Ayətullah Məkarim Şirazinin baxışında həcc əməlinin mühüm xüsusiyyət və nişanələri
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Ayətullah Məkarim Şirazinin baxışında həcc əməlinin mühüm xüsusiyyət və nişanələri

makarem news

Xülasə:
Açar sözlər:

 Həcc səfəri həqiqətdə böyük bir hicrətdir, ilahi bir səfərdir, geniş miqyaslı özünütərbiyə və “böyük cihad” meydanıdır.

Qaynaq:
undefined
Peinevesht:


 Ayətullah Məkarim Şirazinin baxışında həcc əməlinin mühüm xüsusiyyət və nişanələri
 Həcc səfəri həqiqətdə böyük bir hicrətdir, ilahi bir səfərdir, geniş miqyaslı özünütərbiyə və “böyük cihad” meydanıdır.
Həcc əməli İslamın ən böyük vacib, ən mühüm nişanə və Allaha yaxınlaşmaq üçün ən dəyərli əməllərindən sayılır. Buna görə də – digər ibadətlər kimi – əgər möhtəşəm həcc mərasimi düzgün proqram əsasında yerinə yetirilərsə, böyük fərdi-ictimai təsirlərə malik olar. Əgər ondan düzgün istifadə olunsa, o hər il İslam cəmiyyətində yeni dəyişikliklərin mənşəyi ola bilər. (1)
Bu səbəbdən dəyərli həcc ibadətinin ən əhəmiyyətli səciyyələrinin bəyan edilməsinin vacibliyi irəli gəlir. Qeyd edilən mövzu Ayətullah Məkarim Şirazinin düşüncələrindən yararlanmaqla, həcc vacibinin mahiyyəti və bu bərəkətli ibadi əməldən müxtəlif istiqamətlərdə faydalanmaq üzrə ümumi çıxış yollarının göstərişi ünvanında bu yazıda oxuculara təqdim edilir:

Həcc əməlinin mahiyyəti haqqında
1. Həcc – İslamın əsas sütünü
Şiə aləminin fəqihi və təfsirçisi Ayətullah Məkarim Şirazi vacib həcc əməlinin mahiyyəti haqqında deyir:
Şiənin nəzərində İslamın ən böyük sütunlarından biri həccdir (2). Həcc əslində bir növ bədən və sərvətlə cihad etməkdir. Cihad həqiqi həcc olduğu kimi, həcc də mənəvi cihaddır. Bu iki islami göstərişlərin sirr və qaydalarına diqqət etdikdə onlar arasında vəhdət və uyğunluq açıq-aydın hiss olunur. (3)
2. Həccin vacib olması
Həmçinin, Məkarim Şirazi cənabları bu əməlin müsəlmanlara vacib olmasının şərtləri haqqında deyir:
“Həddi-büluğ” və “ağıl” kimi ümumi və “imkan və qüdrət” (pul, minik, sağlamlıq, yolun əmin-amanlığı) kimi xüsusi şərtlərin hər ikisi hasil olduqda, həcc əməli insana bütün ömür boyu cəmi bir dəfə vacib olur. Əlbəttə, bu vacibi təxirə salmaq olmaz, şərtlər gerçəkləşən kimi dərhal onu yerinə yetirmək lazımdır. (4)
3. Həcc – Allah bəndələrinin bərabərlik simvolu
Ayətullah Məkarim Şirazi bu mühüm vacib əməl haqqında deyir:
Həcc mərasimi cəm şəklində yerinə yetirilən ibadətlərdəndir. Bu əməl tam təvazökarlıqla yalnızca iki hissədən ibarət sadə parçaya bürünməklə başlayır və Allah bəndələrinin onun dərgahında bərabərliyinin nişanəsidir. Bu, insanın böyük amallarından biridir və bir gün bütün insanların xurafat əsasında yaranan üstünlüklərinin amillərindən sayılan irqçilik, dil, rəng və sərvəti kənara qoyaraq hamılıqla birlikdə özünü Allah qarşısında bərabər görməsi üçündür. Həcc əməli bu hədəfi gerçəkləşdirən ibadətlərdəndir və imanlı şəxslərin ictimai imtiyazları özlərinə üstünlük hesab etməmələrinə səbəb olur. (5)
4. Həzrət İbrahimin (ə) həcc əməlinin nəzəri və elmi aspektləri
Həcc səfəri həqiqətdə böyük bir hicrətdir, ilahi bir səfərdir, geniş miqyaslı özünütərbiyə və “böyük cihad” meydanıdır. (6). Həcc mərasimi əslində həzrət İbrahim (ə) və oğlu İsmayıl (ə) ilə həyat yoldaşı Hacərin göstərdikləri səy və təlaşları xatırladan bir ibadətə işarə edir. Əgər biz həccin sirlərini araşdırdıqda bu məqamı nəzərə almasaq, bu əməlin bir çox hissələri müəmma olaraq qalacaq. Biz bu müəmmanı bu dərin bağlılığa diqqət etməklə həll edə bilərik. (7)
Biz Mina səhrasında qurbangaha gələndə həzrət İbrahimin (ə) “qurbankəsmə” hadisəsini xatırlayırıq; o həzrət (ə) ən əziz balasını, ömrünün ən şirin bəhrəsini bu səhrada Allah yolunda qurban verdi və sonralar Minada qurbanlıq ənənəsi yarandı və biz bununla bu əməlin fəlsəfəsini anlayırıq.
“Cəmərat”a gedəndə – hacıların həcc mərasimində xüsusi 3 daş sütunu daşlaması və hər dəfə xüsusi qaydada 7 daş atmaları – bunların tövhid qəhrəmanı həzrət İbrahimin (ə) şeytanın vəsvəsələri ilə mübarizəsi olduğunu xatırlayırıq. Şeytan üç dəfə həzrət İbrahimin (ə) qarşısına çıxaraq onu bu “böyük cihad” meydanında qərarından çəkindirmək və şübhəyə salmaq istəyirdi. Amma həzrət İbrahim (ə) hər dəfə onu daşla vuraraq yolundan kənarlaşdırdı.
Səfa və Mərvəyə gələndə, görürük ki, bir qrup insan bu kiçik dağdan o biri kiçik dağa tərəf hərəkət edir və bunu təkrarlayır. Bəzən qaçır, bəzən də yeriyirlər... Biz bununla o imanlı qadının Hacərin südəmər körpəsi İsmayılı (ə) o quru və isti səhrada susuzluqdan qurtarmaq üçün bu iki dağ arasında o tərəf-bu tərəfə qaçmasını xatırlayırıq. O, su tapmaq üçün o tərəf-bu tərəfə dəfələrlə qaçdıqdan sonra Allah-taala onu istədiyinə çatdırdı. Körpəsinin ayağı altından Zəmzəm suyu qaynadı. Biz bunu xatırlamaqla zamanı keçmişə qaytarmış olur və özümüzü bir an Hacərin yanında görür, onun bu həyəcanına şərik oluruq. Bu da Allah yolunda zəhmət çəkmədən, səy göstərmədən nəticəyə çatmağın mümkün olmadığına bir işarədir. Qeyd olunanlardan belə nəticə alırıq ki, həcc bu rəmzlərlə təlim verilməlidir və həcc əməlini həzrət İbrahim (ə), oğlu İsmayıl (ə) və həyat yoldaşı Hacərin əməllərini anbaan xatırlamaqla, yaşamaqla yerinə yetirməliyik. Bununla da həm onun fəlsəfəsini dərk edilsin, həm də həccin dərin əxlaqi təsirləri hacıların qəlbində iz qoysun. Bu təsirlər olmasa, həcc sadəcə zahiri hərəkətlər məcmusundan ibarət olacaq. (8)
5. Həcc hökmlərinin təfsirində bir sıra incə məqamlar
Məkarim Şirazi cənabları həcc hökmlərinin təfsirində bir sıra incə məqamlara işarə edərək buyurur:
Allah-taala Quranda “Bəqərə” surəsinin 197-ci ayəsində həcc hökmləri haqqında ciddi əmrlər verir.
الْحَجُّ أَشْهُرٌ مَعْلُوماتٌ فَمَنْ فَرَضَ فيهِنَّ الْحَجَّ فَلا رَفَثَ وَ لا فُسُوقَ وَ لا جِدالَ فِي الْحَجِّ وَ ما تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللَّهُ وَ تَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوي‏ وَ اتَّقُونِ يا أُولِي الْأَلْبابِ
“Həcc (mövsümü) məlum olan aylardır. Həcci özlərinə vacib edənlərə (və ehram bağlayanlara) həccdə yaxınlıq (cinsi əlaqə), günah və faydasız söhbət (cədəl) etmək qadağandır. Allah etdiyininz yaxşı və xeyirli əməlləri bilir. Azuqə (tədarük) hazırlayın, həqiqətən də ən gözəl azuqə təqvadır, məndən qorxun ey ağıl sahibləri!”
1.    İlk olaraq buyurur:
"الْحَجُّ أَشْهُرٌ مَعْلُوماتٌ..."
“Həcc (mövsümü) məlum olan aylardır...”
Bu aylarda məqsəd şəvval, zilqədə və zilhiccə aylarıdır.
2.    Daha sonra başqa bir əmr edir; həcc əməlinə ehram bağlayaraq başlayanlar haqqında buyurur:
...“فَمَنْ فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلا رَفَثَ وَ لا فُسُوقَ وَ لا جِدالَ فِي الْحَجِّ”...
“...həcci özlərinə vacib edənlərə (və ehram bağlayanlara) həccdə yaxınlıq (cinsi əlaqə), günah və faydasız söhbət (cədəl) etmək qadağandır...”
Bununla həcc mühiti cinsi əlaqədən, günahdan, faydasız söz-söhbətlər və mübahisələrdən uzaq olmalıdır, çünki ora elə bir mühitdir ki, insan ondan qüvvət almalı, bir dəfə də olsa maddi dünyadan uzaqlaşmalı və diqqətini fövqəltəbii aləmə yönəltməlidir. Eyni halda da, müsəlmanlar arasında mehribanlıq, birlik, vəhdət və qardaşlıq möhkəmlənməlidir və bunların əksinə olan hər bir əməl qadağandır.
3.    Yeni mərhələdə həccin mənəvi cəhətlərinə – ixlas və saflığa aid məsələlərə işarə edərək buyurur:
... “وَ ما تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللَّهُ”...
“...Allah etdiyininz yaxşı və xeyirli əməlləri bilir...”
Bütün bu xeyir işlərin Yaradanın hüzurunda yerinə yetirilməsi çox fərəhləndirici bir haldır (9).
Daha sonra buyurur:
...“وَ تَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوى‏ وَ اتَّقُونِ يا أُولِي الْأَلْبابِ”
“...Azuqə (tədarük) hazırlayın, həqiqətən də ən gözəl azuqə təqvadır, məndən qorxun ey ağıl sahibləri!”
Bu cümlə həcc səfərində mənəvi azuqələr hazırlamaq üçün çoxlu vasitələrin olduğuna incə şəkildə işarə edir və bu, diqqətdən yayınmamalıdır. Ayıq və dinamik düşüncəli insanlar bu bənzərsiz və mənəvi səfərdən bir ömürlük azuqə götürə bilərlər. (10)
Həcc əməlinin müxtəlif mənəvi cəhət və məqamlara malik olduğu inkarolunmazdır, lakin bu mühüm vacib əməlin ibadi-mənəvi, siyasi, ictimai, mədəni, əxlaqi və iqtisadi xüsusiyyətləri haqqında məlumat əldə etmək Ayətullah Məkarim Şirazinin dərin fikirləri sayəsində mümkündür. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:

Həccin ibadi-mənəvi xüsusiyyətləri:
1. Təqva və ixlasın möhkəmləndirilməsi
Ayətullah Məkarim Şirazi həccin mühüm ibadi-mənəvi xüsusiyyətlərini şərh edərkən “nəfsin tərbiyəsi”, “əxlaqın saflaşdırılması” və “təqvanın köklərinin möhkəmləndirilməsi”ni onun ən əsas fəlsəfəsi hesab edir və deyir:
Həccin ən mühüm fəlsəfəsini təşkil edən ibadi və əxlaqi cəhətlərində nəfsin təbiyəsi, əxlaqın saflaşdırılması, təqva və ixlasın möhkəmləndirilməsi məsələsi yer alır (11). Hədislərdə qeyd olunan məşhur bir ibarədə deyilir: “Allah evini (ixlasla, təqva ilə, onun sirlərinə riayət edərək) ziyarət edən şəxs, dünyaya gələn zaman anasından pak doğulduğu kimi eləcə də günahlardan təmizlənər (12). Bu, həccin ruha və cana təsir qoyduğuna açıq-aydın dəlildir, onu bütün çirkinliklərdən paklayır və bir ömür qəlbə çökmüş günahın təsirlərini aradan qaldırır. Bu, Allah evini ziyarət edənlər üçün ən böyük faydadır. (13)
2. Həcc, yeni bir doğuluşdur!
Məkarim Şirazi cənabları həcci möminlər üçün yeni həyat kimi təqdim edir:
İmanlı şəxslər atdıqları hər addımda Allaha daha da yaxınlaşır, həqiqi məbud və məhbubun hər yerdə hazır olduğunu müşahidə edirlər. Həqiqətən də həcc, yeni bir doğuluşdur. Həcci bütün varlıqları ilə yaşayanlar onun mənəvi təsirlərini ömürlərinin sonuna qədər qəlblərində hiss edirlər və bəlkə də elə buna görədir ki, həcc bütün ömür boyu sadəcə bircə dəfə vacib olur. (14)
Xususil də, diqqət etməliyik ki, həcc mərasiminin hər addımında bütlərlə mübarizə aparan İbrahimi (ə), “qurbanlıq” İsmayılı (ə) və anası Hacəri yada saldıqda, onların fədakarlıqları anbaan insanın gözü önündə canlanır. Məkkə şəhəri, Məscidul-həram və Kəbə evi İslam Peyğəmbəri (s), onun böyük rəhbərləri və ilk müsəlmanları xatırladır və bu əxlaqi inqilab daha da dərinləşir. İnsan Məscidul-həram və Məkkə torpaqlarının hər tərəfində Rəsulullahın (s), həzrət Əlinin (ə) və digər imamların (ə) xatirəsini müşahidə edir və onların qəhrəmancasına fəryadlarını eşidir.
Bunların hamısı əl-ələ verib hazır olan qəlblərdə əxlaqi bir inqilaba zəmin yaradır və insan həyatını vəsfolunmaz şəkildə dəyişdirir, onun həyatında yeni bir səhifə açır. (15)

Həccin əxlaqi xüsusiyyətləri:
1. Əxlaqi çevriliş
Ayətullah Məkarim Şirazinin bəyanında həccin ən mühüm fəlsəfəsi onun insanda yaratdığı əxlaqi çevrilişdir. “Ehram” bağlama mərasimi insanı ümumiyyətlə maddi bağlılıq, zahiri fərqlənmələr, qızıl-gümüş və bər-bəzəkli geyimlərdən uzaqlaşdırır. Ehram bağlayan şəxsə ləzzətli şeyləri haram etməklə, onu özünüdüzəltməyə yönəldir. Onu maddi aləmdən çıxararaq nur, mənəviyyat və saflıq dolu bir aləmə salır. Adi vəziyyətdə yalançı üstünlük, vəzifə və medalların qürurunu hiss edənlərin çiyinlərindəki bu ağır yükləri birdən-birə yüngülləşdirir və onları bu yüklərdən azad edərək rahatlandırır. Ona görə ki, həcc qürur, təkəbbür və xudbinlik libasını insan bədənindən çıxarır, ona təvazökarlıq və ixlas dərsi öyrədir. (16)
2. Nəfslə mübarizə
Məkarim Şirazi cənabları, Allah evinin ziyarətçilərinə nəsib olan həcc mərasiminin əxlaqi təlimlərinin misilsiz təsirləri haqqında buyurur:
Həcc kimi mərasimlər əslində insanın nəfs və şeytani vəsvəsələrlə mübarizə aparması üçün təyin edilmişdir. Əgər bu mərasim rahat və gözəl mənzərəli bir yerdə təşkil olunsa, bu mübarizə o qədər də təsirli olmayacaq. Amma əgər bu mərasim zəhmət və məşəqqətə qatlanmaqla, sadə bir məkanda, susuz bir səhrada olarsa şeytani vəsvəsələr və nəfsi istəklər fəaliyyətə başlayar. Elə bu zaman mübarizə meydanı qızışar, imanlı bəndələr güclənər və onlarda həccin tərbiyəvi təsirləri aşkar olar. (17)

Həccin siyasi yönləri:
1. Müsəlmanların birliyi həcc əməlində ən əsas faktordur
Məlumdur ki, İslam ümmətinin birliyinin gücləndirilməsi inkarolunmaz bir həqiqətdir. Buna görə də mənəvi və siyasi həcc mərasimindən faydalanmaqla müsəlmanların birliyi məsələsində misilsiz bərəkətlər, nailiyyətlər əldə edə bilərik. Məkarim Şirazi cənablarının düşüncəsində də bu məsələ həcc əməlində aparıcı rol oynayır: “İbadət ruhu Allaha, siyasət ruhu isə cəmiyyətə diqqət etməkdir. Bu iki məsələ həcc mərasimində bir-birinə çox bağlıdır və bu səbəbdən vacib həcc əməli müsəlman sıralarının möhkəmlənməsi və birliyində təsirli bir amildir. (18)
Vacib həcc əməli milli təəssübkeşlik, irqçilik və coğrafi sərhədlərdə məhdudlaşmağa qarşı mübarizə amilidir. (19)
İslami qaynaqlarda həcc zəif və gücsüz insanların cihadı hesab olunur. Bu elə bir cihaddır ki, hətta qoca kişi və qadınlar da bu mərasimdə iştirak etməklə İslam ümmətinin əzəmət və şövkətini nümayiş etdirir. Həmçinin Allah evinin ətrafında namaz qılanların sıx sıraları, vəhdəti və “Allahu əkbər” şüarı İslam düşmənlərini lərzəyə salır (20). Buna görə də həcc mərasimi müsəlmanların birliyinə və İslamın güclənməsinə səbəb olur. (21)
2. Möhtəşəm həcc toplantısı İslam ümmətinin ən böyük birliyidir
Məkarim Şirazi cənabları həcc mərasimini İslam ümmətinin toplantısına bənzədərək, onun misilsiz nəticələri haqqında deyir:
İslamı gətirən, siyasi qanunlar hazırlamaqla və Məkkədə illik toplantının təşkil olunmasına dəvətlə öz dininin yaşaması və toxunulmazlığına zəmanət vermişdir. Təbii ki, bu möhtəşəm toplantı dünyanın siyasi təşkilatlarının hər il təşkil etdiyi konqreslərin təsirlərindən daha böyük təsirlərə malik olacaqdır. (22) Amma siyasətçilər bu cür məsələlərə yalnız müasir dövrlərdə diqqət yetiriblər, halbuki İslam onun layihə və proqramını 14 əsr öncə verib və ondan lazımi nəticələr almışdır. Təbii ki, İslam mütəfəkkirləri qeyd olunan yığıncaqda iştirak edəcəklər. Onlar bu yığıncaqda İslam aləmində baş verən son dəyişikliklər barədə araşdırmalar aparıb dəqiq məlumatlar topladıqdan və fikir mübadiləsindən sonra müsəlmanların vəziyyətinin yaxşılaşması sahəsində çalışa bilərlər. Həmçinin İslam məmləkətlərini azadlığa və müstəqilliyə zidd amillərdən təmizləyib müsəlmanların bütün sahələrdə inkişafına kömək edə bilərlər. (23)
Hansı yığıncaq müsəlmanlar arasında ən böyük birlik və bağlılıq yaratmaqda, İslam rəhbərlərini bir-birinin halından xəbərdar etməkdə bu mərasimdən daha faydalı ola bilər?! (24)
Buna görə də hər il keçirilən möhtəşəm həcc mərasimi həmişə azadlıqsevər hərəkatlara, zülm və təcavüzkalıq zəncirlərini qırmaq üçün böyük inqilablara ilham pərisi olub. Bu nöqtə İslam tarixi və İslam övladlarının inqilablarına müraciət etdikdə, daha aydın görünür, çünki zalım hakimiyyətləri devirmək üçün baş verən bir çox İslam inqilablarının təməli həcc mərasimi günlərində atılırdı. Bu müqəddəs torpaqlar həmişə bu cür müstəqilliklərin ihlam qaynağı olmuşdur. (25)
Bu böyük islam mərasim İslamın əsaslarını möhkəmləndirib, müsəlmanların güc və qüdrətini nəzəri, elmi, mədəni, hərbi, siyasi və digər sahələrdə artırır. (26)
3. İslam ümmətinin izzəti
Məkarim Şirazi cənabları həcc mərasiminin müsəlmanların izzət və əzəmətində misilsiz təsirləri haqqında deyir:
Əgər həcc mərasimi İslamın dediyi kimi yerinə yetirilsə və insanlar həzrət İbrahimin (ə) dəvət etdiyi kimi dəvət olunsa, bu, müsəlmanların izzətinə, dinin sütunlarının möhkəmlənməsinə, birliyə, düşmən qarşısında qüdrət və şövkətə, müşriklərə etiraza və onlardan qurtuluşa səbəb olar. Hər il Allah evinin kənarında keçirilən bu böyük yığıncaq müsəlmanların bir il ərzində öz qüvvələrini yeniləmək, aralarında qardaşlıq bağlarını möhkəmləndirmək, İslam düşmənlərinin hiylə və planlarını alt-üst etmək üçün ən gözəl fürsətdir. (27)
4. Həcc – Müstəmləkəçilərə qarşı ən əsas faktor
Birlik və izzətin gerçəkləşməsindən sonra həccin siyasət aləmindəki təsir və faydaları zülmə qarşı çıxmaqla sona çatmalıdır. Buna görə də Məkarim Şirazi cənabları bu məsələnin izahında buyurur: Həcc, nəzarət və senzuraları aradan qaldırmaq, İslam ölkələrinə qarşı aparılan hərbi əməliyyatların qarşısını almaq və onları məhv etmək üçün bir vasitədir. (28)
Həcc, İslam ölkələrinin siyasi xəbərlərini hər yerə çatdırmaq, əsirlik, müstəmləkə və zülm zəncirlərini qırmaq və müsəlmanların azadlığını təmin etmək üçün bir vasitədir. (29)
Elə buna görə də həzrət Əli (ə) vacib əməl və ibadətlərin fələsəfəsini açıqlayarkən həcc haqqında buyurur:
“الحج تقوية للدين”
“(Allah-taala) həcc mərasimini İslam dininin gücləndirilməsi üçün təyin edib.” (30)
Həmçinin məşhur siyasətçilərindən birinin belə bir mənalı (eyhamlı) cümləni deməsi yersiz deyil: “Vay olsun müsəlmanların halına, əgər həccin mənasını anlamasalar, vay olsun onların düşmənlərinin halına, əgər həccin mənasını dərk etsələr!” (31)
Yüksək mənəvi stimullarla dolu olan bu geniş və beynəlxalq yığıncağın dünyada tayı-bərabəri yoxdur. Amma təəssüflər olsun ki, müsəlmanlar həccin əzəmətli qüdrətini hələ də dərk etməyiblər. Əks halda, hər il həcc sayəsində İslama ən böyük xidmət edə və küfr dünyasına da ən böyük zərbə vura bilərdilər. (32)

Həccin iqtisadi yönləri:
1. Həcc və müştərək islami bazarın yaradılımasının zəruriliyi
İslam ümmətinin iqtisadiyyatının göcləndirilməsi onun izzətinin daha da artmasında aparıcı amillərdən biridir. Buna görə də əzəmətli həcc toplantısı bu zəmində layiqincə rol oynaya bilər. Bu mühüm sahənin gerçəkləşməsi də İslam ölkələrinin bəsirətindən asılıdır. Lakin təəssüflər olsun ki, zahirdə İslam ölkəsi olan bəzi dövlətlərin xəbərsizliyi və qəfləti sayəsində həccin iqtisadi fəlsəfəsinə diqqət olunmur. Amma Ayətullah Məkarim Şirazinin dərin baxışı, İslam ümmətinin iqtisadiyyatının gücləndirilməsində həcc mərasiminin böyük rolu olduğuna təkidi və bu sahədə dəyərli məsləhətlər verməsi İslam ümmətinin gələcək taleyi haqqında mərcəiyyətin dərin bilgisi, bəsirəti və narahatçılığından xəbər verir. Buna görə də Məkarim Şirazi cənabları buyurur:
Bəzilərinin düşündüyünün əksinə olaraq, İslam ölkələrinin iqtisadiyyatının gücləndirilməsində əzəmətli həcc mərasimindən istifadə etmək həccin ruhu ilə zidd deyil, əksinə hədislərə uyğun olaraq onun fəlsəfələrindən birini təşkil edir. (33)
Buna görə də, müsəlmanların o böyük yığıncaqda müştərək İslam bazarının bünövrəsini qoymalarının və mənfəətin düşmənlərin cibinə axmaması, iqtisadiyyatlarının əcnəbilərdən asılı olmaması üçün öz aralarında ticarət əlaqələri yaratmalarının nə eybi var?! Bu, dünyapərəstlik deyil, əksinə, ibadət və cihadın eynilə özüdür. (34) Belə ki, həccin iqtisadi fəlsəfəsinə İslam hədislərində də işarə olunur: “Həcc müsəlmanların iqtisadi qüdrətini artıra və maliyyə sıxıntılarından qurtara bilər.”
2. Böyük həcc toplantısı – İslam ümmətinin ümumi iqtisadiyyatının gücləndirici amili
Ayətullah Məkarim Şirazi İslam ölkələrinin iqtisadiyyat sahəsində dəyirmi masalar keçirilməsinin, İslam iqtisadiyyatı haqqında fikir və ideyalar mübadiləsi aparmağın zəruriliyinə təkid edərək buyurur:
İslam hədislərində həccin sirr, fəlsəfə və hədəflərindən biri də onun “iqtisadi” cəhəti hesab olunur. Sual oluna bilər ki, həccin iqtisadi məsələlərlə nə əlaqəsi var?
Müsəlmanların bu gün ən mühüm problemi onların İslam düşmənlərinə iqtisadi asılılıqlarıdır, əgər həcc mərasimi zamanı İslam aləminin iqtisadiyyatçıları tərəfindən böyük konqreslər keçirilərək müsəlmaları bu cəhətdən müstəmləkəçilikdən azad edə biləcəklərini nəzərə alsaq, bu məsələnin əhəmiyyəti daha da aydınlaşır. (35)
Buna görə də müsəlmanların dünyanın müxtəlif məntəqələrindən Allah evinə tərəf səfərə çıxması və o əzəmətli islami yığıncağını təşkil etməsi İslam cəmiyyətində ümumi iqtisadi inqilab üçün bir əsas ola bilər. Amma bu şərtlə ki, həcc mərasimindən sonra, yaxud da öncə müsəlman mütəfəkkirləri bir yerə yığılıb həmkarlıq edərək İslam cəmiyyətinin iqtisadiyyatının möhkəm bünövrəsi üçün proqram hazırlasınlar. Onlar düzgün ticarət əlaqələri qurmaqla elə bir iqtisadi qüvvə yarada bilərlər ki, düşmənə ehtiyac qalmaz. (36)
Vurğulanan xüsusiyyətlərlə bu ticari əlaqələrin özü İslam cəmiyyətinin düşmənlər qarşısında güclənməsinin amillərindən biridir, şünki bilirik ki, heç bir millət iqtisadi qüdrəti olmadıqca tam azadlığa nail ola bilməz. Amma onu da unutmamalıyıq ki, ticari əlaqələr həccin ibadi və əxlaqi cəhətləri çərçivəsində olmalıdır. Sevindirici haldır ki, müsəlmanların həcc mərasimindən öncə, yaxud da sonra bunun üçün kifayət qədər vaxtları olur. (37)
Buna görə də etiraf etməliyik ki, müsəlmaların bu gün ən təhlükəli problemi onların düşmənlərdən iqtisadi asılılıqlarıdır. Həcc mərasimi ilə yanaşı ilahi bir ibadət ünvanında müsəlmanları fəqirliyin caynağından və düşmənlərdən asılılıqdan xilas etmək üçün, İslam aləminin iqtisadiyyatçıları tərəfindən böyük konqreslər və seminarlar keçirilməsinin, İslam aləminin iqtisadi problemləri haqqında düşünməyin və yaradıcı planlar hazırlamağın nə eybi var? Bu məsələ şəxsi xarakter daşımır ki, dünyapərəstlik mənası versin, əksinə məqsəd bütün İslam dünyasının güclənməsi, fəqirlikdən qurtulması və müsəlmanların əzəmətinə xidmət edilməsidir. (38)

Həccin ictimai yönləri:
1. Həcc və sekulyar İslamın inkar olunması
Həccin faydalarından biri kimi bu əməlin müştərək islami dəyərlərdən qaynaqlanan ictimai bağlılığının güclənməsindəki misilsiz rolunu göstərmək olar. Məkarim Şirazi cənabları bu haqda buyurur:
Həcc kimi İslam ibadətləri elə bir sirlərə malikdir ki, onun faydası birbaşa ibadət edənin özünə, yaxud da cəmiyyətə qayıdır (39). Ancaq, həcc tamamilə ictimai yönə malikdir və bu cəhətinə görə bütün ibadətlərdən üstündür. (40)
Məlumdur ki, İslam ictimai bir dindir. Buna əsasən də cəmiyyət əsasdır, fərd isə cəmiyyətə qarışmalıdır və ikinci dərəcədə gəlir. Evdə ibadət etdikdə daha çox qəlbi aramlıq (hüzuri-qəlb) tapacaqlarını güman edənlər və bu bəhanə ilə məscid və cəmiyyətdən uzaq duranlar yanılırlar. Buna görə də namazda əvəzliklərin çoxu cəm əvəzliyidir. Misal olaraq “ايّاكَ نَعْبُدُ” – “Yalnız sənə ibadət edirik!”, “وَايَّاكَ نَسْتَعينُ” – “Və yalnız səndən kömək istəyirik!”, “اهْدِنَا الصِّراطَ الْمُسْتَقيمِ” – “Bizi düzgün yola hidayət et!” ibarələrini göstərmək olar. (41)
Həcc – İslam cəmiyyətində qəlblərin birləşməsi və barışması rəmzi
Ayətullah Məkarim Şirazi İslam ümmətinin birləşməsində, İslam cəmiyyətində bir sıra çətinliklərin həll olunmasında və kin-küdurətlərin aradan qaldırılmasında həccin böyük rolu haqqında buyurur:
İslam nəzərində ictimai məsələlər o qədər əhəmiyyətlidir ki, onun kənarında müsəlmalar arasında birliyə kömək edə biləcək hər bir şey bəyənilir, ixtilaf və ayrılığıa səbəb olan şeylərsə bəyənilmir. Buna əsasən, insanları barışdırmaq, aralarında mehribanlıq yaratmaq o qədər əhəmiyyətlidir ki, ön cəbhədə cihad etməyə bərabər sayılır. (42)
Qeyd olunanlara əsasən, İslam təlimlərinin əsasının ictimailik və cəmiyyət üzərində qurulduğu məlum olur. Yəni İslam, cəmiyyəti əsas hesab edir və fərdlər isə cəmiyyətdə formalaşırlar. Buna görə də görürük ki, İslamda ibadət cəm formasındadır, həccin ruhu da camaatladır. Birliyə zərbə vuran və cammatı süstləşdirən hər bir şey qadağandır. Söz gəzdirmək, qeybət, töhmət və böhtan əlaqələləri kəsir. İnsanların arasını düzəltmək, həmkarlıq və camaatın ehtiyaclarını təmin etmək bəyənilir, çünki bu kimi amillər bağlılığa səbəb olur. (43)
Son söz
Sonda qeyd etməliyik ki, ibadətin zahiri ilə yanaşı onun ruhuna da diqqət etmək lazımdır, çünki bunları bir-birindən ayıranlar yanılırlar. Həccin maddi yönü ehram bağlamaq, ərəfat və məşərdə dayanmaq, Mina əməlləri, təvaf, Səfa və Mərvə dağı arasında hərəkət etmək, saçı vurdurmaq və s. əməllərdir. Ruhu isə hacının Məkkədən qayıtdığı zaman yeni bir insan olmasıdır. Özü ilə külli miqdarda pul apararaq Çin, Amerika və İzrailin istehsal etdiyi əşyalar və hədiyyələr alaraq özü ilə gətirməsi həccin fəlsəfəsi ilə uyğun gəlmir. Həccin mənəvi yönü insanın ruhunda dəyişiklik və inqilabın baş verməsi, Həzrət Rəsulullahın (s) qoyduğu nişanələri, əsərləri, xatirələri müşahidə və İslamın Məkkə-Mədinədəki canlı tarixini mütaliə etməsidir. Həmçinin mənəvi seyr ilə İslam tarixinin qəlbinə – Peyğəmbər (s) dövrünə səfər etməsi, Peyğəmbərin (s) yalnızca Xədicə (ə) və həzrət Əli (ə) ilə müşriklər və İslam düşmənlərinin gözü önündə Allahın əbədi zatı qarşısında necə namaza durduğunu və Allahın razılığından başqa heç bir şey haqqında düşünmədiyini qəlb gözü ilə görməsidir. (44)
Buna görə də həccin ruh və fəlsəfəsinə nail olmaq, xüsusilə də həccin əxlaqi təlimlərini əldə etmək üçün o müqəddəs yerlərdə hədiyyə adlı kabusdan uzaq durmaq lazımdır, çünki bu, bəzi hacıları rahat buraxmır, onların vaxtını bazarlarda və mağazalarda alır. Onlar bu müqəddəs məkanda öz vətənlərində tapa bilmədikləri şeylərlə maraqlanmalı olduqları halda, təəssüflər olsun ki, vaxtlarının çoxunu öz bazarlarında dolu olan əşyalara sərf edirlər. Bu yanlış mədəniyyəti aradan qaldırmaq üçün bir şey düşünmək lazımdır ki, bu xəstəlik həccin əxlaqi fəlsəfəsinin mahiyyətini azaltmasın. (45)

Araşdırma, hazırlanma və tərtibat mərkəzi: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi

1.    “Hidayət nurları”, əxlaq mövzuları toplusu, səh. 401.
2.    “Bizim ayinimiz” (“Əsluş-şiə” kitabının tərcüməsi), səh. 201.
3.    Yenə orada.
4.    Yenə orada.
5.    “Dini suallara cavab”, səh. 288.
6.    Məkarim Şirazi, “Nümunə” təfsiri, c. 19, səh. 125.
7.    Yenə orada.
8.    “Nümunə” təfsiri, c. 19, səh. 127.
9.    “Nümunə” təfsirindən seçmələr, c. 1, səh. 180.
10.    Yenə orada.
11.    “Əmirəl-möminin Əlinin (ə) mesajları”, c. 1, səh. 261.
12.    “Biharul-ənvar”, c. 99, səh. 26.
13.    “Əmirəl-möminin Əlinin (ə) mesajları”, c. 1, səh. 261.
14.    “Əmirəl-möminin Əlinin (ə) mesajları”, c. 1, səh. 262.
15.    “Nümunə” təfsiri, c. 14, səh. 76.
16.    “Əmirəl-möminin Əlinin (ə) mesajları”, c. 7, səh. 426.
17.    “Əmirəl-möminin Əlinin (ə) mesajları”, c. 7, səh. 430.
18.    “Hidayət nurları”, əxlaq mövzuları toplusu, səh. 403.
19.    Yenə orada
20.    “Hidayət nurları”, əxlaq mövzuları toplusu, səh. 404.
21.    “Əmirəl-möminin Əlinin (ə) mesajları”, c. 7, səh. 422.
22.    “Dini suallara cavab”, səh. 289.
23.    “Dini suallara cavab”, səh. 289.
24.    Yenə orada.
25.    “Dini suallara cavab”, səh. 290.
26.    “Zəhra (s.ə) – dünyanın ən üstün xanımı”, səh. 170.
27.    “Tövhid qəhrəmanı”, həzrət İbrahim (ə) haqqındakı ayələrin təfsiri, səh. 181.
28.    “180 sual və cavab”, səh. 437.
29.    Yenə orada.
30.    “Nəhcül-bəlağə”, 252-ci hikmət.
31.    “180 sual və cavab”, səh. 437.
32.    “Əmirəl-möminin Əlinin (ə) mesajları”, c. 1, səh. 262.
33.    “Hidayət nurları”, əxlaq mövzuları toplusu, səh. 405.
34.    “Hidayət nurları”, əxlaq mövzuları toplusu, səh. 405.
35.    Həccin bu 4 fəlsəfəsi İmam Rzadan (ə) nəql olunan bir hədisdə gəlmişdir, (“Vəsailuş-şiə”, c. 8, səh. 7, hədis:15.)
36.    “Nümunə” təfsiri, c. 2, səh. 57.
37.    “Nümunə” təfsiri, c. 2, səh. 57.
38.    Hişam ibn Həkəmin İmam Sadiqdən (ə) nəql etdiyi bir hədisdə bu 4 fəlsəfəyə ümumi şəkildə işarə olunub (“Vəsailuş-şiə”, c. 8, səh. 9.). Həccin fəlsəfəsi haqqında daha geniş məlumat üçün “Nümunə” təfsirinin 14-cü cildinə müraciət edə bilərsiniz.
39.    “Dini suallara cavab”, səh. 290.
40.    “Quranda əxlaq”, c. 3, səh. 452.
41.    “Tövhid qəhrəmanı”, həzrət İbrahim (ə) haqqındakı ayələrin təfsiri, səh. 178.
42.    “Tövhid qəhrəmanı”, həzrət İbrahim (ə) haqqındakı ayələrin təfsiri, səh. 178.
43.    “Məsumların sözləri”, c. 2, səh. 77.
44.    “Səndən soruşurlar”, səh. 53 (Həzrət Rəsuldan (s) Quranla bağlı soruşulan suallar toplusu).
45.    “Quranın mənadolu andları”, səh. 163.

 

Nəşr tarixi: « 9/23/2016 8:04:38 PM »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin kəlamında Aşura qiyamının təsir və nəticələri

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura günündə İmam Hüseyn (ə) şəhidliyinin semiotikası

Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Əbəlfəzlin (ə) izzət, elm və mərifətinin əzəməti

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 114