Ayətullah Məkarim Şirazinin görüşündə Fitr bayramının təsir və bərəkətlərinə dərin baxış
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin görüşündə Fitr bayramının təsir və bərəkətlərinə dərin baxış

makarem news

Xülasə:
Açar sözlər:

Sübhəsiz, möhtəşəm Fitr bayramı namazı İslam ümmətinin vəhdəti və İslam ictimaiyyətinin problemlərinin həllində misilsiz faktordur.

Qaynaq:
undefined
Peinevesht:


Ayətullah Məkarim Şirazinin görüşündə Fitr bayramının təsir və bərəkətlərinə dərin baxış
 Sübhəsiz, möhtəşəm Fitr bayramı namazı İslam ümmətinin vəhdəti və İslam ictimaiyyətinin problemlərinin həllində misilsiz faktordur. Odur ki, din təbliğatçılarının xalis Peyğəmbər (s) islamının geniş yayılmasında, İslamda din və siyasətin eyniliyinin və İslam dünyasına dair məsələlərin bəyan edilməsində rolu danılmazdır.
Fitr bayramı ərəfəsində oruc tutan möminlər bir ay boyunca ilahi əmrlərə itaət etmək və təqva nümayiş etdirmək yolunda göstərdikləri ardıcıl səylərdən sonra ibadi, ictimai və siyasi həyatın yeni mərhələsinə daxil olurlar; şəvval ayının görünməsi ilə ramazan ayı sona çatır və Fitr bayramı yetişir ki, şəriətə əsasən o gün oruc tutmaq haramdır... Sözün qısası, yeni ayın hilalı bizim gündəlik həyatımıza nəzm-intizam bağışlayır, bu təbii təqvimdən istifadə edərək, əməl və ibadətlərimizi yerinə yetiririk (1).
Bu izahdan sonra, mərcəyi-təqlid və Qurani-kərimin təfsirçisi Ayətullah Məkarim Şirazinin dəyərli fikirlərindən bəhrələnərək, Fitr bayramının bərəkət və təsirlərini təhlil etmək yerinə düşərdi. Ona görə ki, bu mühüm araşdırma hər şeydən öncə oruc tutan müsəlmanların Fitr bayramındakı şadlıq və bayram əhval-ruhiyyəsinin səbəb, sirr və fəlsəfəsinə aydınlıq gətirəcək, sonda isə müsəlmanların ibadi, siyasi və sosioloji yüksəlişi istiqamətində bayramların, xüsusilə mübarək Fitr bayramının özüməxsus funksionalizminə yönəlmək olar.
“İyd” – “Bayram” sözünün leksik mənası
Ərəbcə bayrama “iyd” deyilir və bu sözün kökü “ud”, yəni qayıdış mənasını daşıyır. Buna görə də hər hansı bir toplumun problemlərini öz həllini tapdığı və ilk zəfər və asudəliyə döndüyü günlərə “iyd”, yəni bayram deyilir. İslam bayramları da, insanların mübarək ramazan ayını itaətdə keçirməklə və ya böyük Həcc vacibini yerinə yetirməklə, ruh və cisimlərinin ilk fitri paklıqlarına dönmələri, fitrətlərinə zidd çirkinlikləri təmizlədikləri münasibətilə bayramdır. Necə ki, “maidə” (süfrə) nazil olduğu gün, zəfərə dönüş, paklıq və Allaha iman olduğu üçün həzrət Məsih (ə) onu “iyd” (bayram) adlandırdı (2). Nəql edilən hədislərə əsasən, süfrə bazar günü nazil olmuşdu. Bəlkə də xristianlar arasında bazar gününün möhtərəm olmasının səbəblərindən biri də elə budur.
Həzrət Əlidən (ə) nəql olunan: “Allaha qarşı günah edilməyən gün bayramdır” (3) – hədisi də bu mövzuya işarədir. Çünki, günahın tərk edildiyi gün də, zəfər, paklıq və ilk fitrətə qayıtmaq günüdür (4).

Fitr bayramı – ilahi əmrlərdə insan haqqsevərliyinin rəmzi
Fitr bayramının bütün dünya müsəlmanları arasında şadlıq və sevinc günü kimi diqqət mərkəzində olması hər kəsə məlumdur. Bəs, Fitr bayramı günündəki bu sevinci vacib edən əsas amil nədir?
Sualı cavablandırmaqdan ötrü Ayətullah Məkarim Şirazinin təfsirə dayanan görüşündən istifadə etmək olar, belə ki, o, İmam Əlinin (ə) göstərişlərini təfsir edərək bu suala cavab tapmışdır. Məkarim Şirazi cənabları bir ifadəsində belə deyir: İmam Əli (ə) bayramların birində (Fitr bayramında) buyurduğu hikmətli sözündə bayramla əlaqədar mühüm bir məqama işarə edir, və ilk olaraq, belə buyurur:
فِي بَعْضِ الْأَعْيَادِ: إِنَّمَا هُوَ عِيدٌ لِمَنْ قَبِلَ اللَّهُ صِيَامَهُ وَشَكَرَ قِيَامَهُ
“Bugün, yalnız orucları Pərvərdigarın dərgahında qəbul olmuş və gecə boyu ibadətləri məqbul sayılanların bayramıdır.”
Sonra bundan mühüm və geniş nəticə alaraq, sözünə əlavə edir:
وَكُلُّ يَوْمٍ لَايُعْصَى اللَّهُ فِيهِ فَهُوَ عِيدٌ.
“(Buna görə də) Allaha günah edilmədiyi gün bayramdır!”
Real həyatda bütün dünya əhalisinin özünəməxsus şadlıq günləri var, hansı ki, bayram adlandırırlar. Bu bayram günləri ya Novruz bayramı kimi təbiətdəki dəyişikliklə əlaqədardır, ya bəşər tarixində önəmli fəthə görə, yaxud da hər hansı elmi-ictimai inqilabın xatirəsini qorumaq məqsədilədir. Maraqlıdır ki, İslam bayramları vacib ilahi əmlərə itaətdən sonra gəlir. Fitr bayramında da, müsəlmanlar bir ay oruc tutduqdan, Allahın fərmanına itaətdən, ona gecə-gündüz ibadətdən (5) və şeytana qalib gəldikdən sonra bayram edirlər; Haqqın fərmanına itaət bayramı! (6).
Deməli, mübarək ramazan ayı boyu bir aylıq orucun ardından sevinib bayram etmək, əslində nəfsi istəklərə zəfər və Allahın fərmanına itaətə görədir. Odur ki, belə bir gün böyük ilahi vacibə əməldə və onun son fəlsəfəsini dərkində müvəffəq olan kəslərin bayramıdır. Lakin bu əzəmətli ayın ehtiramını gözləməyən və təlim-tərbiyə proqramına məhəl qoymayan üzüqaralar üçün matəm və xəcalət günündən başqa bir şey deyil (7).
Buradan İmam Əlinin (ə) “Fitr bayramı, oruc və itaətləri qəbul olmuş kəslərin bayramıdır” ifadəsinin bir həqiqət olması aydın olur. Beləliklə, oruc tutmayanların (üzürsüz) və ya orucları günah və itaətsizlik səbəbilə Allah dərgahında qəbul olmayan kəslərin bu bayramda sevincləri yersizdir; şadlıq o kəslərə aiddir ki, itaəti Allah dərgahında məqbul sayılsın.
Bu məntiqə əsasən, insanın gün boyu günah etmədiyi, Allaha üsyandan çəkindiyi gün bayram sayılır. Bu tərtiblə, ilin bütün günlərini özümüzə bayram edə bilərik (8). Bu şərtlə ki, camaat ramazan ayında yerinə yetirdikləri və yetirməkdə olduqları xeyir və yaxşı işlərə davam etməli və ona vüsət verməlidir. Çünki bu işlər həyata keçərsə, insanın ömrünə bərəkət verər (9).

Fitr bayramının namazı – Dinlə siyasətin birliyi simvolu
Sübhəsiz, möhtəşəm Fitr bayramı namazı İslam ümmətinin vəhdəti və İslam ictimaiyyətinin problemlərinin həllində misilsiz faktordur. Odur ki, din təbliğatçılarının xalis Peyğəmbər (s) islamının geniş yayılmasında, İslamda din və siyasətin eyniliyinin və İslam dünyasına dair məsələlərin bəyan edilməsində rolu danılmazdır.
Ayətullah Məkarim Şirazi belə bir mühüm işin reallaşmasının vacibliyi haqda buyurur: Yaxşı olar ki, cümə namazının imamı (xətibi) cümə xütbəsində din və müsəlman dünyasının islahatlarına dair xatırlatmalar etsin, camaatı İslam ölkələri və digər ölkələrin faydalı və ziyanlı məsələlərindən xəbərdar etsin və müsəlmanların maddi-mənəvi ehtiyaclarına işarə etsin. Müsəlmanların müstəqilliyində rolu olan siyasi-iqtisadi prosesləri dilə gətirsin, onların digər xalqlarla düzgün münasibətlərini bəyan etsin və xalqı istismarçı dövlətlərin müsəlmanların siyasi və iqtisadi işlərinə müdaxiləsindən – hansı ki, onların istismarına səbəb olur – çəkindirsin (10).
Xülasə, Fitr bayramı böyük səngərlərdəndir. Təəssüflər olsun ki, müsəlmanlar öz mühüm vəzifələrindən xəbərsiz qalıblar. Necə ki, cümə namazı kimi İslam siyasətinin əzəmətli bazalarından bəzən xəbərsizdirlər... İslam siyasətdən kənar deyil. İslamın hüquqi, siyasi, sosioloji və iqtisadi hökmlərinə dərindən baxan kəs bunu anlayır. İslamın siyasətdən ayrı olduğunu güman edənlər, nə İslamdan, nə də siyasətdən xəbərdardır (11).

Fitr bayramı – anti-imperializm mövzusunda həlledici amil
Sözsüz ki, ibadət və din mövzularında Fitr bayramının əvəzsiz funksiyaları vardır, bununla yanaşı siyasi və iqtisadi təlimlərdə, xüsusən də İslam əzəməti və iqtidarının möhkəmlənməsində onun misilsiz təsirləri danılmazdır.  
İslam dininin göstərişlərinin dəqiqliyini nəzərə alsaq, dəqiq planlaşdırılmış bir bayram namazı ilə zalım hökuməti yerindən oynatmaq olar (12).
Odur ki, Fitr bayramı ərəfəsində Ayətullah Məkarim Şirazinin sabit yanaşmalarından biri hamını əzəmətli Fitr bayramının namazında imperializmə qarşı iştiraka dəvət etməsidir.
Buna görə də Ayətullah Məkarim Şirazi bir ifadəsində buyurur: Bayram namazı müstəhəbdir, amma olduqca təkid edilmiş müstəhəblərdən və İslamın əhəmiyyətli nişanələrindəndir. Bayram namazında belə deyirik: “İlahi, bu gün bizim bayramımız, Peyğəmbərin (s) şərəf amili, İslamın izzət və əzəməti və qiyamət günü üçün ehtiyatdır” (13).
Həmçinin, Fitr bayramı namazının düşmən gözündə tir və İslamın izzət və əzəmətinə bais olduğunu nəzərə alsaq, oruc tutanların bu mənəvi mərasimdə iştirakı vacibdir. Ona görə ki, Fitr bayramı namazındakı bu izdihamlı hüzur düşmənlərin İslam və müsəlmanlara qarşı geniş təxribat və təbliğatlarının qarşısını alır və onları məyus qoyur (14).

Fitr bayramı – İslam ümmətinin ibadi ənənəsinin təzahürü
Fitr bayramının İslamda xüsusi ibadət və hökmləri olan müqəddəs günlərdən biri olduğunu xatırlatmaq lazımdır (15). Odur ki, mübarək Fitr bayramında dini və ibadi təlimlərin güclənməsini ramazan ayında müsəlmanların imanla bağlı nailiyyətlərinin sıx nişanəsi kimi göstərmək olar.
Bu cəhətdən Ayətullah Məkarim Şirazinin yüksək təfəkküründə ibadi mövzulara diqqətin artırılması, Fitr bayramında İslam ümmətinin ibadi ənənəyə yönəlməsi xüsusunda həlledici amil kimi diqqət mərkəzində qərarlaşmışdır.

Saflaşma – Mübarək Fitr bayramının ən qiymətli ərməğanı
Fitr bayramına dair dini əməl və ibadətlərin misilsiz təsir və bərəkləri vardır. Vacib fitrə zəkatını möhtac şəxslərə ödəmək sayəsində saflaşma, bu əzəmətli günün dəyərli faktorlarından sayılır.
Ayətullah Məkarim Şirazinin təfsirlə bağlı nəzərində belə qeyd edilir: “Əla” surəsinin 14 və 15-ci ayələrində möminlərin nicatına və nicat amillərinə işarə olunub. Allah-taala ilk növbədə buyurur:
قَدْ أَفْلَحَ مَنْ تَزَكَّى
“Şübhəsiz, özünü saflaşdıran nicat tapmışdır” (16).
وَ ذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى
“Və Yaradanının adını xatırladı və ardınca namaz qıldı” (17).
Bu tərtiblə, qurtuluş və zəfərin amili üç şeydir: “Saflaşma”, “Allahın adını xatırlamaq” və ardınca “namaz qılmaq”.
Saflaşmanın (təzkiyə) mahiyyəti barədə müxtəlif şərhlər verilmişdir:
1. Məqsəd, ruhun şirkdən təmizlənməsidir.
2. Qurani-kərimdə “qurtuluş” ayələrinin, o cümlədən, qurtuluşu yaxşı işdən asılı sayan “Muminun” surəsinin ilk ayələrinin, həmçinin “Şəms” surəsinin 9-cu ayəsinin – hansı ki, təqva və günah məsələsini zikr edəndən sonra buyurur: “قَدْ أَفْلَحَ مَنْ زَكَّاها”; “Nəfsini günah və pis işlərdən paklayan və təqva zinətinə yiyələn kəs nicat tapdı” – göstərici şahidliyi ilə “Əla” surəsinin 14-cü ayəsindəki məqsədin qəlbin əxlaqi nöqsanlardan təmizlənməsi və yaxşı işlər görmək olduğunu iddia etmək olar (18).
3. “Fitrə zəkatı” Fitr bayramı günündədir; ilk zəkatı verməli, sonra bayram namazını qılmaq lazımdır. Bu məna İmam Sadiqdən (ə) nəql edilən bir çox hədisdə gəlmişdir (19). Həmin məna Əhli-sünnə qaynaqlarında Əmirəl-möminin Əlidən (ə) nəql edilmiş hədisdə (20) nəql edilmişdir (21).
Deməli, Quran  nöqteyi-nəzərindən “تزکی” fitrə zəkatına işarədir, “ذکر اسم ربه” bayram günü deyilən təkbirlərdir və “فاء”, yəni ondan sonra bayram namazı qılırsınız. Buna görə də fitrə zəkatını namazdan öncə çıxarın. Əlbəttə, əgər nəzərinizdə hazırda əliniz çatmayan hər hansı möhtac varsa, onun niyyətinə fitrəni bir kənara qoya bilərsiniz (22).

Fitrə zəkatı – Fitr bayramında ən əhəmiyyətli maliyyə öhdəliyidir
Mübarək ramazan ayında tutulan orucun qəbul olmasının şərti fitrə zəkatını ödəməkdir (23). Fitrəni çıxarmaq vacibdir, Quran və hədislərdə də buna işarə olunub. Bu əməlin faydalarından biri insanın il boyu özünü xoşagəlməz hadisələrdən sığortalamasıdır. Az bir məbləğ qarşılığında insan özünü sığortalamış olur (24).
Fitrə zəkatı (25) zəkatın qisimlərindəndir. Odur ki, həddi-buluğa çatmış, aqil və imkanlı şəxs Fitr bayramında özü və yaşından asılı olmayaraq, onun xərci ilə təmin olunan kəslər tərəfindən fitrə çıxarmalıdır. Hər nəfərin boynuna düşən fitrə payının miqdarı təqribən bir təbriz batmanı (yəni 3 kilo), növü isə buğda, arpa, xurma və bu kimi insanların əksər qidası olan yeyəcəklərdəndir. Fitrə zəkatı məsələlərinin prinsiplərində şiə və əhli-sünnə arasında heç bir fikir ayrılığı yoxdur (26).
Fitrə zəkatı həm də insan sağlamlığının təminatçısıdır. İnsan bu sahəyə hər nə qədər sərmayə qoysa, yerində və təqdirəlayiqdir. Beləliklə, yaşam ehtiyacları təmin olan bütün şəxslər fitrə zəkatını ödəməlidirlər, maliyyə sıxıntısı olanlar, xərci qazancını aşanlar bu hökmdən istisnadır və fitrə zəkatı onlara vacib deyil, əksinə fitrə zəkatı ala bilərlər (27).

Son söz
Fitr bayramı mükafat alma günüdür. Ramazan ayını batillə (oruc tutmamaq, günah etmək kimi əməllərlə) başa vuranlar isə zərər görürlər. İmam Əlinin (ə) Fitr bayramında oxuduğu xütbəsində, o həzrət Fitr bayramını qiyamətə bənzətmiş və camaatdan məscidlərə getdikləri zaman məhşərə daxil olduqlarını, namazı bitirdikləri və xütbələrə qulaq asdıqları zamansa məhşərdən cənnətə doğru hərəkət etdikləri saatı xatırlamaları istəmişdir (28).  
Həzrət Əlinin (ə) nəzərində oruc tutanların ən az nəsibi budur ki, mübarək ramazan ayının sön günü bir mələk səslənər: Ey bəndələr, sizə müjdə olsun! Allah günahlarınızı bağışladı, əməl dəftəriniz silindi və ehtiyatlı olun ki, günahları silinən əməl dəftərinizə bir də günah yazdırmayın! (29).
Beləliklə, ramazan ayının (Quranın) baharı olduğunu qeyd etmək lazımdır. Bayram günü isə Allaha bəndəliyin baharıdır. Bu barlı ağacların qurumamasından ötrü ehtiyatlı olmaq lazımdır. Allaha itaət sayəsində hasil olan təqva və paklığın qalıcı olması istiqamətində çalışmaq lazımdır (30).

Araşdırma; hazırlanma və tərtibat; Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1-    “Səndən soruşurlar” (Peyğəmbərdən (s) Quranla bağlı soruşulan suallar toplusu), səh. 21
2-    “Maidə” surəsi, 114-cü ayə
3-    “Nəhcül-bəlağə”, hikmət 428
4-    “Nümunə” təfisi, c. 5, səh. 131
5-    “Əmirəl-möninin İmam Əlinin (ə) mesajı”, c. 15, səh. 432
6-    “Əmirəl-möninin İmam Əlinin (ə) mesajı”, c. 15, səh. 432
7-    “Yüz əlli həyat dərsi”, səh. 92
8-    “Əmirəl-möninin İmam Əlinin (ə) mesajı”, c. 15, səh. 433
9-    Ayətullah Məkarim Şirazinin çıxışı, Fitr bayramı namazının xütbələri, “İmam Xomeyni” şəbistanı, həzrət Məsumənin (ə) hərəmi, 31/08/2011
10-     “Yeni isiftaat”, c. 2, səh. 138
11-     “Yeni istiftaat” , c. 2, səh. 138
12-     Ayətullah Məkarim Şirazinin çıxışı, mübarək Fitr bayramı namazının xütbələri, “İmam Xomeyni” şəbistanı, həzrət Məsumənin (ə) hərəmi, 31/08/2011
13-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin təfsiri, “İmam Xomeyni” şəbistanı, həzrət Məsumənin (ə) hərəmi, 08/08/2013
14-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin təfsiri, “İmam Xomeyni” şəbistanı, həzrət Məsumənin (ə) hərəmi, 08/08/2013
15-     “Dini suallara cavab”, səh. 501
16-     “Əla” surəsi, 14-cü ayə
17-     “Əla” surəsi, 15-ci ayə
18-     “Nümunə” təfisi, c. 26, səh. 402
19-     “Nurus-Səqəleyn”, c. 5, səh. 556, hədis 19 və 20
20-     “Ruhul-məani” təfsiri, c. 30, səh. 110; “Kəşşaf” təfsiri, c. 4, səh. 740
21-     “Nümunə” təfisi, c. 26, səh. 402
22-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin təfsiri, “İmam Xomeyni” şəbistanı, həzrət Məsumənin (ə) hərəmi, 08/08/2013
23-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin təfsiri, “İmam Xomeyni” şəbistanı, həzrət Məsumənin (ə) hərəmi, 27/08/2011
24-     Yenə orada
25-     Bəzən “bədən zəkatı” kimi də ifadə edilən fitrə zəkatı, əslində yoxsulların xeyrinə tutulan adambaşına vergi növüdür. Müsəlmanlar bir aylıq orucdan sonra – bu özü də bir növ cəmiyyətin yoxsullarına yaxınlaşmaq və onların halına diqqət dərsidir – praktiki olaraq bu yolda bir addım atıb, təxminən bir-iki günlük qidalarının miqdarını möhtaclara verirlər. Bu iş zahirdə kiçik olsa da, fitrə zəkatına maddi imkanı olan kəslər haqqında dəqiq hesablamalar aparsaq, bu əməlin sayəsində cəmiyyətin məhrum təbəqəsinin ehtiyaclarının nəzərə çarpacaq həddə təmin olunduğunu görərik.
26-     “Dinimiz”, (Əsluş-şiə”) səh. 197
27-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin təfsiri, “İmam Xomeyni” şəbistanı, həzrət Məsumənin (ə) hərəmi, 27/08/2011
28-     Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin təfsiri, “İmam Xomeyni” şəbistanı, həzrət Məsumənin (ə) hərəmi, 27/08/2011
29-     Yenə orada
30-     Yenə orada

 

Nəşr tarixi: « 9/23/2016 8:44:37 PM »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Əbəlfəzlin (ə) izzət, elm və mərifətinin əzəməti

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 120