeni qanunun icrasında məcburiyyət hökm sürəcək və bu dəfə mən özüm bu məcburiyyətin tərəfdarı və müdafiəçisiyəm.

 

 

Qanunların tənzimlənməsinin prinsipləri

 

Hər bir sağlam və mədəni cəmiyyətə müəyyən qanunlar hakimdir. Həmin cəmiyyətdə yaşayan insanların, üzdə olan tanınmış şəxsiyyətlərin əqidə və inanclarına uyğun olaraq bu qanunvericiliyin mənşəyi fərqli olur. Məsələn, bir cəmiyyətdə ölkənin qanunları liberal ideologiya və fikir tərzinə uyğun tənzimlənir, digər bir cəmiyyətdə isə sosializm ideologiyasına uyğun. Bu quruluşların mənşəyi nə olursa olsun, hər hansı fikir və ideologiyaya da əsaslanırsa əsaslansın (istər düz, istərsə də səhv), həmin cəmiyyətdə hökumət qanunlarının icrası məsələsinə gəlincə burada məcburiyyət və zərurətin olduğu aydın və məntiqi bir məsələdir. Çünki onu qəbul etməmək qanunun icrasının təmin olunmaması deməkdir. İcrası təmin olunmayan qanunla nəticə etibarilə qanunsuzluq və hərc-mərcliyin heç bir fərqi yoxdur.

Əgər hər hansı bir cəmiyyətin qanunlarının mənşəyi İslam quruluşu və İslam prinsipləridirsə, bu ölkənin qanunları onun əsasında tənzimlənib və qəbul edilibsə, icrasının təmin olunması baxımından, eləcə də bu istiqamətdə zərurət və məcburiyyətlərin mövcudluğu baxımından digər qanunlarla fərqi olmayacaqdır. Bu qanunların icrası zamanı məcburiyyət vasitələrinə əl atmaq aydın və ağlabatan olacaqdır. Əgər hicab bəhsinə bu nöqteyi-nəzərdən baxsaq (hansı ki, İslam hökumətində bir qanun kimi qəbul olunub), onu məcburi formada icra etmək məntiqi və bəlkə də lazımlı bir işdir. Burada düşüncə və inanc məsələsindən söhbət getmir. Bu qanun (istər səhv olsun, istərsə də düz) bu mərhələdə mütləq icra olunmalıdır.

 

 

 

Sualı düzgün qoyaq

 

Sual bu formada verilsə, düz olar: Hicabın mahiyyəti ilə razısınız, ya yox? Hicab yaxşıdır, yoxsa pis? Onun qanuniləşməsinin əqli və ya şəriət baxımından bir sübutu varmı?

Bu mərhələdə sözügedən hökmün əsaslarına irad tutula da bilər, məsələn, deyilə bilər ki, filan arqumentə əsasən "ictimai-mühitdə hicaba riayət etmək" qanunu əqli baxımdan sağlam düşüncəyə uyğun deyil. Yaxud da inanc və iman baxımından onun şəriət tərəfindən qəbul olunması haqqında bir dəlilimiz yoxdur. Burada məcburiyyətin heç bir mənası yoxdur. Hər kəs öz fikirlərini qanunverici orqanlarla bölüşməli və bu qanunu dəyişmək istiqamətində onları qane etməlidir. Qanunverici orqanlara izah olunmalıdır ki, "hicaba riayət" qanunu olsun, ya olmasın? Məntiqidir, yoxsa məntiqi deyil? Faydası var, ya yox? Yaxşıdır, yoxsa pis? Lakin nə qədər ki, hicaba riayət olunması ilə əlaqədar qanun qüvvədədir, onun icrasında məcburiyyət olmalıdır.

Hicab məsələsində iki mövzuya diqqət etmək lazımdır – birincisi, budur ki, hicab mahiyyət etibarı ilə yaxşıdır, yoxsa yox? Bu yerdə məcburiyyət yolverilməzdir. Müzakirə olunmalı, nəticəyə və qərara gəlinməlidir ki, olsun, ya olmasın...

İkincisi budur ki, hicab qanununa riayət etməkdə məcburiyyət yaxşıdır, yoxsa pis? Bu yerdə icbar və məcburiyyət anlayışları qanun anlayışından ayrılmazdır. Onun özünün pis və ya yaxşı olmasından bəhs açan sual yanlış sualdır. Əgər hicab mövcud hökumət qanunlarının mənşəyi və əsasları baxımından bəyənilir və qanuna salınırsa,  o zaman məcburiyyətin yaxşı olub-olmadığı haqda mübahisə üçün yer qalmır? Qanundursa, bəyənsək də, bəyənməsək də, onun qarşısında öhdəçiliyimiz var.  

 Doğru sualın necə olması müəyyənləşdiyi üçün ona doğru cavab axtaraq. İslam hökumətində (qanunlarının əsası islami əqidə və inamlar olan hökumət) qanunvericilik hicabı qanun kimi qəbul etməlidir, ya yox?

Bu suala cavab vermək üçün məsələyə "əqidə" və "iman" müstəvisində nəzər salaq, düşüncə sahibləri üçün əqli nöqteyi-nəzərdən, iman əhli üçün isə inanc nöqteyi-nəzərindən bu qanunun qəbul edilmə zərurətini izah edək. (1)

 

 1. İnanc nöqteyi-nəzərindən hicabın zəruriliyinin sübutu

Şübhəsiz ki, hər bir dində imanın birinci şərti Allah və onun peyğəmbərinin hökmünün qarşısında təslim olmaqdır. İman əhli Allah tərəfindən onun peyğəmbəri vasitəsilə onlara nazil olanları səmimi qəlblə qəbul etməyi və onun fərmanları qarşısında itaətkarlıq göstərməyi özlərinə vəzifə bilirlər. Onların etiqadına görə qadir və həkim Allah tərəfindən Onun yaratdığı bəşər üçün gəlmiş və bəyan olunmuş qanunlar digər qanunlarla müqayisədə daha kamil və itaətə daha layiqdir. İslamda bu qanunların mənbəyi səmavi kitab olan Qurandır. Quran bizi Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsinə itaət etməyə çağırır. Bundan başqa, Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsində də məsum imamlara (əleyhimus-salam) itaət etmək məsələsi aydın şəkildə diqqət çəkir. Deməli, İslam hökmlərinin mənbəyi Quran, Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsi və imamların (əleyhimus-salam) qoyduqları yoldur.

Qurana müraciət etməklə hicab hökmünün müsəlman qadın üçün vacibliyini aşkar şəkildə başa düşmək olar. Belə ki onu dərk etmək üçün sünnəyə (hansı ki, şəriət hökmlərinin çoxunu onsuz başa düşmək mümkün deyil) ehtiyac yoxdur.

Birinci ayə:

وقل للمؤمنات یغضضن من أبصارهن ویحفظن فروجهن ولا یبدین زینتهن إلا ما ظهر منها ولیضربن بخمرهن على جیوبهن ولا یبدین زینتهن إلا لبعولتهن أو آبائهن أو آباء بعولتهن أو أبنائهن أو أبناء بعولتهن أو إخوانهن أو بنی إخوانهن أو بنی أخواتهن أو نسائهن أو ما ملکت أیمانهن أو التابعین غیر أولی الاربة من الرجال أو الطفل الذین لم یظهروا على عورات النساء ولا یضربن بأرجلهن لیعلم ما یخفین من زینتهن وتوبوا إلى الله جمیعا أیها المؤمنون لعلکم تفلحون

 Mömin qadınlara de ki, (həvəslə dolu baxışlardan) gözlərini yumsunlar və öz ayıb yerlərini (iffətsizlikdən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini, onların öz-özlüyündə görünən yerləri istisna olmaqla, üzə çıxarmasınlar. Baş örtüklərini yaxalarına salsınlar (ki, boyun və sinələri onunla örtülsün). Zinətlərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan qadınlardan, qullarından (kənizlərindən), şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlara aid cinsi məsələlərdən agah olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Mömin qadınlara de ki, yol gedərkən) gizlətdikləri zinətlərin (ayaqlarına taxdıqları xalxalın səsinin) bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız Allaha tərəf qayıdın ki, bəlkə xilas olasınız.  (2) (3)

 

İkinci ayə:

یا ایها النبی قل لازواجک وبناتک ونساء المؤمنین یدنین علیهن من جلابیبهن ذلک أدنى أن یعرفن فلا یؤذین وکان الله غفورا رحیما

Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, cəlbablarını (uzun örpək) örtsünlər. Bu (iş) onların tanınması və  əziyyətə məruz qalmaması üçün daha münasibdir (əgər indiyə kimi onlardan bir xəta çıxıbsa və ya laqeydlik ediblərsə, tövbə etsinlər). Allah həmişə bağışlayan və rəhm edəndir.(4)(5)

Bu iki ayədə hicab və hicaba riayət etmək qaydaları haqda ümumi formada beş göstəriş verilmişdir:

1)  لا یبدین زینتهن الا ما ظهر منها – öz zinətinizi – görünən yerləri istisna olmaqla – aşkara çıxarmayın.

2)  ولیضربن بخمرهن على جیوبهن – Baş örtüklərini yaxalarına salsınlar (ki, boyun və sinələri onun vasitəsilə örtülsün).

3)  ولا یضربن بأرجلهن لیعلم ما یخفین من زینتهن –  Zinətlərini ərlərindən, atalarından ... başqa heç kəsə göstərməsinlər.

4)  ولا یضربن بأرجلهن لیعلم ما یخفین من زینتهن   –  zinətlərin (ayaqlarına taxdıqları xalxalın səsinin) bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar.

5) یدنین علیهن من جلابیبهن –  cəlbablarını (uzun örpək) örtsünlər.

 Tanrı tərəfindən birbaşa əmr və qadağa formasında bəyan olunmuş bu beş göstəriş əhli-imana hicaba riayət etməyin vacibliyini iman nöqteyi-nəzərindən sübut etmək üçün kifayətdir və onlar üçün qaneedici bir arqumentdir.

 

2. Hicabın vacibliyinin əqli nöqteyi-nəzərdən sübutu

 

Nə üçün hicab zəruridir?

Hər bir cəmiyyətin etik normalar sisteminin qurucusu olan ictimai adət-ənənələrin ilk vəzifəsi iki əks cins – kişi ilə qadın arasındakı münasibətləri möhkəm köklər (sütunlar) əsasında bərqərar etməkdir. Çünki bu münasibətlər adətən mübahisə, digərlərinin haqqına təcavüz və zorakılıq mənbəyi sayılır. Bu münasibətləri tənzimləmək üçün ən əsas metod ailə həyatının qurulmasıdır. Lander yazır: "Yariba qəbiləsində yerli əhali evlənməyə o qədər də meyl göstərmir. Elə bil bu iş bir buğda dəstəsi yığmaq kimi bir şeymiş. Nə eşq, nə məhəbbət onların həyatında təsdiqini tapmır. Çünki izdivacdan öncə cinsi əlaqələr qadağan deyil. Bu səbəbdən kişi heç bir zaman hər hansı bir qadağa ilə rastlaşmır, məhəbbət doğulmur, get-gedə böyüyüb öz yüksək dərəcəsinə çatmır, qadın əldə etmək üçün kəskin meyl formasında özünü göstərmir. Gənc bir insan istədiyi vaxt, öz şəhvətini yatıra bilər deyə, təhrik olunmuş və yatıra bilmədiyi hissləri barədə düşünməyə, öz ürək bağladığı məhəbbətini böyük və yüksəklərdə təsəvvür etməyə heç bir ehtiyac duymur, buradan da şairanə bir eşq yaranmır?! Belə cəmiyyətlərdə izdivac zamanı qadın və kişi bir-birinə qarşı soyuqdur və qarşı tərəfdən izah gözləmir...  qadın və kişi arasında heç bir məhəbbət əlaməti görünmür. (7)

  Örtük bir qız üçün müdafiə vasitəsidir; ona bu icazəni verir ki, elçiləri arasında ən layiqlisini seçsin və ya öz elçisini onu əldə etməzdən öncə özünü düzəltməyə vadar etsin. Qadınların örtük və iffətlərinin kişilərin ehtirasları qarşısında yaratdığı maneələrin özü şairanə bir eşqin yaranmasına səbəb olan və qadını kişinin gözündə yüksəklərə qaldıran əsas amildir. Bakirəliyə əhəmiyyət verən sistemə (quruluşa) tabe olmaq izdivacdan öncə cinsi arzuların həyata keçməsinin asanlıqlarını, habelə vaxtından öncə ana olma hallarını aradan qaldırır. Bakirəlik barəsində olan bu fikir tərzi şübhəsiz ki, fərdin fiziki və əqli baxımdan güclü olmasına, eləcə də cavanlıq dövranının, tərbiyə və təhsil dövrünün uzanmasına, nəticədə bəşəriyyətin etik normalarının və mədəniyyətinin inkişaf etməsinə səbəb olur.

Cinsi əlaqələri yerbəyer etmək həmişə ən mühüm əxlaqi vəzifələrdən sayılmışdır. Çünki törəmə instinkti yalnız izdivac zamanı deyil, əksinə, ondan əvvəl və sonra da problemlər yaradır. Həmin instinktin şiddət və kəskinliyinin, qanun qarşısında itaətsizliyinin və təbii yoldan doğan səhv və azğınlıqlarının nəticəsində cəmiyyətdə nizamsızlıq yaranır. Cinsi həyat hətta heyvanlar arasında da azad və məhdudiyyətsiz deyil. Dişi heyvan müəyyən vaxtları istisna etməklə erkəyi özünə yaxın buraxmır. (8)

 Bəşər cəmiyyətləri bütün dövrlərdə hər cür geyim, çılpaqlıq və cinsi əlaqə növlərini cəmiyyətin (qeyri-rəsmi, adət-ənənə formalı) qanunu kimi təcrübədən keçirmişlər. Belə görünür ki, inkişaf prosesində ibtidai toplumların hicabı (geyimi, bədəni örtən libası) qəbul və təcrübə etməsinin kökü "eşq" anlayışı ilə bağlıdır. Belə ki mən bir şəxsə bağlanıb, onu sevdiyim zaman bu hisslər məndə güclənirdi ki, o mənə aiddir və başqası mənim eşqimə şərik çıxa bilməz. Mənim məhəbbətimdə gözü olan şəxs mənim nifrətimə tuş gəlirdi. Digər tərəfdən sevdiyim şəxs də məndən onu himayə etməyimi gözləyirdi ki, başqaları ona yaxın düşə bilməsin – hamı bilməli idi ki, biz ikimiz yalnız bir-birimizə aidik. Bu hisslər aramızda maneə törədənlərə qarşı aqressiv rəftarlara gətirib çıxarırdı. Bu proses başqalarını iki sevgilinin arasında olan bu əlaqəni rəsmi şəkildə tanımağa və onun hüdudları ilə əlaqədar diqqətli olmağa məcbur etdi. Evlilik bu formada yarandı və rəsmiləşdi. Ayrı-ayrı fərdlər və cəmiyyət cinsi kommunizmdən, kişi və qadın münasibətlərindəki qanunsuzluqdan azad oldu. Hamının iki sevgili arasında müşahidə etdiyi məhəbbətin gözəlliyi (bu məhəbbətin hüdudlarını qoruyan) nikahın mənasını da  gözəl və ürəyəyatan etdi.  

Bu yolun davamında bir şəxs öz sevgilisinin ondan öncə başqa birisi ilə olduğunu hiss etdikdə ürəyində müəyyən tərəddüd və şəkk-şübhə yaranırdı. Keçmişdəki əlaqə onun məhəbbətinin gücünü və saflığını azaldırdı. Həmin məsələ yeni məhəbbət bağlarına təsir edirdi. İnsanlar görürdülər ki, başqası ilə keçmişi olmayan insana məhəbbət bəsləmək daha gözəl, onunla münasibət qurmaq daha ürəyəyatandır. Öz məhəbbətlərində bu saflığı görməyən qadınlar istər-istəməz həmcinsləri arasında bakirəliyin təbliğinə səbəb oldular ki, "məbada sizə məhəbbət elan etməmiş kiminləsə əlaqəyə girəsiniz, çünki bu iş sizi öz məhəbbətiniz qarşısında alçaldacaq”. Bu hadisə bakirəlik anlayışını dəyərli bir məsələyə çevirdi, beləliklə, məhəbbət və izdivac anlayışlarının gözəlliyi bəkarət məfhumuna da nüfuz etdi. Bu prosesin davamında həqiqi məhəbbətinə çatmaq üçün bakirə qalmaq istəyən qız özünü başqalarının baxışı və hücumu qarşısında sığorta edə bilmir, özünü qorumaq üçün çətin günlər yaşamalı olurdu. O, çıxış yolunu özünü örtməkdə, bədəninin gözəlliklərini, könül ovlayan, incə sözlərini gizlətməkdə görürdü. Yalnız bu yolla yadlar tərəfindən uzanan əllərin qarşısını almaq olurdu. Məhz bundan sonra hicab anlayışı formalaşdı, məhəbbət, izdivac və bakirəlik anlayışlarının gözəlliklərini kəsb etdi. Beləliklə "hicab" bakirəlik, izdivac və həqiqi məhəbbət incisinə çatmaq üçün bir sədəfə çevrildi.

Bu qayda ilə saf və təmiz məhəbbət qadın və kişi arasındakı ictimai münasibətləri tənzimlədi və müəyyən əsaslar üzərində möhkəmləndirdi ki, hər bir sağlam düşüncə onun başqa metodlardan üstün olduğunu təsdiqləyir. Eşq-məhəbbətin bu forması sivilizasiyanın inkişafının məhsuludur və burada insanın şəhvani istəklərinin qarşısına əxlaqi göstərişlər vasitəsi ilə sədd çəkilmişdir.

 

Hicabı inkar etməyin məntiqi nəticəsi     

 

Hicaba etiraz etmək şəhvətin gücünü şiddətləndirmək və hüdudlarını  genişləndirmək deməkdir. Bu qüvvəni sərhədsiz (hədd-hüdudu olmadan) təhrik və təmin etmək (və ya bütün hallarda boğmaq) onu aqressiv və təhlükəli edir. Nəticədə insan ağlının gücünü üstələyir və onu kamilləşmə istiqamətində hərəkətdən saxlayır. Özünü bəzəyib küçəyə çıxan, bədəninin gözəlliklərini nümayiş etdirən qadın bilməlidir ki, onun zahiri görünüşü əks cinsin ehtirasını təhrik edir. Başqasının ehtirasını təhrik etmək onun haqqına təcavüz etməkdir. Başqasının şəhvətini yalnız o şəxs təhrik edə bilər ki, sonra onun təhrikinə cavab verə bilsin.

Yaxşı, indi fərz edək ki, siz möhtərəm qız öz bədəniniz və saçlarınızla 10 nəfəri və ya 100 nəfəri təhrik etdiniz. Yəni onların vücudunu həvəslə doldurdunuz. Bəzəndiniz, naz-qəmzəli hərəkətlər etdiniz! Özünüzə qarşı onlarda meyl yaratdınız. (Bu vəziyyət onun üçün təbiidir. O, həyəcanlı səhnə görüb təhrik olmaya bilməz. Amma siz özünüzü örtə bilərsiniz) Belə isə ya onların hamısına cavab verməlisiniz (bu isə fahişəlikdir. Sözsüz ki, müstəsna halları çıxmaq şərti ilə, küçəyə hicabsız çıxanların hamısı belə deyil. Çox vaxt onlar ailəli, şərəfli insanlardır. Hətta inanclı, namaz əhli olmaları da mümkündür), ya da hamısına cavab vermək sizin üçün qeyri-mümkündürsə və bunu edə bilməzsinizsə, deməli təhrik etməyə, başqalarının hüdudlarına təcavüz etməyə haqqınız yoxdur. Bu, kişilərin haqqıdır. Onlara demək olmaz ki, gözlərinizi bağlayıb yol gedin. Amma qadınlara demək olar ki, öz gözəlliklərinizi örtün, zinətinizi gizlədin.  

 

Hicabsız cəmiyyətlərdə qadınların problemləri

 

Məşhur sosioloq Antoni Gidzer açıq-saçıq Qərb cəmiyyətində – onun ən bariz səciyyəsi bizim baxışımızda hicaba riayət etməməkdir – qadınların həyatda üzləşdikləri problemləri sadalayır ki, biz burada onların bir neçəsinə işarə edəcəyik.

Cinsi təzyiqlər belə cəmiyyətlərdə qadınların ən bariz problemlərindəndir. İş yerində cinsi təzyiq "iş məkanında hakimiyyət və gücdən cinsi tələblər məqsədilə istifadə etmək" kimi başa düşülə bilər. Bu hərəkət daha sərt formalar ala bilər. Məsələn, işləyən bir qadın cinsi əlaqəyə razılıq vermək, ya da işindən azad olunmaq seçimi qarşısında qala bilər.

Baxmayaraq ki, kişilər bəlkə də cinsi təcavüzün mülayim formalarını ziyansız hesab edə bilər, amma qadınların əksəriyyəti onu təhqiramiz sayır. Qadınlardan həmişə gözlənilməz cinsi söhbətlərə, atmaca və yaxud fiziki yaxınlıq təkliflərinə dözmək və əhəmiyyət verməmək umulur.

 Aydındır ki, cinsi təzyiqi kişinin qadınla qanuni münasibətə girmək cəhdlərindən fərqləndirmək asan iş deyil. Qeyri-rəsmi məlumatlara görə məlum olmuşdur ki, İngiltərədə hər 10 qadından yeddisi öz iş həyatı (əmək fəaliyyəti) zamanı uzun müddət cinsi təzyiqə məruz qalır. Cinsi təcavüz hallarının sayı barədə dəqiq məlumat toplamaq çox çətindir. Təcavüz hallarından yalnız az bir qismi haqda polisə məlumat verilir və statistikada qeyd olunur. Həqiqi rəqəm rəsmi statistik məlumatda göstərilənlərdən beş dəfə çox ola bilər. Halbuki təxmini rəqəmlər həddən ziyadə fərqlidir. Londonda 1236 qadın barəsində aparılan araşdırmalar hər 6 nəfərdən birinin təcavüzə məruz qaldığını aşkara çıxarıb. Qalan beş nəfərdən biri mübarizə yolu ilə təcavüzün qarşısını alıb. Cinsi təcavüzlərin yarısı ya qadının öz evində, ya da təcavüz edən şəxsin evində baş vermişdir. Təcavüzə məruz qalan qadınların əksəriyyəti ya bu hadisəni yaddan çıxarmağa çalışır, ya da həkim müayinəsi, polis araşdırması və məhkəmə işi kimi təhqiramiz ola bilən bir prosesdə iştirak etməyə meyl göstərmir. Qanuni proses adətən üzün müddət çəkir və ola bilər ki, məhkəmə hadisədən 18 ay sonra qərar çıxarsın. Məhkəmə prosesi də açıq formada keçirildiyi üçün üzücüdür. Zərərçəkən müttəhimlə üzləşməlidir. Kişilər adətən zərərçəkənin şahidliyi əsasında məsuliyyətə cəlb olunmurlar. Ona görə də ittihamedici sənəd və sübutlar başqalarının vasitəsilə əldə olunmalıdır. Cinsi yaxınlığın baş verməsini, təcavüzkarın kim olduğunu, eləcə də bu hadisənin razılıq olmadan baş verməsini əks etdirən sübutların hamısı hazırlanmalıdır. Son illər qadın hərəkatları cinsi təcavüz barəsində qanuni və ümumi fikrin dəyişməsinə israrlıdır. Onlar təkid edirlər ki, cinsi təcavüz bir qanun pozuntusu kimi qələmə verilməməlidir, əksinə, o, ağır bir cinayət və zorakılıq kimi nəzərə alınmalıdır. Cinsi təcavüz yalnız fiziki bir hücum deyil, fərdin kimliyinə və ləyaqətinə edilən bir həmlədir. Bu gün cinsi təcavüz bir növ zorakılıq cinayəti kimi qəbul olunur.

 Braun Miller yazır: (Belə cəmiyyətlərdə) müəyyən mənada bütün qadınlar cinsi təcavüzə məruz qalır, heç vaxt cinsi təcavüzə məruz qalmayan qadınlar da əksər hallarda təcavüzə məruz qalmış qadınlara bənzər iztirablar yaşamalı olur. Onlar gecə evdən tək çıxıb, hətta adamla dolu küçələrə getməkdən belə qorxub çəkinə bilərlər. Evdə və ya binada tək olmaqdan da təxminən elə həmin həddə qorxmaları mümkündür.

Suzan Braun Miller kişilərin normal istək və meyllərinin cinsi təcavüzlə sıx əlaqədə olduğunu vurğulamaqla sübut etməyə çalışır ki, cinsi təcavüz kişi cinsinin təhdid sisteminin bir hissəsidir. Bu təhlükə bütün qadınları qorxu içində saxlayır və ona görə təcavüzə məruz qalmamış xanımlar da həyəcan keçirir və nigarançılıq içində yaşayırlar. Onlara gündəlik həyatlarında kişilərlə münasibətdə daha ehtiyatlı davranmaq lazım gəlir.

Aşağıda sadalanan göstərişlər cinsi təcavüz təhlükəsini azaltmaq üçün tərtib olunmuş bir siyahıdır. Siyahı Amerika Birləşmiş Ştatlarında qadın təşkilatlarının biri tərəfindən yayımlanmışdır. Bu siyahı cinsi təcavüzün bütün qadınların rəftar və davranışlarına təsir qoyan bir cinayət olduğunu ciddi şəkildə təsdiqləyir:

1) Öz evinizin təhlükəsizliyini mümkün qədər təmin edin.  

2) Tənha yaşayırsınızsa, işıqları yanan vəziyyətdə saxlayın ki, evdə bir neçə nəfərin yaşadığı təsəvvür olunsun.

3)  Zəngə cavab verərkən özünüzü elə göstərin ki, evdə kişi var.

4) Öz kiçik adınızı qapının üzərinə və telefon dəftərcəsinə yazmayın.

5) Əgər binada yaşayırsınızsa, kimsə olmayan zirzəmiyə, qaraja və paltar yuyulan otağa girməyin və orada tək qalmayın.   

O, davamında cinsi təcavüz müqabilində təhlükəsizliyi təmin etmək üçün 13 variant təklif edir. Amma bu variantların başında diqqətdən qaçmış və şübhəsiz, riayət olunacağı təqdirdə bu kimi fəsad və  ictimai qanun pozuntularını kökündən dəf edə biləcək, ictimaiyyətdə qadın üçün təhlükəsiz mühit yaradacaq məsələ – hicaba riayət etmək məsələsi durmalı idi. Bu məsələyə nəinki diqqət yetirilmir, hətta mövcud hakim quruluşlar və siyasətçilər öz şeytani siyasətləri ilə ona qarşı mübarizəyə, onu cəmiyyətdən silməyə qalxırlar!

Zənnimcə, təcrübədən keçmişi təcrübə etmək səhvdir. Bu cəmiyyətin getdiyi yolu, hazırda yaxasından yapışan problemləri və burada məhdud şəkildə qeyd etdiyimiz məqamlardan daha artığını dərindən mütaliə etməklə (9) bu fikir bizdə formalaşır: hicab məsələsinə ən azından ictimai davranışların yeni bir modeli kimi əhəmiyyət vermək, onu bütün aspektləri ilə reallaşdırmaq lazımdır ki, bu ağac bar versin və kölgəsində cəmiyyətimiz üçün təhlükəsiz bir mühit yaransın.

 

Daha üstün normaların hakimiyyəti

 

Azlıq təşkil edən bir qrup insan var ki, güclü iradə və möhkəm imana sahibdirlər, şəraitdən asılı olmayaraq şəriətə və qanuna sadiq qalırlar və ətraf sosial mühit onlarda təsir buraxmır. Bunun tam əksinə, kiçik bir qrup da var ki, heç nəyə əhəmiyyət vermək istəmir, qanun və şəriət normalarına qarşı üsyan və itaətsizlik hissləri onların fitrətində var. Bu iki qrupu istisna etməklə yerdə qalan insanların əksəriyyəti mövcud vəziyyətə tabedirlər (Hamı belədir axı, biz də olaq, hamıda bu dəbdir axı, bizdə də olsun, mağazalarda bunları satırlar axı, biz də sataq; mühitə, şəraitə uyğunlaşmaq lazımdır axı, biz də uyğunlaşaq!).

Şübhəsiz, hər bir cəmiyyətdə ictimai təlim-tərbiyəyə, qanunun icrasına görə məsuliyyət daşıyan insanlar elə bir şərait yaratmalıdırlar ki, cəmiyyətdə yaranmış atmosfer və mövcud vəziyyət insanları birinci qrupa  – qanuna və cəmiyyətin düzgün normalarına itaətə tərəf sövq etsin. İkinci qrup isə özünü kənarda və təcrid olunmuş vəziyyətdə hiss etsin.

Burada belə bir sual yaranır ki, nə üçün mövcud vəziyyəti ikinci qrupdan olanlar formalaşdırmalıdır? Halbuki qanunvericilik və şəriət birinci qrupu dəstəkləyir. Nə üçün müsəlman bir qadının övladı məktəb mühitində getdikcə “anam çadra geyir” deyə utanmalıdır? Nə üçün cəmiyyətin böyük əksəriyyəti azlığa uyğunlaşmalı, azğın qrupların batdığı çirkablar get-gedə norma kimi tanınmalıdır? Nə üçün normaları qanuna və şəriətə laqeyd olan azlıqlar müəyyən etməlidir?

Bizə məlum olanı budur ki, bütün ictimai normalar qanunun icrası ilə bağlı (istər rəsmi, istərsə də qeyri-rəsmi surətdə nəzərdə tutulmuş) təminatlarla (10) birgə bu normaları bəzi şəxslərin və qrupların azğınlıqları qarşısında himayə edir.

Hazırda İslam quruluşunun qanun prinsiplərinə əsasən, hicab İslam hökumətinin qanunudur və üstün norma kimi qəbul olunur (bundan əlavə, hicab bu gün bütün dünyada müsəlman qadınlarının simvolu kimi tanınır). Belə olan halda ictimai elmlərlə məşğul olan alim və mütəfəkkirlər (sosioloq, psixoloq və s.) effektiv ola biləcək müsbət (qanuna riayət edənlərə mükafat) və mənfi (qanunu pozanlara tənbeh) icra təminatı modellərini elmi surətdə araşdırıb tərtib etməlidirlər. Eyni zamanda cəmiyyətin mədəniyyət və hüquq sahəsində səlahiyyət daşıyan üzvləri bu modellərin icrasına nəzarəti həyata keçirməkdə özlərini məsuliyyətli bilməlidirlər. Qeyri-rəsmi icra təminatlarının təbliği və genişləndirilməsi teatrlar, kinoteatrlar, mədəniyyət klubları, məktəblər, universitetlər, müxtəlif audio-vuzual informasiya vasitələri də daxil olmaqla cəmiyyətdəki mədəni qurumların öhdəsinə düşür. Rəsmi icra təminatlarının təbliğini isə əxlaq təhlükəsizliyi strukturları (polisi) həyata keçirə bilər.

Nəticə etibarilə, hicabı əqli bir məsələ və yaxud inanc məsələsi kimi qəbul etsək, burada məcburiyyət yolverilməzdir. Əgər qanun kimi qəbul olunsa, məcburiyyət və zərurət onun qanun olmasından irəli gəlir və icrasının zəruriliyinə şəkk-şübhə ola bilməz.

Qaynaq:
undefined
Peinevesht:

1. Aydındır ki, hər iki –"düşüncə" və "iman" müstəvisində müxalif rəyi bildirmək üçün yol açıqdır və hər kəs öz fikrini bildirə, əks fikri tənqid edə bilər.

2. "Nur" surəsi, ayə 31.

3. "İbda" aşkar etmək, göstərmək mənasındadır, "qadınların zinəti" dedikdə isə zinət yerləri nəzərdə tutulur. "Xumur" sözü "xumar" sözünün cəm formasıdır. "Xumar" qadınların başlarına örtdüyü, qalan hissəsini isə sinələrinə atdığı libas – məğnədir. "Cuhub" sözü "ceyb" sözünün cəm formasıdır, “sinələr və boyunlar” deməkdir.

"Bəulə" "ər" mənasındadır. Sözügedən yeddi tayfa isə qan qohumluğu və ya izdivac vasitəsilə məhrəm olanlardır.

"İrbə" sözü hacət və istək deməkdir. Burada şəhvətlə bağlı istək və ehtiyaclar nəzərdə tutulmuşdur.

"Tabeinə minər-rical" dedikdə əqli cəhətdən geri qalmış insanlar nəzərdə tutulur. Onlar başqalarının himayəsi və qəyyumluğu altında yaşayır və kişilik şəhvətinə malik deyillər.

4. "Əhzab" surəsi, ayə 59.

5. "Cəlabib" sözü "cilbab"ın cəm formasıdır. Bütün bədəni başdan-başa örtən libasa deyilir; əbadan kiçik və xumardan böyükdür.

"Yudninə" irəli çəkməkdir.

6. Bu ayələrin mənası haqqında daha geniş məlumat əldə etmək üçün sözügedən ayə və hədislərin təfsirlərinə müraciət edə bilərsiniz. Qeyd etmək lazımdır ki, hicabın vacibliyinə aşkar formada dəlalət edən yuxarıdakı ayələrdən əlavə, bu məsələyə qeyri-müstəqim surətdə dəlalət edən ayələr də var (misal üçün, "Nur" surəsi, ayə 60 və "Əhzab" surəsi, ayə 53). Maraqlananlar hicab mövzusuna həsr olunmuş kitablara müraciət edə bilərlər.

7. "Sivilizasiya tarixi" 1/47

8. "Sivilizasiya tarixi" 1/56

9. O cümlədən ailə sütunlarının dağıdılmasını, nikaha daxil olmadan birgə yaşama, boşanma hallarının çoxalmasını, qarşılıqlı məsuliyyət və sevgi-məhəbbətin azalmasını, qeyri-qanuni cinsi əlaqələri, qeyri-qanuni uşaqları və digər təəssüfləndirici cinsi fəsad növlərini misal çəkmək olar ki, bunların hamısının sərçeşməsi cəmiyyətdəki hicabsızlıq, həya və iffətin azalmasıdır və azacıq xərclə onların qarşısını almaq olar.     

10. Rəsmi icra təminatları hökumətin öhdəsinə düşür (bunlara cəmiyyətin cəzalandırma sistemini – məhkəmələri və cəzaçəkmə müəssisələrini misal çəkmək olar). Eyni zamanda qanunun icrasının qeyri-rəsmi təminatı isə əksər hallarda xalqın və ya hökumətin mədəni-maarif təşkilatlarının öhdəsinə düşür. Məsələn, müəyyən təşviqedici tədbirlər, xüsusi ictimai imtiyaz və təltiflər, xidmətlərdə güzəştlər, aşkar və ya qeyri-müstəqim şəkildə razılıq ifadə etmək, töhmət, konkret şəxsdən və ya şəxslərdən uzaqlaşmaq, xüsusi sosial məhdudiyyətlər, məsxərə obyektinə çevrilməkdən çəkinmək, xəcalət çəkmək, cəmiyyət tərəfindən qəbul olunmamaq və s....

 

Nəşr tarixi: « 10/19/2013 2:06:06 PM »

Əlaqəli materiallar

Müsafirin orucunun hökm və fəlsəfəsi barədə araşdırma

Məcburi hicab?

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2031