Ayətullah Məkarim Şirazinin görüşündə İmam Məhəmməd Təqinin (ə) təlimlərinə dərin baxış
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin görüşündə İmam Məhəmməd Təqinin (ə) təlimlərinə dərin baxış

makarem news

Xülasə:
Açar sözlər:

İctimai problemlərin sonsuz həddə çoxalması bəşəriyyəti ciddi təhlükələrlə qarşı-qarşıya qoymuşdur. Bu xüsusda, İmam Məhəmməd Təqinin (ə) həlledici strategiyası evliliyin rəvacı məsələsində ölkənin sosioloqlarının işini asanlaşdıra bilər.

Qaynaq:
undefined
Peinevesht:


 Ayətullah Məkarim Şirazinin görüşündə İmam Məhəmməd Təqinin (ə) təlimlərinə dərin baxış
 İctimai problemlərin sonsuz həddə çoxalması bəşəriyyəti ciddi təhlükələrlə qarşı-qarşıya qoymuşdur. Bu xüsusda, İmam Məhəmməd Təqinin (ə) həlledici strategiyası evliliyin rəvacı məsələsində ölkənin sosioloqlarının işini asanlaşdıra bilər.
İmam Məhəmməd Təqinin (ə) şəhadətinin il dönümündə, Məkarim Şirazi cənablarının fikirlərindən istifadə edərək, o həzrətin (ə) çox dəyərli əxlaqi, dini, ictimai və siyasi təlimlərinin araşdırılmasını vacib bilirik. Buna görə də bu yazı əsl İslam maarifinin yayılması istiqamətində xalis şiə təlimlərinin misilsiz təfəkkür sistemi kimi oxucuların istifadəsinə verilə bilər.
İmam Məhəmməd Təqinin (ə) misilsiz təlimlərini açıqlamaqdan qafil olmaq, məsum imamların (ə) metodologiyası mövzusunda düşündürücü məqamlardan sayılır. Belə olduqda, qeyd edilən mövzunun izahı bütün din böyüklərinin, eləcə də görkəmli şiə tarixçilərinin xüsusi fədakarlığını tələb edir. Odur ki, o həzrətin (ə) təlimlərindən örnək almağın zəruriliyini nəzərə alaraq, bu yazıda Məkarim Şirazi cənablarının görüşü əsasında İmam Cavadın (ə) praktiki metodologiyası oxuculara təqdim edilir:

Qurana diqqət – İslam ümmətinin qüdrət nümayiş etdirməsində həlledici faktor
Şübhəsiz, İslam ictimaiyyətində ilahi kəlam və hökmlərin dəqiq icrası və bəzi məqamlarda İslamın zahiri ilə kifayətlənməmək öz növbəsində İslam ümmətinin həqiqi iqtidarına xidmət edə bilər. Bu cəhətdən Məkarim Şirazi cənabları bu xüsusda İmam Məhəmməd Təqidən (ə) nəql edilən həlledici və mühüm bir hədisi şərh edərkən belə buyurdu: Çox yaxşı olardı ki, İmam Məhəmməd Təqidən (ə) maraqlı bir hədis nəql edim. Bununla da, Qurana diqqət etməmək nəticəsində Allahın Quran və ona məhəbbəti bir xalqdan necə aldığı və düşmənləri onlara necə hakim etdiyi məlum olsun.
Həzrət buyurur:
“وَ كُلُّ امَّة قَد رَفَعَ الله عنهم علمَ الكتابِ حين نَبَذوه و ولّاهم عَدُوّهم حين تَوَلّوه و كان نَبْذُهم الكتاب انْ اقاموا حروفَه و حَرّفوا حدودهَ فهم يَرونُه و لا يرعَونه و الجهّال يُعْجِبُهم حفظُهم للرواية و العلماء يحزُنُهم تركُهُم للرعاية” (1)
“Allah-taala hər bir ümməti Quran elmindən o zaman məhrum etdi ki, özləri Qurandan ayrı düşdülər, o vaxt düşmənə möhtac etdi ki, özləri düşmənin hökmünü qəbul etdilər. Onların Quranı tərk etməsi belə idi ki, Quranın yazı və sözlərini əzbərləyir, qanun və hökmlərini isə təhrif edirdilər. Qurandan şahid (sitat) gətirsələr də ona riayət etmirdilər. Nadanlar Quranı əzbərləməyi onu (dərin mənalarını) başqalarına çatdırmaqdan üstün bilirdilər. Alimlər Qurana əməl edilməməsindən narahat və qəmgin idilər.”

İmamətin təhrifi – İslamın zahirinə əməl edilməsi sayəsində
Məkarim Şirazi cənabları, İmam Cavaddan (ə) nəql olunan hədisi izah edərkən dedi: Bu hədisə diqqət etdikdə İslam ümmətinin gerilədiyi tam aydın olur. Həm də, indiki zamana necə də uyğundur. Ərəbistan, Misir və s. kimi ölkələrdə Quranın sözlərini əzbərləmək olduqca əhəmiyyətlidir. Belə ki, azyaşlı uşaqlar da Quranı əzbərləməyə çalışırlar. Halbuki, onun hökmlərinə riayət edilmir və bunun nəticəsində həqiqi alimlər kədərlidir; acı çəkirlər, gözü yaşlı bu vəziyyətə tamaşa edirlər. Əllərindən bir şey gəlmir. Quranın zahiri gözəlliyinə və təcvidinə edilən diqqət, təfsir və hökmlərinə edilmir. Bu, Peyğəmbərdən (s) sonra imamət xəttini başqa istiqamətə döndərən və hələ də davam edən plandır. Bu, həm də Peyğəmbərdən (s) sonra Quranın oxunub, amma təfsir edilməməsinə dair hesablanan nəhs siyasətdir. Ayılacağımız bir günə və bütün dərdlərə, xüsusilə ikitirəlik və qarşıdurmaya çarə tapmaq üçün Quranın ardınca gedəcəyimizə ümidvarıq! Hansı ki, Quran möhkəm bir ipdir, bizim vəzifəmiz isə bu ipə sarılmaqdır. “Və hamılıqla Allahın ipindən (dindən, kitabdan) möhkəm yapışın və parçalanmayın...!”
 (واعتصموا بحبل الله جميعاً و لا تفرقوا), (2), (3).

Evlilik neməti – İctimai problemlərə qarşı həlledici amil
İctimai problemlərin sonsuz həddə çoxalması bəşəriyyəti ciddi təhlükələrlə qarşı-qarşıya qoymuşdur. Bu xüsusda, İmam Məhəmməd Təqinin (ə) üslub və həlledici strategiyası asan evliliyin geniş yayılması məsələsində ölkənin sosioloqlarının işini asanlaşdıra bilər.
Ayətullah Məkarim Şirazi sözügedən hədisi tam izah edərkən, ictimsi problemlərə qarşı praktiki çıxış yolu göstərmək məqsədilə ilk növbədə bunları qeyd etdi:
Şəhvətpərəstliyin müalicəsinə dair praktiki olaraq bir neçə yol mövcuddur. O cümlədən:
1. Şəhvət bataqlığından xilas olmağın praktiki yollarından biri cinsi meyl və istəklərin doğru yolla təminidir. İnsanın daxilində qərarlaşan təbii istək və ehtiyaclar düzgün yollarla təmin edildiyi təqdirdə, artıq ziyanverici və dağıdıcı xarakter daşımayacaq. Başqa sözlə desək, bu istəkləri boğmaq mümkün deyil və boğulmamalıdır da. Əksinə, onlardan effektiv və düzgün istiqamətdə yararlanmaq lazımdır. Belə olmadıqda, şəhvətin insan kökünü kəsəcək qüvvəyə çevrilməsi mümkündür (4).
Bu səbəbdən, İslam sağlam əyləncəni, meyil və istəklərdən mötədil faydalanmanı təqdir etməklə qalmır, həm də ona təşviq edir. İmam Məhəmməd Təqinin (ə) öz həyat yoldaşı haqqında nəql edilən xütbəsi bəlkə də, bu müddəanı dilə gətirir. O həzrət həmin xütbədə buyurur:
  “امّا بَعْدُ فَقَدْ كَانَ مِنْ فَضْلِ اللّهِ عَلَى الْانَامِ انْ اغْناهُم بِالْحَلالِ عَنِ الْحَرامِ (5) “
“Allahın bəndələrinə bəxş etdiyi nemətlərdən biri də onları halal vasitəsilə haramdan ehtiyacsız etməsidir” (6).
Buna görə də, İmam Cavadın (ə) bu önəmli təlimlərinə dərin baxış sayəsində ictimai çatışmazlıq və sosial problemlərin azaldılması yolunda digər həlledici məqam və amillərə yönəlmək olar.
2. Şəhvətpərəstlikdən yaxa qurtarmağın yollarından biri həyatın müxtəlif sahələri üçün dəqiq plan cızıb proqram yazmaqdır. İnsanın bütün vaxtı plan və proqram əsasında olarsa, (planın bir hissəsi əyləncə və idman xatakterli olsa belə) günah və şəhvət çirkinliklərinə bulaşmağa fürsəti olmaz.
3. Aludəlik amillərini ortadan qaldırmaq da öz növbəsində çıxış yollarından biridir. Ona görə ki, aludə mühitlərdə şəhvətə bulaşma imkanı olduqca yüksəkdir. Yəni, mühit şəhvətə aludə, hər kəsin əli çatacağı tərzdə və nisbi azadlıq olduğu təqdirdə aludəlikdən qorunmaq, xüsusilə də gənclərin, yaxud dini biliyi səthi olan şəxslərin özünü gözləməsi çətin olacaqdır (7), (8).
4. Cəmiyyətin tək-tək fərdlərinin mənəvi və humanist şəxsiyyətini dirçəltmək də şəhvət aludəliklərinin qarşısını almaqda təsirli amillərdəndir. İnsan öz şəxsiyyətinin dəyərini biləndən sonra, anlayır ki, o, yaradılış aləminin mehvəri və Allahın yer üzündə xəlifəsidir; şəhvətə özünü belə ucuz satmır.
Son məqam budur ki, təkcə şəhvətlə mübarizə mövzusunda deyil, həm də bütün hallarda etik pozuntularla mübarizədə praktiki mübarizəyə yiyələnmək lazımdır. Bu mənada ki, insan nə qədər pis xasiyyət və vərdişlərlə mübarizə aparıb onun əksinə hərəkət edərsə, həmin xasiyyət və vərdişlər bir o qədər stabilliyini itirəcək. Bu mübarizə feildən hala, haldan vərdişə, vərdişdən sabit adətə çevriləcək. İlk xüsusiyyət yerini ikinci bir xüsusiyyətə verəcək. Məsələn, bəxşiş etməyi təkrarlayan xəsis insan,canındakı xəsislik alovunu tədricən söndürəcəkdir.
Şəhvətpərəstlər də şəhvət tüğyanı qarşısında müqavimət göstərərlərsə, şəhvət tüğyanı tədricən sönər, yerini isə iffət ruhu tutar (9).

Zühurun əməli şəkildə intizarı – Esxatologiyada (10) başlıca faktor
Məkarim Şirazi cənabları İmam Məhəmməd Təqinin (ə) digər önəmli, eyni zamanda nurlu kəlamlarından birini izah edərkən zühurun intizarı və praktiki intizarın dil və qəlbdəki intizardan önə keçirilməsi, ədalətin gerçəkləşməsində bu əməli intizarın rolu xüsusunda buyurdu: Əməli şəkildə intizar olduqca əhəmiyyətlidir. Dil və qəlbdə intizar isə asandır, adətən də, yerinə yetirilir. Belə bir intizarı olan kəs həm özü buna hazır olmalı, həm də başqalarını hazırlaşdırmalıdır; ruhiyyə, iman, əməl və etiqad baxımından hazır olmalı, digərlərini də hazırlamalıdır (11).
O, İmam Məhəmməd Təqinin (ə) təlimlərində intizar teoriyası və esxatologiya mövzusunu təfsir edərkən buyurdu: İmam Məhdiyə (əc) barədə Əbdüləzim Həsəninin (ə) İmam Cavaddan (ə) nəql etdiyi hədisin məzmunu belədir:
 “قال: دَخَلْتُ عَلَى سَيِّدِي مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ مُوسَى بْنِ جَعْفَرِ بْنِ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ع وَ أَنَا أُرِيدُ أَنْ أَسْأَلَهُ عَنِ الْقَائِمِ أَ هُوَ الْمَهْدِيُّ أَوْ غَيْرُهُ فَابْتَدَأَنِي فَقَالَ لِي يَا أَبَا الْقَاسِمِ إِنَّ الْقَائِمَ مِنَّا هُوَ الْمَهْدِيُّ الَّذِي يَجِبُ أَنْ يُنْتَظَرَ فِي غَيْبَتِهِ وَ يُطَاعَ فِي ظُهُورِهِ وَ هُوَ الثَّالِثُ مِنْ وُلْدِي وَ الَّذِي بَعَثَ مُحَمَّداً ص بِالنُّبُوَّةِ وَ خَصَّنَا بِالْإِمَامَةِ إِنَّهُ لَوْ لَمْ‏ يَبْقَ‏ مِنَ‏ الدُّنْيَا إِلَّا يَوْمٌ وَاحِدٌ لَطَوَّلَ اللَّهُ ذَلِكَ الْيَوْمَ حَتَّى يَخْرُجَ فِيهِ فَيَمْلَأَ الْأَرْضَ قِسْطاً وَ عَدْلًا كَمَا مُلِئَتْ جَوْراً وَ ظُلْماً وَ إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى لَيُصْلِحُ لَهُ أَمْرَهُ فِي لَيْلَةٍ كَمَا أَصْلَحَ أَمْرَ كَلِيمِهِ مُوسَى ع إِذْ ذَهَبَ لِيَقْتَبِسَ لِأَهْلِهِ نَاراً فَرَجَعَ وَ هُوَ رَسُولٌ نَبِيٌّ (12) “
Əbdüləzim Həsəni (ə) buyurur: “Mən İmam Məhəmməd Təqinin (ə) hüzuruna daxil olduğumda, qərara almışdım ki, “Qaim”in (qiyam edənin) İmam Məhdi (əc) və ya digər şəxs olduğunu soruşum. Sual verməzdən öncə, o həzrət (ə) “Qiyam edəcək şəxs həzrət Məhdidir (əc).” – deyə cavab verdi.
Həzrət (ə) hədisin davamında buyurdu: “Qeybdə olduğu müddətdə onun intizarını çəkmək, zühurunda da ona itaətkarlıq vacibdir. O, mənim üçüncü nəslimdir.”


Zühurun intizarı – Şiə təlimlərində ən dəyərli əməl
Ayətullah Məkarim Şirazi bu mühüm və həyati hədisin intizar mövzusunda ən mühüm hissəsini bəyan edərkən buyurdu: İmam Məhəmməd Təqi (ə) davamında buyurur: “Rəsulullahı (s) peyğəmbərliyə, bizi də imamlığa seçən Allaha and olsun ki, dünyanın axırına bir gün qalsa belə, Məhdi (əc) qeyb pərdəsinin arxasından çıxması, yeri zülmlə dolduğu halda ədalətlə doldurması üçün Allah həmin günü uzadar. Dünyada ədalət bərqərar olmadıqca, Allah onu sonlandırmaz.”
İmam Cavad (ə) hədisin davamında buyurur: Allah-taala bir gecəyə zühuru gerçəkləşdirər. O, iradə etdiyi zaman hazırlığa ehtiyac görmür. Necə ki, Musanın (ə) işini bir gecəyə düzəltdi. Həzrət Musa (ə) od gətirməyə getdi, amma həmin saatda, bir gecədə peyğəmbərliyə çatdı (13).”
Məkarim Şirazi cənabları İmam Məhəmməd Təqinin (ə) nurlu kəlamında bu fundamental və həlledici ibarəyə etiraf edərək, İslam cəmiyyətində intizarın əhəmiyyətini ümumi mənada, zühur məsələsində əməli intizarın rəvacını isə, xususi mənada məsum imamların (ə) şiələrinin ən vacib vəzifə və öhdəliklərini saydı və buyurdu:
İmam Məhəmməd Təqinin (ə) Əbdüləzim Həsəniyə  (ə) dediyi son cümlə bu idi:
 “أَفْضَلُ أَعْمَالِ شِيعَتِنَا انْتِظَارُ الْفَرَجِ (14) ”
“Şiələrimizin ən üstün əməli zühuru gözləməkdir”.
Zühuru gözləmək üç cürdur: dildə, qəlbdə və əməldə. İlk mərhələ, qəlbən o həzrəti gözləmək, gəlməməsindən narahat olmaqdır.
Sözdə intizar, o həzrətin zühuru üçün dua etməkdir. Praktiki və ya əməldə intizar isə o həzrətin gəlişinə xarici hazırlıqdır. Əməli şəkildə intizar olduqca əhəmiyyətlidir. Dil və qəlbdə intizar isə asandır, adətən də, yerinə yetirilir. Belə bir intizarı olan kəs həm özü buna hazır olmalı, həm də başqalarını hazırlaşdırmalıdır; ruhiyyə, iman, əməl və etiqad baxımından hazır olmalı, digərlərini də hazırlamalıdır (15).

Nəfsi istəklərlə mübarizənin müsbət təsir və bərəkətləri
Nəfsi istəklərlə mübarizədə təqvalı olmaq, özünü qorumaq İmam Məhəmməd Təqinin (ə) dini həyat yolu təlimlərində yer alan spesifik xüsusiyyətlərdəndir. Bu səbəbdən Məkarim Şirazi cənabları o həzrətin təlimlərində yer alan bu vacib və həlledici faktora aydınlıq gətirdi və buyurdu: Əllamə Məclisi İmam Məhəmməd Təqidən (ə) belə nəql edir:
“قَالَ لِلْجَوَادِ (علیه السلام) رَجُلٌ أَوْصِنِی قَالَ وَ تَقْبَلُ قَالَ نَعَمْ قَالَ تَوَسَّدِ الصَّبْرَ وَ اعْتَنِقِ الْفَقْرَ وَ ارْفَضِ الشَّهَوَاتِ وَ خَالِفِ الْهَوَى وَ اعْلَمْ أَنَّکَ لَنْ تَخْلُوَ مِنْ عَیْنِ اللَّهِ فَانْظُرْ کَیْفَ تَکُون (16)”
“Bir nəfər İmam Cavada (ə): Məni nəsihət edin!
İmam (ə): Qəbul edərsənmi?
Dedi: Bəli.
Buyurdu: Səbrə arxalan, yoxsulluqla həmnişin ol, şəhvətdən əl çək və nəfsi istəklərinə qarşı get! Bil ki, Allahın nəzərindən gizli deyilsən! Necə olacağına diqqət yetir!

 

İtaət və günaha səbr etmək – Nəfslə mübarizədə vacib element
Ayətullah Məkarim Şirazi nəfslə mübarizənin müsbət təsir və bərəkətlərini bəyan edərkən vacib etik elementə, yəni səbrə işarə etdi və buyurdu: Dünya və axirət səadəti İmam Məhəmməd Təqinin (ə) bir neçə cümləsində müşahidə olunur. İtaətə səbir dedikdə, itaətin çətinliklərinə dözmək, günah qarşısında səbir dedikdə, günahın tərkində qarşıya gələn çətinliklərə dözmək, müsibətə səbir dedikdə isə, çətinliklər qarşısında əyilməmək, etiraz etməməkdir. Həyat problemlərlə yoğrulmuşdur və ondan ayrılması mümkünsüzdür (17).

Təqvalı olmaq – Dünya və axirət səadətinə nail olmaqda başlıca amil
Ayətullah Məkarim Şirazi bu hədisin ikinci hissəsini şərh edərkən buyurdu: İmam Cavadın (ə) buyruqlarının bir hissəsi yoxsulluğa aiddir. Burada yoxsulluq, sadə və dəbdəbəsiz həyat mənasındadır. Sadə həyat, yəni insanın (səfərdən tutmuş, toy, ev, ev əşyaları və sairəyədək) hər cəhətdən sadə, büsatsız olmasıdır.
Məkarim Şirazi cənabları İmam Məhəmməd Təqinin (ə) nurlu kəlamında insanın dünya və axirət səadətinə çatmasında təqvanın rolu məsələsinə aydınlıq gətirərkən buyurdu: Daha sonra İmam Cavad (ə) şəhvət və nəfsi istəklər məsələsinə toxunur, insanın şəhvətdən uzaq olmasını bildirir. Ona görə ki, şəhvət ardıcılları, əslində şeytanın əl altılarıdır və onları acı tale gözləyir. Bunun qarşılığı, nəfsi istəklərlə mübarizə isə insanı şeytanın ordusu sıralarından çıxarır, dünya və axirət səadətinə səbəb olur. Bundan əlavə Qurani-kərim “Naziat” surəsində nəfsi istəklərin tərki və onlarla müxalifəti cənnətə gedən yol kimi təqdim edir:
“وَ أَمَّا مَنْ خافَ مَقامَ رَبِّهِ وَ نَهَى النَّفْسَ عَنِ الْهَوى.‏ فَإِنَّ الْجَنَّةَ هِیَ الْمَأْوى (18)”.
“Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa, şübhəsiz, onun yeri Cənnətdir.” (19).

Son söz
İmam Cavad (ə) 25 yaşında öz həyat yoldaşı tərəfindən şəhadətə yetirilsə də, az yaşına rəğmən bir çox məsələlərə aydınlıq gətirmişdir (20). Belə ki, hətta əhli-sünnə alimləri də öz tarixi sənədlərində o həzrətin elm, təqva və varlığının misilsiz elmi, dini və bilik keyfiyyətlərinə etiraf etmişdir. Bu müddəanı izah edərkən qeyd etmək lazımdır ki, İmam Məhəmməd Təqi (ə) öz qısa ömürünü (25 ili) dəyərləndirə bildi. Hətta, əsrinin hakimləri Əhli-beyt (ə) məktəbinin rəvacına icazə verirdi, o cümlədən bəzən xəlifələrin fiqhi suallarını cavablandırır, bəzən də, münazirələrdə mühüm fiqhi məsələləri həll edirdi (21). Görkəmli əhli-sünnə alimləri o həzrətin (ə) elmi və şəxsi dəyərindən söz açırdılar. Nümunə olaraq, İbn Həcər Heytəmi yazır: “Məmun onu damadı seçdi, çünki az yaşı ilə elm və təmkin baxımından bütün alimlərdən üstün idi” (22).
Sibt ibn Cuzi də deyir: “O, elm, təqva, zöhd və əliaçıqlıqda atasının yolunu davam etdirirdi” (23), (24).
Deməli, İmam Məhəmməd Təqinin (ə) nəzəri və praktiki üslubunun yayılmasında o həzrətin şiələrinin, ardıcıllarının vəzifəsi ikiqat artıqdır. Bu baxımdan o həzrətdən (ə) daima bəhrələnməli, onun mənəvi yolunu davam etdirməyə çalışmalıyıq (25).
Araşdırma, hazırlanma və tərtibat; Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1-    “Biharul-ənvar”, c. 78, səh. 358, köhnə çapı (İmam Məhəmməd Təqinin (ə) nəsihətləri); “Kafi”, c. 8, səh. 53; “Mizanul-hikmə”, c. 8, səh. 85
2-    “Ali-İmran” surəsi, 103-cü ayə
3-    “Nəhcül-bəlağədə İslam əxlaqı” (“Müttəqin” xütbəsi), c. 1, səh. 482
4-    “Quranda əxlaq”, c. 2, səh. 301
5-    “Biharul-ənvar”, c. 50, səh. 76
6-    “Quranda əxlaq”, c. 2, səh. 302
7-    “Quranda əxlaq”, c. 2, səh. 302
8-    “Quranda əxlaq”, c. 2, səh. 303
9-    Yenə orada
10-    Dünya tarixini sonlandıran hadisələr və dünyanın sonu ilə əlaqədar elm.
11-    Ayətullah Məkarim Şirazinin dərsləri, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 30/04/2015
12-    “Biharul-ənvar”, Əllamə Məclisi, c. 51, səh. 156; “Kəmalud-din və təmamun-nimət”, Şeyx Səduq, c. 2, səh. 377; “Kifayətul-əsər fin-nəssi ələl-əimmətil-isna əşər”, Əli ibn Məhəmməd Xəzzaz Qummi, səh. 280
13-    Ayətullah Məkarim Şirazinin dərsləri, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 30/04/2015
14-    “Biharul-ənvar”, Əllamə Məclisi, c. 51, səh. 156; “Kəmalud-din və təmamun-nimət”, Şeyx Səduq, c. 2, səh. 377; “Kifayətul-əsər fin-nəssi ələl-əimmətil-isna əşər”, Əli ibn Məhəmməd Xəzzaz Qummi, səh. 280
15-    Ayətullah Məkarim Şirazinin dərsləri, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 30/04/2015
16-    “Biharul-ənvar”, c. 75, səh. 358
17-    Ayətullah Məkarim Şirazinin dərsləri, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 24/09/2014
18-    “Naziat”, surəsi, 40-41-ci ayələr
19-    Ayətullah Məkarim Şirazinin dərsləri, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 24/09/2014
20-    Yenə orada
21-    İmam Məhəmməd Təqinin (ə) Məmun Abbasi dövrünün məşhur alimi Yəhya ibn Əksəmlə münazirələri haqda ətraflı məlumat üçün müraciət edin: “Biharul-ənvar”, c. 50, səh. 75-78. Həmçinin, Mötəsim Abbasinin məclisində və o zamanın fəqihləri hüzurunda İmam Məhəmməd Təqinin (ə) oğrunun əlini kəsmək barədə fətvası imamın (ə) fiqhi elminə aşkar sübutdur. (“Vəsailuş-şiə”, c. 18, səh. 490, “Həddüs-sirqə” babı).
22-    “əs-Səvaiqul-muhriqə”, səh. 205
23-    “Təzkirətul-xəvas”, səh. 359
24-    “Tətbiqi fəlsəfə” ensiklopediyası, c. 1, səh. 104
25-    Ayətullah Məkarim Şirazinin dərsləri, fiqhin ali mühazirələri, “Məscidul-Əzəm”, Qum, 30/04/2015

 

Nəşr tarixi: « 9/23/2016 8:59:18 PM »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Əbəlfəzlin (ə) izzət, elm və mərifətinin əzəməti

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 135